Məhkəmə qərarları › İş №2-1(118)-2991/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2991/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2991/2025 13.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xx.xx.1956-cı il təvəllüdlü X1 və xx.xx.1983- cü il təvəllüdlü Zeynalov Şamxal Şəfi oğlunun Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Yat. 1, bina 22-də yerləşən 35 saylı otağa qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kimyaçılar qəs.,S.Vurğun küç.yat.l,bina 22-də yerləşən 35 saylı otaq 35 iddiaçıya məxsusdur. X2 və onun oğlu Zeynalov Şamxal Şəfi oğlu yaxın qohumlarıdır. Zeynalov Şamxal Şəfi oğlu Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məh.6-da, yəni Sumqayıt şəhər Polis İdarəsində qeydiyyatda olmuş və onu qeydiyyatdan çıxarmışlar. X2 isə Sumqayıt şəhəri, 12-ci mikrorayon, yataqxana, ev 33, mən.6-da müvəqqəti qeydiyyatdadır və onun həmin yataqxanadan qeydiyyatdan çıxması tələb olunur. Onların qeydiyyata düşməyə başqa ünvanları yoxdur. Hazırda onlar da yataqxanada iddiaçıya məxsus otaqda yaşayırlar. Onları məxsus yataqxana otağına qeydiyyata aldırmaq istəyir. Şəxsən cavabdehə Zeynalovları mənzilə qeydiyyata almaları üçün müraciət etmiş, lakin müraciətinin nəticəsi olmamışdır. 12 iyul 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək qohumlarının mənzilə pasport qeydiyyatına almalını xahiş etmişdir. Lakin cavabdeh nə xahişini təmin etməmiş, nə də rəsmi cavab verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü X1 və xx.xx.1983- cü il təvəllüdlü Zeynalov Şamxal Şəfi oğlunun Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Yat. 1, bina 22-də yerləşən 35 saylı otağa qeydiyyata alınmalarını istəyir. Lakin belə bir iddia ilə İddiaçı deyil, iddiaçı tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş mənzilə qeydiyyata alınmağa dair razılıq ərizəsi əsasında X2 və Zeynalov Şamxal Şəfi oğlu tərəfindən məhkəməyə müraciət edilə bilər. İddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Bundan əlavə X2 və Zeynalov Şamxal Şəfi oğlunun mənzilə qeydiyyata alınmağa dair cavabdeh orqana müraciəti olmadığı üçün iddiaçının əsl iddiaçılar ilə əvəz edilməsi də mümkün deyildir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar