Məhkəmə qərarları › İş №2-1(118)-300/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-300/2025

14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-300/2025 14.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X10 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Fermer Təsərrüfatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon Xalq X7 Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 23/10 saylı qərarı ilə rayonun təsərrüfatlararası iribuynuzlu mal-qara yetişdirmə və kökəltmə kompleksi ərazisindən (Qusar rayonu, Çubuqlu kəndi ərazisindən) daimi istifadə üçün İddiaçı Fermer Təsərrüfatına ayrılmış 6,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı Fermer Təsərrüfatının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Xalq X7 Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 23/10 saylı qərarı ilə rayonun təsərrüfatlararası iribuynuzlu mal-qara yetişdirmə və kökəltmə kompleksi ərazisində yeni yaradılacaq İddiaçı kəndli fermer təsərrüfatına “Xan arxı” adlı əkin yerindən 6,0 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra Qusar rayon X9 İcraiyyə Komitəsi tərəfindən torpaqdan istifadə hüququna aid Dövlət Aktı tərtib edilərək İddiaçı kəndli fermer təsərrüfatına pulsuz və müddətsiz istifadə üçün plana əsasən göstərilən sərhəd daxilində 6,0 hektar torpaq təhkim edilmişdir. Qeyd edilən Dövlət Aktı torpaqdan istifadə hüququna aid dövlət aktlarının qeydiyyatı kitabında 13 oktyabr 1992-ci il tarixdə qeyd edilmiş və dövlət aktına torpaq istifadəçiliyinin planı da əlavə edilərək müvafiq qurum tərəfindən təsdiq edilmişdir. Eyni zamanda qeyd edilən torpaq sahəsinin yerquruluşu xəritəsindən çıxarış da tərtib edilmişdir. Bundan sonra Qusar Rayon X9nin 14 oktyabr 1992-ci il tarixli, 72 saylı sərəncamı ilə rayonun təsərrüfatlararası iribuynuzlu mal-qara yetişdirmə və kökəltmə kompleksi ərazisində X2 məxsus İddiaçı kəndli təsərrüfatının yaradılması məqsədəuyğun hesab edilmişdir. Bununla da İddiaçı Fermer Təsərrüfatı xx.xx.1992-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərməyə başlamışdır. İddiaçı X4 nizamnaməsinin 1.5-1 ci bəndində də qeyd edilmişdir ki, fermer təsərrüfatının başlıca məqsədi icarəyə götürdüyü torpaq sahələrində maldarlıq, qoyunçuluq, taxılçılıq, quşçuluq, tərəvəzçilik, meyvəçilik, arıçılıq donuzçuluq və sair sahələrdə inkişafı təmin etməkdən ibarətdir. Qeydiyyatı alındığı gündən bu günə kimi daimi istifadəsinə ayrılmış torpaq sahəsindən İddiaçı fermer təsərrüfatı istifadə edir. Bunu ərizəyə əlavə edilmiş Qusar rayon Xuray bələdiyyəsinin arayışı da bir daha təsdiq edir. Hal-hazırda qeyd edilən torpaq sahəsinə dair istifadə hüququmuzun dövlət reyestrində qeydə alınması və torpaq shəsinin plan və ölçüsünün hazırlanması üçün cavabdeh orqana müraciət etsək də, bizə 09 iyun 2023-cü il tarixli imtina məktubu ilə müsbət cavab verməmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi X3 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı X4 başçısı X1 rayonu, Çubuqlu kəndi ərazisində yerləşən 6.0 ha torpaq sahəsi üzərində istifadə hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, “istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, Qusar rayon XDS-n RH-n xx.xx.1992-ci il tarixli 23/10 nömrəli qərarı əsasında müddətsiz istifadəyə verilmiş 6.0 ha torpaq sahəsinin bir hissəsi Neft Qaz kəmərinin mühafizə zolağına düşür. Bundan əlavə, həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilmiş ərazidir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı^,daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-7715/2023 nömrəli məktubla imtina olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddia iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iş materiallarında olan koordinatlardan görünür ki, həmin koordinatlarda olan torpaq sahəsinin WGS 84/UTM zona 39N koordinat sistemində X Y 296958.9088 4607342.0990 296934.3718 4607392.7279 296899.6296 4607466.3689 296904.9010 4607470.0300 296909.3550 4607473.0000 296925.1130 4607445.9470 296935.1870 4607434.2050 296957.3530 4607411.9290 296995.3400 4607365.7610 296978.0650 4607356.5520 koordinatlarda olan 3521.25 m2 hissəsi “Qaz İxrac” İdarəsinin istismarında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin (D 1220 mm, 5.5 MPa (45 kqq/kv. sm), yeraltı, istifadəyə verildiyi tarix 1982) 7 metr və eyni zamanda, “Neft kəmərləri” İdarəsinin istismarında olan X12 Kəmərinin (Sumqayıt-Şirvanlı hissəsi) (d=720mm, 4.3 MPa (43 kqq/kv. sm), yeraltı, istifadəyə verildiyi tarix 1983) mühafizə zonası daxilində (neft kəməri torpaq sahəsinin daxilindən keçir) X Y 296958.9088 4607342.0990 296926.5420 4607317.6790 296765.6090 4607139.1390 296741.5670 4607121.4990 296621.8310 4607315.9210 296624.7740 4607325.5310 296746.8320 4607388.2200 296825.2950 4607423.2270 296871.2100 4607446.6310 296899.6296 4607466.3689 296934.3718 4607392.7279 koordinatlarda olan 56463.09 m2 hissəsi isə mühafizə zonası xaricində yerləşir. Hesab edir ki, iş üzrə cavabdehin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Magistral boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2023-cü il tarixli 20/01- 020 nömrəli Qərarının (xx.xx.2023-cü il tarixdə **********1020 reyestr nömrəsi verilməklə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir) 6.1-ci bəndi ilə magistral neft kəmərlərinin mühafizə zonaları müəyyənləşdirilmişdir. Belə ki, Qaydaların 6.1.1-ci bəndinin 1-ci abzasına əsasən, magistral neft kəmərinin marşrutu boyunca – boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər...Yuxarıda göstərilənləri əsas gətirərək, eləcə də əhalinin və kəmərlərin istismarının təhlükəsizliyinin təmin olunması məqsədilə, mühafizə zonası daxilində yerləşən 3521.25 m2 hissəyə münasibətdə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxsin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-7715/2023 nömrəli imtina məktubu, Qusar Rayon Xalq X7 Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 23/10 saylı qərarı, Qusar Rayon X9nin sərəncamlarının surəti, Б 004798 nömrəli “Torpaqdan istifadə hüququna aid” Dövlət aktının surəti, Qusar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü ü il tarixli məktubu, Quba rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-7715/2023 nömrəli imtina məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Qusar rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zaman müəyyən olundu ki, Qusar Rayon Xalq X7 Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 23/10 saylı qərarı əsasən iddiaçıya rayonun təsərrüfatlararası iribuynuzlu mal-qara yetişdirmə və kökəltmə kompleksi ərazisində 6 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə aid Б 004798 nömrəli “Torpaqdan istifadə hüququna aid” Dövlət akt ilə fermer təsərrüfatının adına rəsmiləşdirilmişdir. İddiaçı müvafiq hüququn daşınmaz əmlakın dövlət reystrində qeydə alınmasını tələb etsə də cavabdeh təşkilat müvafiq hüququn qeydə alınmasından imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki, təqdim edilən mütəxəssis rəyi və üçüncü şəxsin məlumatlarından mübahisəli torpaq sahəsinin müayinə və kameral araşdırmaları zamanı torpaq sahəsinin 3521.25 m2 hissəsinin Dövlət Neft Şirkətinə ayrılmış boru kəmərinin müahafizə zolağına aid olan torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Yəni, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının bir hissəsi dövlət ehtiyacları üçün ayrılmış mühafizə olunan torpaq sahələri ilə üst-üstə düşür.Belə olan halda iddiaçının tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Magistral boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2023-cü il tarixli 20/01- 020 nömrəli Qərarının (xx.xx.2023-cü il tarixdə **********1020 reyestr nömrəsi verilməklə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir) 6.1-ci bəndi ilə magistral neft kəmərlərinin mühafizə zonaları müəyyənləşdirilmişdir. Belə ki, Qaydaların 6.1.1-ci bəndinin 1-ci abzasına əsasən, magistral neft kəmərinin marşrutu boyunca – boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi hədlərdə təmin etmək mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Fermer Təsərrüfatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon Xalq X7 Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 23/10 saylı qərarı ilə rayonun təsərrüfatlararası iribuynuzlu mal-qara yetişdirmə və kökəltmə kompleksi ərazisindən (Qusar rayonu, Çubuqlu kəndi ərazisindən) daimi istifadə üçün İddiaçı Fermer Təsərrüfatına ayrılmış 6,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı Fermer Təsərrüfatının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar