Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-300/2021 10.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi , X2 Mövlətxan oğlunun katibliyi, İddiaçı cavabdeh Qobustan rayonu Qobustan Bələdiyyəsinə qarşı “Qobustan rayonu Qobustan Bələdiyyəsinin 2019-cu il tarixli qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qobustan rayonu Qobustan Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Qobustan rayonu Qobustan Bələdiyyəsinin 07 mart 2019-cu il tarixli, 03 saylı və 2019-cu il tarixli qərarının ləğv edillməsi və Qobustan Bələdiyyəsinin 11.11.2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli, 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il qərardadı ilə iddia tələbi Qobustan rayonu Qobustan Bələdiyyəsinin 07 mart 2019-cu il tarixli, 03 saylı qərarının ləğv edilməsi və Qobustan Bələdiyyəsinin 11.11.2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli, 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılması hissəsində mümkün sayılmamışdır. İddiaçı qeyd edir ki, o ailəsi ilə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişdir. İşlədiyi dövrdə Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi əldə etmək üçün ərizə vermişdir. Ərizəsinə əsasən ona 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, tikiləcək evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb ona təqdim edilmişdir. O da rəsmən ölçülmüş və təqdim edilmiş yerinə mişar daşı və bir yük avtomobili qum tökdürmüşdür ki, tezliklə ev tikməyə başlasın. Maddi imkanları olmadığından yerin kənarını bir az hasar edib qoyublar. İddiaçı 2013-cü ildən ailə həyatı qurmuşdur və o vaxtdan Xilmilli kəndinə köçüb kirayə kimi müvəqqəti bir evdə ailəsi ilə yaşamağa başlamışdır. Hazırda öhdəsində 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik ona verilmiş torpaqda ev tikə bilmir. Lakin əlavə yerinə yenə iki maşın mişar daşı tökdürmüşdür. 2019-cu ilin avqustun 10-da ona bildiriblər ki, onların yerində Habil adlı şəxs özbaşına tikinti işləri aparır. O iddiaçının yerinin kənarlarını hasardan çöl tərəfdən yenidən bünövrə qazdırıb hasar tikdirmək istəyir. Habil adlı şəxs onlara bildirmişdir ki, iddiaçı bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan almışdır. Lakin o heç bir sənəd göstərməmişdir. İddiaçının yerində işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirmişdir ki, iddiaçı bu yerin hasarını tikməlidir. İddiaçı yerində olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən onları qorxutmaq üçün yerə polis çağırtdırmışdır. Polis iddiaçının sənədlərinə baxmış və tikintinin dayandırılmasını tapşırıb çıxıb getmişdir. Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə iddiaçının yerində tikintini davam etdirmişdirlər. İddiaçı bələdiyyə sədri ilə telefonla danışmış, yalnız telefonda ona bildirilmişdir ki, iddiaçının sənədi sənəd sayılmır. İddiaçı Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda olmuşdur. O bələdiyyə sədrinə tapşırıq vermişdir ki, yerində aydılaşdırılsın və məruzə edilsin. İkinci dəfə qəbulda olarkən bələdiyyə sədri başçıya bildirmişdir ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etməmişdir. Başçı bildirmişdir ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə iddiaçıya dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, Qobustan Bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli protokol qərarının sürətini məhkəməyə təqdim edərək, izahatında bildirmişdir ki, torpaq sahəsi Qobustan Bələdiyyəsi tərəfindən yox, Nərimankənd kənd bələdiyyəsi tərəfindən ayrılmışdır. Sonradan bələdiyyələr birləşdirilmişdir. Arxiv sənədlərində aşkar edilməmişdir. Qobustan bələdiyyəsi tərəfindən iddiaçıya başqa yerdən torpaq sahəsi ayrılmasına köməkllik göstəriləcəkdir. Lakin bir az vaxt lazımdır. Ərazinin elektron xəritəsi hazırlanır. Bununla bağlı iddiaçının üzünədə məlumat verilmişdir. Məhkəmədən müəyyən vaxt verilməsini xahiş edirlər. Nərimankənd kənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12/455 №li qərarı əsasında Qobustan rayon Nərimankənd kəndinin qərbində, kəndarası çınqıl yolunun qərb tərəfindəki boş torpaq sahəsindən 0.06 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Qobustan Bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli protokol qərarı əsasında Nərimankənd kənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12/455 №li qərarı ləğv edilmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. Beləki mübahisələndirilən Qobustan Bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli protokol qərarı iddiaçının maraqlarına toxunur. Həmin qərarın qəbul edilməsi zamanı iddiaçının həmin icraata cəlb edilməsi, həmin qərarın iddiaçıya təqdim edilməsi müəyən olunmur. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Nərimankənd kənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12/455 №li qərarı əsasında Qobustan rayon Nərimankənd kəndinin qərbində, kəndarası çınqıl yolunun qərb tərəfindəki boş torpaq sahəsindən 0.06 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Mübahisələndirilən qərarla ləğv edilmiş Nərimankənd kənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12/455 №li qərarı İnzibati İcraat haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minməmişdən əvvəl qəbul edilmişdir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmış bununla bağlı müvafiq sənədlər iddiaçıya təqdim edilmişdir. Tərəflər arasında yaranan inzibati və mülki hüquq münasibətləri tam araşdırılmadan, iddiaçının inzibati icraatın verdiyi hüquqlardan istifadə imkanı təmin olunmadan, yaranmış vəziyyətdə iddiaçının məsuliyyəti tam araşdırılmadan, həmin vəziyyətin ortadan qaldırılması üçün iddiaçının mövqeyi və təklifləri müəyyən olunmadan, onun maraqlarına toxunan mübahisələndirilən qərar qəbul edilmişdir. Hazırda qüvvədə olan qanunvericilik baxımındanda mübahisələndirilən qərar qanunsuz qəbul edilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən isə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Həmin qanunun 68.2-ci maddəsinə əsasən, Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Lakin hazırkı halda iddiaçıya torpaq sahəsinin ayrılmasının ləğvi üçün qanunvericilkdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Cavabdeh inzibati orqanın nümayəndəsidə məhkəmə iclasında iddiaçının torpaq sahəsi ilə təmin olnması üçün imkan yaranan kimi tədbir görüləcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Qobustan rayonu Qobustan Bələdiyyəsinin 2019-cu il tarixli qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Qobustan Bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli Nərimankən Bələdiyyəsinin 16.11.2007-ci il tarixli 12/455 nömrəli qərarının ləğv edilməsi ilə bağlı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-300/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-300/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver