Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3006/2025 20.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: prezident təqaüdün ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Süleymanlı (Novruzlu) Səma Namiq qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdün ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 fevral 2024-cü il tarixli, 3-17-1/2-Ə-37459/2024 nömrəli İddiaçı göndərilmiş “Sosial müavinətin ötən dövr üzrə ödənilməsinin mümkün olmaması haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən, 1 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və 1 aprel 2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, müharibə veteranları üçün nəzər tutulan təqaüd 1 aprel 2019-cu il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (Prezident təqaüdünün təsis edildiyi tarixdən). Müraciətilə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən müavinət növü ləğv edildiyi üçün ərizədə qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 fevral 2024-cü il tarixli İddiaçı “Müraciət vərəqəsi”.
3. Kirovski rayonun hərbi komissarlığı tərəfindən İddiaçı verilmiş A seriyalı, 470619 nömrəli şəhadətnamənin surəti.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
4. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Veteranlığa görə” verilən Prezident təqaüdünün 1 aprel 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək ötmüş dövrlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanla apardığı müharibədə iştirak etmişdir. Müharibədə iştirakını başa vurandan sonra Kirovski rayonun hərbi komissarlığı tərəfindən iddiaçıya verilən 470619 saylı hərbi biletdə qeyd edilmişdir ki, “SSRİ hökümətinin tapşırıqlarını uğurla yetirdiyinə görə bu şəhadətnamənin daşıyıcısı X1 Partiyasının Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 17 yanvar 1983-cü il tarixli qərarı ilə müəyyən edilmiş güzəştlər hüququna malikdir”. İddiaçı 2 fevral 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Veteranlığa görə verilən prezident təqaüdünün 1 aprel 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək ötmüş dövrlərin ödənilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 38, 60, 125, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 8, prosessual hüquqi əsası kimi İPM-in 70.1, 70.3-ci maddələrinə istinad olunmuşdur.
7. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
8. Məhkəmənin 8 fevral 2025-ci il tarixli, 2-1(118)-3006/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – “cavabdeh”) ilə əvəz edilməsi qərara alınmışdır.
9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 27 noyabr 1989-cu il tarixli, A 470619 nömrəli veteran vəsiqəsi verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış 3 dekabr 2024cü il tarixli sorğuya cavab olaraq iddiaçıya 1980-1982-ci illərdə N və N saylı hərbi hissələrin tərkibində Əfqanıstan Demoktratik Respublikasında müddətli həqiqi hərbi xidmət keçdiyi üçün ona 27 noyabr 1989-cu il tarixdə A 470619 nömrəli müddətsiz Əfqanıstan “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında cavabdeh tərəfindən iddiaçıya 1 aprel 2019-cu il tarixdən sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə haqlı olaraq imtina edilmişdir. İddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd 1 aprel 2019-cu il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (Prezident təqaüdünün təsis edildiyi tarixdən). Cavabdehin imtina məktubunda sözügedən müavinət növü ləğv edildiyi üçün iddiaçıya ərizədə qeyd olunan 1 aprel 2016-cı il tarixdən müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir.
12. Etirazın maddi hüquqi əsası kimi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7, 12-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019cu il tarixli, 641 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
16. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
17. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
26. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə müraciət edərək bildirmişdir ki, ona müharibə veteranı statusuna görə Prezident təqaüdünün 1 aprel 2019-cu il tarixdən təyin edilməsinə baxmayaraq, veteran statusu 27 noyabr 1989-cu il tarixdən mövcud olduğu üçün son üç il (1 aprel 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək olan dövr) üçün ödənilməmiş təqaüd hesablanaraq ona ödənilməlidir.
27. Cavabdehin etirazı isə ondan ibarətdir ki, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd təsis edildiyi 1 aprel 2019-cu il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş, təqaüd əvvəlki dövrdə mövcud olmadığı, həmçinin əvvəl mövcud olmuş müavinət növü ləğv edildiyi üçün iddiaçıya ərizədə qeyd olunan 1 aprel 2016-cı il tarixdən müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
28. Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.
29. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr)
30. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1 sentyabr 2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir.
31. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən, 1 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi.
32. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmiş, kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir.
33. Yuxarıda sadalanmış normaların məzmunundan müəyyən olunur ki, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə, 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur.
34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 27 noyabr 1989-cu il tarixli, A 470619 nömrəli veteran vəsiqəsi verilmiş, 1 aprel 2019-cu il tarixdən (Prezident təqaüdünün təsis edildiyi tarixdən) müharibə veteranları üçün nəzərdə tutulan təqaüd təyin edilmişdir. Cavabdeh tərəfindən ona 19 fevral 2024-cü il tarixli cavab məktubu ilə Prezident təqaüdünün təsis edildiyi tarixdən də yəni 1 aprel 2019-cu il tarixdən təqaüd təyin edildiyi, əvvəlki 3 il üçün, təqaüdün mövcud olmadığından, ödənilməkdən imtina edildiyi bildirilmişdir.
35. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh tərəfin etiraz dəlilləri ilə razılaşaraq bildirir ki, iddiaçıya Prezident təqaüdünün təsis edildiyi, yəni 1 aprel 2019-cu il tarixdən təyin edildiyi, əvvəlki dövrdə həmin təqaüdünün mövcud olmadığı üçün, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hazırkı halda, iddiaçının 1 aprel 2019-cu il tarixdən əvvəlki üç il üçün təqaüdün ödənilməsi mümkün deyildir.
36. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hеsаb еdir ki, iddiaçının “Prezident təqaüdünün ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn təqaüdün təsis edildiyi tarixdən ona təqaüd təyin edildiyindən, cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
37. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
38. Şərh edilənlərə və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova