Məhkəmə qərarları › İş №2-1(118)-2997/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2997/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2997/2025 14.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 18 oktyabr 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “məhkəmə tərəfindən müstəqil komissiya təyin olunması və komissiyanın rəyinə əsaslanaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatının müəyyən edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 18 oktyabr 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1971-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı, könüllü olaraq döyüşə yollanmışdır. Laçın, Ağdərə, Fizuli, Ağdam və digər rayonlarında gedən döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü ilin mayın 6-da Ağdamın Qərvənd kəndində yaralandır. Sağ baldırından qəlpə yarası almışdır. Hissi və hərəki pozulmalarla müşayiət olunan sağ baldırın yumşaq toxumalarının kor qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin qalıq əlamətləri, sağ ayağının funksiyası cüzi dərəcədə pozulmuşdur. Hər iki gözünün görmə itiliyi 0,3-ə qədər azalmışdır. 2007-ci ildə İİ qrup əlillik üzrə pensiya almışdır. İddiaçıya bəlli olmayan və hüququ əsası olmayan səbəblərdən 2021-ci ildə əlillik statusu ləğv olunmuşdur. Hazırda iddiaçı ayağında olan qəlpələrdən əziyyət çəkir, yeriyə bilmir. İşləmək imkanı yox dərəcəsindədi. Ayağında olan qəlpələr bədəninin hər yerinə yayılır. Soyuq havalarda heç cür hərəkət edə bilmir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə bildirirlər ki, Qeyd edilən halların iddiaçıda olub-olmamasını müəyyən etmək üçün əyani müayinə keçirilməsini xahiş edirik. İddiaçını əyani müayinəyə dəvət ediblər iddiaçı gəlməkdən imtina etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Forma 88 üzrə axtarış; 14 avqust 2024-cü il tarixli Tibbi rəy; xx.xx.2023-cü il tarixli arayış və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 18 oktyabr 2024-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxx 1971-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 20 aprel 2016-cı il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (odlu silah yaralanması nəticəsində sağ incik sümüyünün orta 1/3-nin sümük döyənəyi, yumşaq toxumaların yad cismi (metal-qəlpələr). İncik sinirinin zədələnməsinin qalıq əlamətləri. Ətrafın funksiyasının pozulması diaqnozları ilə) ikinci dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. 2024-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 18 oktyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 18 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona 18 oktyabr 2024-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş N00228473FZM nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2997/2025 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 T218/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Odur ki, onun iş materiallarında olan tibbi sənədlərinə əsasən Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən adma tərtib edilmiş xx.xx.2024-cü il tarixli N00228473 saylı Forma 088 göndərişində XBT kodu ilə qeyd edilmiş Əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla yaralanmadan sonrakı vəziyyət; Ağırlaşmalar: M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Əzələ atrofıyası; G57.3- Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sağ incik sinirinin neyropatiyası; R26.8- Hərəkərin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması; R52.1-Müalicəyə tabe olmayan daimi ağrı. Daimi ağrı sindromu; M21.3-Əlin və ya pəncənin sallanması (qazanılma), Sağ pəncənin sallanması. L90.5- Dərinin çapıqlaqmış vəziyyəti və fıbrozu, Sağ sarğı, sağ baldırın orta 1/3 nin və aşağı 1/3 nin iç arxa səthlərində çapıq toxumaları; M79.5- Yumşaq toxumalarda qalmış yad cisim, Sağ bud sümüyünün böyük burması nahiyəsində sağ baldırın orta 1/3-nin yumşaq toxumalarında metal qəlpələri; Yanaşı xəstəliklər: H25.O-Başlanğıc qocalıq kataraktası, Başlanğıc qocalıq kataraktası” diaqnoz ona stasionrda müayinə və müalicədə olarkən anamnestik, klinik və laborator müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçı əyani müayinəsi zamanı əlin və ya pəncənin sallanması (qazanılma), Sağ pəncənin sallanması (XBT М21.3); aşağı ətraf əzələlərində əzələ atrofıyası və üzülməsinə rast gəlinmədi. İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda sağ baldırın və sağ topuğun iki proyeksiyada Rentgeno- qrammasında incik sümüyü diafızi orta 1\3-i səviyyəsində kiçik sümük defektləri və kortikal qalınlaşmalar fonunda, perifokal yumşaq toxumalarda böyüyü 10mm ölçülü olmaqla bir neçə metal yad cisim aşkar edilir. Qərardadda ekspertiza qarşısında qoyulmuş 6 və 8-ci bənd və yarımbəndlərindək suallar əlilliyin qiymətləndirmə meyarlarına aid olduğundan onların həlli tibbi sosial ekspertlərin səlahiyyətlərinə aiddir. İddiaçı müayinə zamanı ağırlaşma olaraq qeyd edilən “Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sağ incik sinirinin neyropatiyası (XBT G57.3). Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, hərəkət funksiyasının pozulması (XBT R26.8) Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu (XBT R52.1)” diaqnozları instrumental EMQ müayinəsi zamanı qoyulduğundan və sinir zədələnməsi nəticəsində yarandığından bu diaqnozlar öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Yumşaq toxumalarda qalmış yad cisim, Sağ bud sümüyünün böyük burması nahiyəsində sağ baldırın orta 1/3-nin yumşaq toxumalarında metal qəlpələri (M79.5); sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda X00127539LYS nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 18 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar