Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2997/2024 12.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu Sabir qəsəbəsində yeləşən Şamaxı rayon Sabir bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 10 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 saylı Şamaxı Ərazi idarəsinə müraciət edərək, Şamaxı rayonu Sabir qəsəbəsində yeləşən Şamaxı rayon Sabir Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 10 saylı qərarı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin 14 saylı Şamaxı Ərazi İdarəsi onun ərizəsinin icrasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayon Sabir bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 10 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.Təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayon Sabir bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 10 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılmışdır.Torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır.Torpaq sahəsinə dair sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdığı üçün ərizənin icrasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli, **********22 nömrəli imtina məktubu, etirazı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, Şamaxı rayonu Sabir Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 10 saylı qərarının təsdiqlənmiş surəti, X1 planından çıxarışın surəti, DT və XK-nın Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 3/781 nömrəli, xx.xx.2009-cu il tarixli rəyin təsdiqlənmiş surəti, torpağı alqı-satqısına dair aktın surəti, torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı ödəniş qəbzinin surəti, X2 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktub, Sabir Bələdiyyəsinin 42 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında bələdiyyə qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, **********22 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Şamaxı rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Şamaxı rayonu Sabir Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 10 saylı qərarı əsasında 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri Sabir Bələdiyyəsinin hesabına köçürülmüşdür. Halhazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış 0.06 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqument torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmasıdır. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq ərazi üzrə 5 ildən artıq yaşayan şəxslərə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından torpaq sahəsinin yerləşdiyi ərazidə 5 ildən artıq yaşayan şəxslər açıq hərrac keçirilmədən də torpaq sahəsini əldə edə bilərlər. İddiaçıya aid şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı Şamaxı rayonu, Sabir Qəsəbəsində anadan olmuş və hal-hazırda həmin qəsəbədə pasport qeydiyyatındadır. Belə olan halda iddiaçı 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçıya aid müvafiq torpaq sahəsi məhz cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin satılnmasının məqsədəuyğunluğu barədə rəy verilmiş və iddiaçıya təhvil verilmişdir. Hazırkı iddia tələbində cavabdeh təşkilat tərəfindən iddiaçının tələbinin təmin edilməməsi inzibati icraatın etimad hüququ prinsipinin pozulmasına dəlalət edir. Belə olan halda cavabdeh təşkilatın imtinasında gətirdiyi 1-ci arqument əsassız olur. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir.Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bundan başqa, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. Hazırkı, iddia tələbi üzrə məhkəməninin göstərdiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi bütün arqumentlər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şamaxı rayonu Sabir qəsəbəsində yeləşən Şamaxı rayon Sabir bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 10 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2997/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2997/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver