Məhkəmə qərarları › İş №2-1(118)-2982/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2982/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2982/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçı doğum haqqında akt qeydində “Abbaslı” soyadının “Abbasbəyli” olması barədə düzəliş edilməsinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “doğum haqqında şəhadətnamədə onun soyadının “Abbaslı”dan “Abbasbəyli”yə düzəliş edilməsi və o cümlədən “subaylıq haqqında” arayışın “Abbasbəyli” soyadı ilə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “İddiaçı doğum haqqında akt qeydində “Abbaslı” soyadının “Abbasbəyli” olması barədə düzəliş edilməsinin Sumqayıt şəhər şəbəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, İddiaçı Cavabdehnə müraciət edərək, İddiaçı doğum haqqında akt qeydində “Abbaslı” soyadının “Abbasbəyli” olinması və subaylıq haqqında arayış almaq istəmişdir. Lakin cavabdeh qurum 18 avqust 2022-ci il tarixli məktubu ilə veriləcək soyadın yalnız “Abbaslı”dan “Abbasbəyli”yə dəyişiklik edilməsindən imtina edildiyi göstərilmişdir. Həmin imtinanı aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki; Doğum haqqında şəhadətnamədən də göründüyü kimi, soyadı “Abbasbəyli” olaraq qeyd edilir. Həmin yazıda mürəkkəb ləkəsi olduğundan şəhadətnamənin üst tərəfinə “Abbasbəyli soyadına inanılmalı” qeydi düşülərək şöbənin möhürü ilə təsdiqlənmişdir. Üstəlik həm şəxsiyyət vəsiqəsində, həm də xarici pasportunda soyadının “Abbasbəyli” olaraq qeyd olunur. Bundan başqa təhsil aldığı bütün təhsil müəssisələrində - ibtidai məktəbdən tutmuş universitetə qədər, hamısında soyadı “Abbasbəyli” olaraq qeyd olunmuşdur. Hesab edir ki, əgər müvafiq dövlət orqanı qeydiyyatı düzgün aparmayıbsa, bunun günahkarı vətəndaş deyildir. Belə bir problemə görə vətəndaşı istər dövlət qurumlarında, istərsə də məhkəmələrdə get-gələ düşməsi qəbulolunmazdır. Ən azından ona görə ki, dövlət qurumunun səhlənkarlığının məsuliyyəti vətəndaşın üzərinə yıxılmış olur. Digər tərəfdən, 18 avqust 2022-ci il tarixli, 05/Q-153/62 nömrəli imtina məktubunda “İddiaçı” deyə müraciət edildiyi halda, məktubun mətnində soyadının “Abbaslıdan” “Abbasbəyliyə” dəyişdirilməsinin mümkün olmadığı bildirilir. Cavabdeh qurum iddiaçını “Abbasbəyli” kimi qəbul edir?. “Abbasbəyli” kimi qəbul edirsə nəyə görə müraciətindən imtina edir?. “Abbasbəyli” olaraq qəbul etmirsə, niyə ona həmin soyadla müraciət edir?. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 ştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxlımasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, İddiaçı doğum haqqında akt qeydində “Abbaslı” soyadının “Abbasbəyli” olması barədə düzəliş edilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, soyadda dəyişiklik edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52№li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1992-ci ildə tərtib edilmiş 222 nömrəli doğum haqqında akt qeydində iddiaçının soyadı “Abbaslı”dan, “Abbasbəyli” yə dəyişiklik edilməsindən Cavabdeh tərəfindən imtina edilir. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”; Məhkəmə araşdırması zamanı müəyyən edildiki, iddiaçının şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində soyadı “Abbasbəyli” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2-ci bəndinə əsasən: ... 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi və s. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının doğum haqqında şəhadətnaməsində mövcud olan məlumatlar əsasında verilmiş şəxsiyyət vəsiqəsi mövcuddur. İddiaçı Abbasbəyli soyadı ilə dövlət qurumları tərəfindən tanınmışdır. Doğum haqqında akt qeydində yaranmış uyğunsuzluğa görə iddiaçı məsuliyyət daşıya bilməz. Ona görədə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində “Abbaslı” soyadının “Abbasbəyli” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar