Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-299/2020 07.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X1 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon şöbəsinə qarşı “oğlu X5 “şəhid” statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Siyəzən Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış Xidməti (o vaxtlar Siyəzən Rayon Hərbi Komissarlığı) tərəfindən 04 oktyabr 1998-ci ildə hərbi xidmətə aparılaraq 15 iyun 1999-cu ildə vəfat etmiş (şəhid olmuş) oğlu X5 anasıdır. Oğlunu sağlam, vətənin müdafiəsinə layiqli bir əsgər kimi hərbi xidmətə yola salmışdır. X4 N saylı hərbi hissənin tərkibində N ay Beyləqan rayonu ilə düşmən mövqeyi (işğal altında olan Xocavənd rayonu) arasında, ön cəbhədə xidmət keçmişdir. Xidmət etdiyi dövrdə valideynləri tez-tez ona baş çəkir, yanına gedib-gəlmişlər. Həmin vaxt hərbiçi yoldaşları və komandirləri tərəfindən İlkinin xidməti barədə həmişə xoş və tərifəlayiq sözlər eştmişlər. 16 iyun 1999-cu ildə oğlu İlkinin meydini bir qrup hərbiçilər yaşadığı Siyəzən rayonuna gətirərək Şəhidlər xiyabanında dəfn etdilər. Ona və ailə üzvlərinə isə «oğlunuz düşmən hücumunu dəf edərkən qəhrəmanlıqla şəhid olmuşdur» dedilər. 2006-cı ilədək, o Siyəzən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid anası kimi verilən imtiyazlardan istifadə etmişdir. 29 avqust 2007-ci il tarixində Siyəzən Rayon ƏMM-dən aldığım məktubdan öyrəndim ki, oğlum X11 N saylı Hərbi Hissədə xidmətdə olarkən düşmən tərəfindən açılan güllədən həlak olmaması ucbatmda verilən təqaüd dayandırılır. Uzun illər bu işin araşdırılması ilə mərhum həyat yoldaşı X6 məşğul omluşdur. Həyat yoldaşı Çingiz 2013-cü ilin 04 aprel tarixində vəfat etdikdən sonra o səhhəti ilə əlaqədar bir müddət araşdırmanı davam etdiər bilməmiş və sonradan uzun müddətli yazışmalardan sonra 12.04.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən aldığı imtina məktubundan xəbər tutmuşdur ki, oğlu İlkini 15 iyun 1999-cu il tarixdə gecə saatlarında döyüş xidməti apararkən səngərdə N saylı hərbi hissənin zabiti leytnanat X12 adlı şəxs güllə ilə vurub öldürmüşdür. Həmin zabitin əməlinə artıq qanuni qüvədə olan məhkəmə hökmü (11 oktyabr 1999-cu il tarixli Ali Məhkəmənin Hərbi Kollegiyasının) ilə qiymət verilib. Amma onun övladının hər hansı bir qaydada günahının olması barədə həmin hökmdə heç nə yazılmayıb. Məhkəmə hökmündən göründüyü kimi ifadə verən hal şahidlərinin hamısı hadisə baş verən anda oğlu İlkinin «ay Allah» deyə qışqırmasından başqa heç bir hərəkəti olmamışdır. O, oğlunu vətənin müdafiəsinə sağlam yola salmışdır. Əgər oğlu öz günahı ucbatından belə öldürülmüşdüsə də bunu ona niyə vaxtında deməmişlər. Səbəbi kimi xidmət zamanı «təhlükəsizlik qaydalarının pozulması nəticəsində öldürülmüşdür» kimi əsassız bir nəticə ilə onun bu ahıl yaşında «yarasının qaysağnı qoparmaq», hissləri ilə oynayaraq onu ələ salmaq, üstəlik də oğlunun üzərindən «Şəhid» statusunun götürmək haqsızlıqdır. O oğlunu döyüşən orduya öldürülmək üçün göndərməmiş, Nədə ki, övladı öz keyfindən gedib səngərə girməmişdi ki, orada da onu vurub öldürsünlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbacyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən Atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamam həlak olmuş itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər Şəhid hesab edilirlər. Qanunun bu müddüasının rəhbər tutaraq o cavabdehdən oğlu X5 «Şəhid» statusunun bərpa edilməsini tələb etsə də cavabdeh orqan özünün 12.04.2019-cu il tarixli məktubu ilə bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədə xahiş etmişdir. İddiaçının nümayəndə və vəkili X3 məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh orqan məhkəməyə ünvanladığı 12.04.2019-cu il tarixli məktubla bildirmişdir ki, X11 düşmən tərəfindən açılan güllə nəticəsində deyil, N saylı hərbi hissənin tağım komandiri X12 tərəfindən atəş açılaraq öldürülmüşdür. Bu səbəbdən də ona şəhid olması barədə arayışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 04.02.2020-ci ildə məhkəmədə iştrak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, X11 düşmən təsiri nəticəsində deyil başqa şəraitdə həlak olduğundan şəhid hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının qanuni qüvvəsini almış 11.10.1999-cu il tarixli Hökmü, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinin imtina məktubu, Ölüm haqqında şəhadətnamənin surəti, iddiaçının şəxsiyyət vəsiqəsnin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon şöbəsininin məktubu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. İddia buna cavab verməli olan inzibati orqana qarşı yönəlmiş və iddiaçı əvvəlcədən cavabdeh orqana müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu çavuş olduğundan və Siyəzən rayonunda hərbi qeydiyyatda olduğundan hazırki tələbə məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsi cavab verməli inzibati orqandır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydaların 1-ci bəndinə əsasən maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Həmin qaydaların 1.2.6-cı bəndində 15.07.2009-cu ilədək edilmiş dəyişikliyə əsasən məzmun aşağıdakı kimi olmuşdur: ”Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan,itkin düşən və ölmüş hesab edilən şəxslər,o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində,habelə minaya düşərək həlak olan şəxslər. Bundan sonra həmin qaydaların 1.2.6-cı bəndi Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə dəyişdirilmiş və Qaydaların yeni 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublıkası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarına görə, Silahlı qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçulann statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə, o cümlədən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1–ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublıkasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalannın təhlilindən göründüyü kımi. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1–ci maddəsı X2 Qüwələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının venlməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbayan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu məlum qərarı ilə kimlərin şəhid hesab edilməsi anlayışının əhatə dairəsini genişləndirərək, yalnız döyüşdə həlak olan hərbi qulluqçuların deyil, həm də atəşkəs şəraitində, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların da şəhid hesab edilməsini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının oğlu X11 düşmənlə üzbəüz, döyüş şəraitində olan N saylı hərbi hissədə öz xidməti vəzifəsini, yəni ona tapşırılmış döyüş tapşırığını yerinə yetirərkən həmin hərbi hissənin zabiti olmuuş X8 ehtiyatsızlığı ucbatından ölmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi X5 şəhidlik statusunu ləğv edərkən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydaların 12.6-ci bəndinə olan şəhid statusunun verilməsi üçün nəzərdə tutulmuş qadağa 15.07.2009-cu ildə aradan qaldırılmışdır. Bu isə yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən onu deməyə əsas verir ki, iddiaçının mərhum oğlunun şəhidlik statusu bərpa edilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85. maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon şöbəsinə qarşı “oğlu X5 “şəhid” statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-299/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-299/2020
07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver