Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2993/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Əzimova Pəri Mübariz qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayon Şamaxı bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlər:
1. Şamaxı rayonu Şamaxı bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 81 saylı qərarından görünür ki, İddiaçı Şamaxı rayon Şamaxı bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin şimal-qərb hissəsində fərdi yaşayış evi tikmək ücün 30x20 metr ölçüdə 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.
2. Şamaxı rayonu Şamaxı bələdiyyəsi sədrinin 27 fevral 2006-cı il tarixli, 36 nömrəli qərarından görünür ki, X1 Şamaxı bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin 25a saylı məhəlləsində fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.
3. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(074)-50/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X1 qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, plan-sxemin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
4. Şamaxı rayonu Şamaxı bələdiyyəsinin 8 oktyabr 2024-cü il tarixli, 194 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Şamaxı bələdiyyəsinin X1 şəhərin 25A saylı məhəlləsindən 0,08 ha torpaq sahəsinin satılması haqqında 27 fevral 2006-cı il tarixli, 36 saylı qərarının ləğv edilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılmış torpaq sahələrinə aid olduğu üçün iddiası təmin olunmamışdır. Hal-hazırda tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olduğu üçün bu məsələyə də məhkəmə qaydasında baxılmalıdır.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Şamaxı rayon Şamaxı bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayonu, Suraxanı kəndində yaşayan X1 Şamaxı şəhərinin 25a saylı məhəlləsində 0,08 ha torpaq sahəsi satılması haqda Şamaxı bələdiyyəsinin 27 fevral 2006-cı il tarixli, 36 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
6. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
8. Belə ki, məhkəmə tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilməsi məqsədi ilə iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi izahat verərək, iddianın mümkün hüsab edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, mübahisələndirilən qərar iddiaçıya rəsmi olaraq təqdim olunmadığına görə, müddətin axımı cavabdehin həmin qərarın ləğv edilməsi ilə bağlı müraciətinə cavab məktubunun tarixindən başlanmalıdır.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
12. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
13. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
14. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
15. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
17. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
18. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
19. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
20. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
21. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in 2.2.1-ci maddəsi). Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
24. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
27. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
28. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”
29. İddia müddəti ilə əlaqədar iddiaçının vəkili tərəfindən bildirilmişdir ki, mübahisələndirilən qərar iddiaçıya rəsmi olaraq təqdim olunmadığına görə, müddətin axımı cavabdehin həmin qərarın ləğv edilməsi ilə bağlı müraciətinə cavab məktubunun tarixindən başlanmalıdır.
30. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(074)-50/2024 nömrəli qətnaməsindən, həmin iş üzrə iddiaçının tələbinin mahiyyətindən və mübahisələndirilən hallardan məhkəmə müəyyən edir ki, iddiaçıya qeyd edilən iş üzrə icraat dövründə mübahisələndirilən qərarın mövcud olduğu məlum idi. Lakin hazırkı iddia ərizəsi iddiaçı tərəfindən 29 oktyabr 2024-cü il tarixdə qaldırılmışdır.
31. İPM-in: Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
33. Məhkəmə aparılmış qiymətləndirmənin nəticəsi olaraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi posessual müddətin buraxıldığı üçün mümkün sayılmamalıdır.
34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ
35. Şərh edilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Şamaxı rayon Şamaxı bələdiyyəsinə qarşı “Ağsu rayonu, Suraxanı kəndində yaşayan X1 Şamaxı şəhərinin 25a saylı məhəlləsində 0,08 ha torpaq sahəsi satılması haqda Şamaxı bələdiyyəsinin 27 fevral 2006-cı il tarixli, 36 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova