Məhkəmə qərarları › İş №2-1(118)-298/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-298/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-298/2021 01.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Quba rayonu, Ağbil kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN 227 kod 30311048 saylı dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya və onun ailə üzvlərinə məxsus Ağbil kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılan 2.25 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək JN 227 kod 30311048 saylı dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 15.04.2021-ci il tarixli, 2-1(118)-298/2021 saylı qərardadı ilə X6, X8, X13, X9 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, mərhum anası X1, ona və onun ailə üzvlərinə Ağbil kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün JN - 227 saylı 30311048 kod altında 2.25 ha torpaq sahəsi verilmişdir. Bu barədə ona Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkrnə Komitəsi Quba şöbəsi tərəfindən JN-227 kod 30311048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Anası M.İsayeva 2004-cü ildə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dövlət aktı Dövlət Torpaq və Xəritəçəkrnə Komitəsinin elektron baza xəritəsinə işlənilməmişdir. Hazırda torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədikdə ona imtina cavabı verilir. Belə ki, cavabdeh Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən yanlışlıq aradan qaldıra bilmir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxslər məhkəmə iclasında çıxış etmək səlahiyyətini etibarnamə əsasında iddiaçıya vermişlər . Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququn dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. İddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. İş materiallarında olan : - “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” JN-227 KOD 30311048 görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 09 fevral tarixli 03 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 2.25 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 və onun ailə üzvlərinə verilmişdir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********84 saylı 02.06.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının və ailə üzvlərinin adına olan JN-227 KOD 30311048 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. -ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********65 saylı 10.08.2017-ci il tarixli məktubundan görünür ki, iddiaçının mərhum anası X2 JN-227 (kod: ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə verilmiş pay torpaq sahəsinin bir hissəsinin kənd sakini X3 tərəfindən zəbt edilməsi və ona verilmiş torpaq sahəsinin plan cizgilərində saxtakarlıq yolu ilə dəyişikliklərin edilməsi ilə əlaqədar məsələnin araşdırılmasına köməklik göstərilməsi barədə 28.07.2017-ci il tarixli müraciətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xdmətində baxılmışdır. Arxivdə və mövcud elektron kadastr məlumat bazasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Quba rayonu keçmiş “Gülüstan” sovxozunda torpaq islahatının aparılması ilə bağlı yerli və rayon aqrar islahatı komissiyalarının müvafiq qərarları əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazinin bölgü layihəsi tərtib edilmiş və “Torpağa müikiyyət hüququna dair Dövlət aktı” hazırlanaraq vətəndaşlara verilmişdir. Bundan sonra keçmiş “Gülüstan” sovxozunun yerli aqrar islahatı komissiyasının 14.04.1999-cu il tarixli 76 nömrəli qərarı ilə ərazidə və eləcə də, ona məxsus pay torpaq sahəsində qismən düzəlişlərin aparılması barədə qərar qəbul edilmiş və həmin qərar rayon aqrar islahatı komissiyasının 15.04.1999-cu ıl tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan qərarları nəzərə alaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bölgü layihəsində müvafiq dəyişikliklər aparılmışdır. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadıqda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər. - 10 dekabr 2000-ci il tarixli Quba rayon Torpaq Şöbəsinin müdiri Fazil Nuhbalayev, Quba rayon İHB-nin Vladimirovka kənd İƏD nümayəndəsi Mirzə Məmmədov, Quba rayon İH Aqrar Bölməsinin baş aqronomu Allahverdi Xudaverdiyev və İddiaçı iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin 17-10/3029 saylı 18.09.2000-ci il tarixli və 17-10/3393 saylı 18.09.2000-ci il tarixli məktublarına əsasən Ağbil kənd sakini X2 məxsus JN 227, kod 30311048 saylı Dövlət aktına əsasən Ağbil kəndində baş sxemə əsasən 327 saylı konturda yerləşən 1.0 ha torpaq sahəsi tərəflərindən mərzlər vasitəsilə İddiaçı tanıdılmışdır. Bağ sahəsi Dövlət aktında göstərilən ölçülər əsasında tanıdılmışdır. Qarşı tərəf olan Rüstəmov Böyükağa və həyat yoldaşı Rüstəmova Gülgəz və Bədəl Məmmədova sahənin tanıdılması prosesində iştirak etmək təklif olunsa da, onlar iştirak etməkdən imtina etmişlər. - X14 filialı tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 402 saylı arxiv arayışından görünür ki, Gülüstan sovxozu üzrə yerli aqrar islahat komissiyasının 14.04.1999-cu il tarixli 76 saylı və 15.04.1999 cu il tarixli 10 saylı qərarları Azərbaycan Respublikası X14 filialına təhvil verilməmişdir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********45 saylı 28.04.2021-ci il tarixli məktubundan görünür ki, Quba rayon Gülüstan sovxozu üzrə yerli Aqrar İslahat Komissiyasının 14.04.1999-cu il tarixli, 76 nömrəli və 15.04.1999-cu il tarixli 10 nömrəli qərarlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Göstərilən Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi torpaq sahəsi üzərində iddiaçının hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1 maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi isə mərhum M.İsayevanın torpq sahəsi üzərində hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Bundan başqa 2.25 ha ölçüdə torpaq sahəsinin mərhum M.İsayevayanın mülkiyyəyinə verilməsinə dair dövlət aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən qeydə alınmış və müvafiq dövlət aktı verilmişdir. Həmin orqan tərəfindən müvafiq məlumatların cavabdeh inzibati orqana təhvil verilməməsi, dövlət aktlarının qeydiyyatı kitabında və elektron baza məlumatlarında iddiaçıya satılan torpaq sahəsi barədə məlumatın aşkar edilməməsi, dövlət aktının nömrəsinin əvvəlki hüquq sahibinə verilmiş dövlət aktının nömrəsi ilə eynilik təşkil etməməsi iddiaçının təqsiri üzündən baş verməmişdir və hazırda cavabdeh inzibati orqanın bu əsasla iddiaçıya imtina cavabı verməsi əsassızdır. Cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi «torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında əks olunmaması və iddiaçının təqdim etdiyi sənədlər (dövlət aktı) barədə heç bir məlumatın aşkar edilməməsi», qeydiyyat kitablarında qeydə alınmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, elektron baza kadastr xəritə materiallarının tərtib olunması və hər hansı məlumatın həmin materiallara daxil edilməsi vətəndaşın səlahiyyəti və ya vəzifələrinə aid deyildir. Belə ki, həmin səlahiyyət “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinin tələblərinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Lakin cavabdeh qeyd olunan normaların tələblərinə əsasən həmin səhvi özü aradan qaldırmalı olduğu halda bu əsasla iddiaçıya imtina cavabı vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı 15.10.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində 02.11.2012-ci il tarixdə qeydiyyata alınaraq, 03.11.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, hazırki iş üzrə daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Sözügedən 2.25 ha ölçüdə torpaq sahəsinin Məğfurət İsayevaya məxsus olması varədə dövlət aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə isə həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, JN 227 kod 30311048 saylı 30 dekabr 1998-ci il tarixli dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN 227 kod 30311048 saylı 30 dekabr 1998-ci il tarixli dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar