Məhkəmə qərarları › İş №2-1(118)-300/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-300/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-300/2024 01.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubuna əsasən, Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 28 nömrəli sərancamına uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cəfərova X1-tərəvəzçilik sovxozu direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubuna əsasən, Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 28 nömrəli sərancamına uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu, Masazır kəndində İddiaçı məxsus 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı barədə xx.xx.2021-ci tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy i yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmsından xx.xx.2022-ci il tarixli məktubla imtina etmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndində İddiaçı məxsus fərdi yaşayış evi və yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 04 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı vətəndaşa 0.10 ha torpaq sahəsi ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı qərarı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icraya və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icraya və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısında torpaq sahələrinin ayrılması barədə kənd'qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmuşdur. Həmçinin sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Abşeron rayon icra hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəliyinin Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirilməsi haqqında xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamda qeyd olunur ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubuna əsasən, aşağıda adları qeyd olunan vətəndaşlara torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş lahiyə üzrə ev tikdirilməsini məqsədəuyğun hesab edilsin və İddiaçı 0.10 ha torpaq sahəsi ayrılsın. Həmçinin iddia ərizəsinə əlavə olunmuş Abşeron rayonu Dövlət arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu Masazır kənd nümayəndəliyinin xx.xx.1996-ci il tarixli 28 saylı sərancamına ayrıc aktı və ilkin baş plan daxil edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Hazırda həmin torpaq sahəsində, yaşayış sahəsi 58.8 kv metr, köməkçi sahəsi 72.9 kv metr olan 4 otaqdan ibarət fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq həmin yaşayış sahəsinə dair qeydiyyat vəsiqəsi verilmişdir. Qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs qismində X7 iştirak etmiş, iddianı müdafiə etmiş iddia ərizəsinə uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, onlar ər arvaddırlar bir həyətdə iki torpaq sahəsindən istifadə edirlər. Cavabdeh etirazında qeyd edir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 04 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzre nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı qərarı ilə ayrılmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi;

2. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu;

3. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixində 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyin 3-cü bəndinə uyğun olaraq, müəyyən edilmiş müddət ərzində yerli icra hakimiyyəti orqanları tərəfindən fərmanın icrası ilə əlaqədar zəruri məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Ssözügedən məlumatlar müvafiq dövlət orqanına təqdim edildikdən sonra İddiaçı müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün istifadəyə, icarəyə verilməsi və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə verilməsi və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2,1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixində 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçılar məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişlər. Cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubuna əsasən, Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 28 nömrəli sərancamına uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzre nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı qərarı ilə ayrılmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi, 2. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu; 3. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixində 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyin 3-cü bəndinə uyğun olaraq, müəyyən edilmiş müddət ərzində yerli icra hakimiyyəti orqanları tərəfindən fərmanın icrası ilə əlaqədar zəruri məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Sözügedən məlumatlar müvafiq dövlət orqanına təqdim edildikdən sonra İddiaçı müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə hesab edir ki, cavabdehi imtinası əsaslı olmamışdır. Cavabdehin dəlilllərinə münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 saylı Sərəncamı ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun 26 aprel 1995-ci il tarixli 84 №li məktubuna əsaslaraq, İddiaçı 0.1 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar həmin siyahıya əlavə edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. İddiaçının imtina üçün əsalarından biri torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqinin olmasıdır. Məhkəmə bunula bağlı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 29793 nömrə ilə reyestr kitabında yazılmış, inventar işi № 458 olan qeydiyyat vəsiqəsindən göründüyü kimi ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi 58.8 kv.m, köməkçi sahəsi 78.9 kv.m olan 4 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Nümayəndəsinin 28 saylı 06 avqust 1996-cı il tarixli qərarı ilə qeydə alınmışdır. Fərdi yaşayış evinin texniki pasportu iş materiallarına əlavə edilmiş, həmçinin Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktının və ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. Müayinə aktında texniki sənəd üzrə 0.10 ha, faktiki 0.2144 ha torpaq sahəsinin olduğu, fərdi yaşayış evinin ölçülərinin texniki pasportda göstərilən ölçülərə uyğun olduğu, 0.2144 ha ha torpaq sahəsi üzərində daş hasar daxilində yerləşdiyi, torpaq sahəsinin istilikxana kimi istifadə edildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 28 nömrəli sərancamına əsasən iddiaçıya ayrılmış 0.1 ha torpaq sahəsində yaşayış evi tikilmiş və həmin ev üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmşdır. Eyni zamanda iddiaçının əri X4 qanuni istifadəsində 0,1 ha torpaq sahəsi vardır. Həmin torpaq sahələri yan-yana yerləşir və iddiaçı ilə üçüncü şəxs həmin torpaq sahələrindən ailə olaraq birlikdə istifadə edirlər. Məhkəmənin 2-1(118)-1784/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ilə tprpaq sahələrinin və yaşayış evinin yerləşməsi ilə bağlı mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 19 yanvar 2024-cü il tarixli, 321332/2-0000566 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Abşeron rayon Masazır bələdiyyəsinin X=394352.6781 Y=4482530.0018 X=394348.5265 Y=4482511.1839 X=394300.8456 Y=4482519.6235 X=394304.0123 Y=4482540.8845 koordinatlı yerquruluşu planından çıxarışda qeyd edilən koordinatlar naturada İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşir və sxemdə göstərilmişdir. Elektron baza məlumatlarına əsasən Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Elektron məlumat bazasına əsasən Masazır bələdiyyəsinin İddiaçı oğlunun adına ayrılmış 0.10 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. İddiaçı tərəfindən tanıdılan Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilməyən əlavə torpaq sahəsinin koordinatları: X=394304.0137 Y=4482540.8939 X=394299.9714 Y=4482541.7986 X=394297.4785 Y=4482520.2004 X=394300.8456 Y=4482519.6235 iddiaçı tərəfindən tanıdılan Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilməyən əlavə torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Elektron baza məlumatlarına əsasən Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilməyən iddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsində tikilmiş yaşayış evi Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən koordinatlar daxilində yerləşir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan yaşayış evi Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən torpaq sahəsində inşa edilmişdir. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsinə bitişik olaraq onun ərinin torpaq sahəsi mövcuddur ki, həmin torpaq sahələri iddiaçının və ailəsinin istifadəsindədir, torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz, inzibati orqanın qeyd etdiyi əsaslar iddiaçının hüquqları məhdudlaşdırmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməli, Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 28 nömrəli sərancamına uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 28 nömrəli sərancamına uyğun olaraq fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar