Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-30/2023 10.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı vurulmuş zərərə görə 250.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 250.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km-də yerləşən 89 kv m ölçüdə qəlyanaltı İddiaçı mülkiyyətindədir. Həmin obyekt 1973-cü ildə inşa edilmiş və qəlyanaltı kimi istifadə edilmişdir. O, həmin qəlyanaltını 2003-cü ildə 1.778.000 manata Dövlət Əmlak Komitəsindən satın almışdır. Cavabdeh Sunqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən iddiaçının mülkiyyətində olan obyekt 2011-ci ildə qanunsuz ikaraq sökülmüşdür. Söküntü aparılan zaman ona bildirilmişdir ki, mülkiyyət sənədi olduğuna görə ona kompensasiya ödəniləcəkdir. Həmin vaxtdan iddiaçı bütün aidiyyəti orqanlara, Azərbaycan Respublikası Prezidentinə dəfələrlə müraciətlər etmişdir. Cavabdeh onun bütün müraciətlərinə obyektin bərpa olunacağını və ya ədalətli kompensasiyanın ödəniləcəyini bildirmişdir. Lakin 10 ildən atıq müddətin keçməsinə baxmayaraq hər hansı konkret tədbir görülməmiş, vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və iddiaçının mülkiyyətində olan obyektinin sökülməsi ilə bağlı hər hansı inzibati aktın qəbul edilməməsini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Söküntünün kim tərəfindən və nə vaxt aparılması yerli icra hakimiyyətinə məlum deyildir. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000173 №- li Şəhadətnaməsindən görünür ki, İddiaçı 2003- cü ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən TXMOFƏM- nin 17 saylı qəlyanaltısını qüvvədə olan qanunvericilik əsasında 1 778 000 (bir milyon yeddi yüz yetmiş səkkiz min) manata satın almışdır. -ƏMDK Dövlət Əmlakının İnvertarlaşdırılması idarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd İddiaçı məxsus qeyri-yaşayış obyekti barəsində tərtib edilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyətinin Z.Yusifova ünvanladığı xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhərinin inzibati ərazisində aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar olaraq vaxti ilə müvəqqəti olaraq yerləşdirilmiş köşk və yüngül konstruksiyalı quraşdırmalar müasir dövrün tələblərinə cavab vermədiyinindən eyni zamanda əhalinin ümumi istifadəsi və yaşıllıq ərazilərdə yerlşəməklə şəhərin estetik görünüşünə xələl gətirdiyindən vətəndaşa xəbərdarlıq edilməklə onun iştirakı ilə ləğv edilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.Abadlıq və yenidənqurma işləri başa çatdıqdan sonra ləğv edilmiş köşk və qurşadırmaların digər ərazilərdə yerləşdirilməsi araşdırılacaqdır. - İş üzrə təyin edilmiş məhkəmə-texniki-tikinti ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi 17 saylı qəlyanaltının (ticarət obyekti) söküntüsü (tikinti materiallarının və işçi qüvvəsinin hazırki bazar qiymətinə uyğun) ilə bağlı iddiaçıya vurulmuş ziyanın dəyəri mövcud bazar qiymtələrinə uyğun 20.411 manat məbləğində müəyyən olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan göründüyü kimi Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus 89 kv m ölçüdə qəlyanaltı sökülmüş və nəticədə iddiaçıya ziyan vurulmuşdur ki, sonuncu da cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus 89 kv m ölçüdə qəlyanaltı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin şifahi göstərişi əsasında sökülmüş, cavabdeh tərəfindən həmin obyektin söküntüsü ilə bağlı texnika və fəhlə qüvvəsi cəlb olunmuş və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Cavabdehin göstərilən tikilinin onun tərəfindən sökülməməsi ilə bağlı mövqeyi bir sıra sübutlarla təkzib edilir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin müxtəlif illərə aid cavab məktublarından görünür ki, cavabdeh inzibati orqan söküntünün onun tərəfindən aparılmasını təkzib etməmiş, əksinə yeniquruculuq və abadlıq işlərinin aparılması ilə əlaqədat vətəndaşın iştirakı ilə söküldüyünü, yeni layihənin hazırlanması və işçi qüvvənin göstəriləcəyini və məhkəmə qərarının çıxarıldığı təqdirdə təzminatın ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdehin nümayəndəsinin iddiaçının obyektinin sökülməsi ilə bağlı şəhər icra hakimiyyəti tərəfindən heç kimə yazılı və ya şifahi göstərişlərin verilmədiyi barədə izahatı iş materialları və toplanmış sübutlarla təkzib olunduğu üçün məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçının əsaslandığı hal məhz onunla bağlı olmuşdur ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Əgər inzibati orqan hər hansı inzibati aktı qəbul etmiş olsaydı, bu halda iddiaçı məhz həmin inzibati aktın mübahisələndirilməsinə dair iddia irəli sürərdi. Lakin iddia növünün məhz inzibati orqanların qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğu onu ehtiva edir ki, inzibati orqanların hərəkətləri qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən kənarda olmuşdur. Məhkəmə hesab edir ki, həmin tikili hər hansı şəhərsalma və tikinti normalarına riayət olunmadan tikilmiş olsa idi belə, məhkəmə qərarı olmadan sökülməsi qanuna zidd olmuşdur. İddiaçı maddi ziyanın 250.000 manat məbləğində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün məhkəmə-texniki-tikinti ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş ekspert rəyinə görə iddiaçıya dəymiş ziyanın həcmi 20.411 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110-cu maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertizanın keçirilməsi ilə əlaqədar 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətindən maddi ziyana görə kompensasiya kimi 20411 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi 17 saylı qəlyanaltının sökülməsi ilə bağlı maddi zərərə görə 20.411 manat məbləğində kompensasiya İddiaçı xeyrinə tutulsun. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətindən 100 (yüz) manat ekspertiza xərcləri dövlət büdcəsinin hesabına tutulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-30/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-30/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver