Məhkəmə qərarları › İş №2-1(118)-301/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-301/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-301/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0057 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 5.70 ha ölçüdə torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə adlarına dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0057 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 5.70 ha ölçüdə torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə adlarına dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********62 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə üç nəfərdən ibarət ailəsinə Xaçmaz rayonu, Ərəb kəndi ərazisində 5.70 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-0057 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tanınır. X13 25 mart 2002ci il tarixdə Dövlət Aktı qeydiyyat kitabında 057 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət aktında adları göstərilmiş valideynləri: 1. atası X5 xx.xx.2006-cı ildə və 2.anası X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Dövlət aktında anası X1 adı səhvən Əliyə, ata adı isə Cabbar qızı yazılmışdır. xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, 0057 saylı Dövlət aktında X7 “X6” kimi oxunmalıdır, akt Qalağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsi 1997-ci il tarixdə müvafiq komissiya üzvləri tərəfindən yerində ölçülərək onlara təhkim olunduğu vaxtdan istifadələrindədir və orada kənd təsərrüfatı məhsulları əkib becərirlər. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçilərinə Dövlət tərəfindən ödənilən subsidiyanın verilməsi üçün həmin torpaq sahələrinə dair Dövlət reyestrindən çıxarışın alınması tələb olunur. İddiaçı ailəsinin mülkiyyətində olan 5.70 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Fikrət Nuşiyevin imzası ilə ona 14 dekabr 2022-ci il tarixli, **********62 nömrəli məktubla cavab verilmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-0057 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 5.70 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında həmin torpaq sahəsi 5.0 ha ölçüdə öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsaən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Hesab edir ki, cavabdehin məktubunda göstərilən əsaslarla mülkiyyətində olan 5.70 ha torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 5.70 ha torpaq sahəsinə dair ailə üzvlərinin adına olan JN-0055 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hər hansı səlahiyyətli Dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilməmiş və yaxud etibarsız hesab edilməmişdir. Dövlət Aktının özündə də göstərilir ki, X13 qeydiyyat kitabında 25 mart 2002ci il tarixdə 057 nömrə ilə qeydiyyata alınmışdır. Xaçmaz rayonunun Qalağan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışında qeyd olunur ki, İddiaçı və ailəsinə verilmiş, JN-0057 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə üç nəfərə cəmi 5.70 ha, adambaşına düşən pay 1,90 ha hesablanmışdır. Belə olan halda cavabdehin imtina məktubunda göstərilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsinin 5,0 ha ölçüdə öz əksini tapması barədə göstərilənlər tamamilə əsassızdır. Dövlət Aktında göstərilmiş rəqəm, yəni 5.70 ha orada göstərilmiş üç nəfər mülkiyyətçiyə düşən pay normasına uyğundur (3 x 1,90 ha =5.70 ha). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Xaçmaz rayonu Ərəb kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsmə daxil olmuş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Araşdıma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş jN-0057 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı nda torpaq sahəsinin ölçüsü 5.70 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 5.0 ha ölçüdə öz əksini tapmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcualuğunu, əlöə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçılar məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişlər. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0057 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 5.70 ha ölçüdə torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə adlarına dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını istəyir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının dövlət aktında adları qeyd edilən digər ailə üzvləri vəfat etmişdir. Cavabdeh inzibati orqn isə qeyd edir ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-0057 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı nda torpaq sahəsinin ölçüsü 5.70 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 5.0 ha ölçüdə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, JN 0057, KOD ********* torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 5.70 ha torpaq sahəsi verilmişdir. Xaçmaz rayon Qalağan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 119 saylı arayışında qeyd edilmişdir ki, iddaçı və onun ailə üzvlərinə dövlət aktı ilə 5.70 ha, adambaşına düşən pay 1.90 ha hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-3795/2023 saylı məktubunda qeyd edilmişdir ki, Xaçmaz rayon AİK-nı xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0057 KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında 5.0 hanan qeydiyyatdan keçmiş, cizgisi bazada öz əksini tapmışdır. X13nın təsdiq olunmuş və adlı siyahının surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı X2 adına verilmiş JN 0057 KOD 30210048 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının tərtib edilməsinə əsas olmuş sənədlərin surəti (Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 16 saylı Qərarından və Arxivdə mövcud olan Xaçmaz rayon, Ərəb kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq edilmiş surətləri) məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-X9 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-926/2023 saylı məktubu) Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1785/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : -iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 0057, KOD 30210048 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğundurmu? -iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-14220/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları (sxematik xəritə və ortofoto görüntüləri) sxemdə əks olunur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 0057, KOD 30210048 torpağa mülkiyyət hüquna dair Dövlət Aktı, islahat xəritə məlumatları üzərində torpaq sahəsinin koordinatlarında sürüşmələr mövcuddur,lakin iddiaçının faktiki naturada istifadə vəziyyəti elektron uçot xəritə məlumatlarına uyğundur və sahəsi 5.70 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası əkindir. Cavabdeh imtinasında JN-0057 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 5.70 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsinin 5.0 ha ölçüdə öz əksini tapdığını qeyd etsə də, məhkəməyə təqdim edilmiş aqrar islahat komisiyasının sənədlərindən və mütəxəssis rəyindən də göründüyü kimi sənəd üzrə və faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi 5.70 ha təşkil edir. Məhkəmə qeyd edir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Məhkəmə qeyd edir ki, uyğunsuzluq olduğu halda həmin uyğunsuzluğu aradan qaldırılması cavabdeh orqanın səlahiyyətinə aid edilmiş məsələdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməli, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş, iddiaçı və ailə üzvlərinin adına olan JN-0057 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 5.70 ha ölçüdə torpaq sahəsi üzərində X13nda adları qeyd edilmiş şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş, iddiaçı və ailə üzvlərinin adına olan JN-0057 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 5.70 ha ölçüdə torpaq sahəsi üzərində X13nda adları qeyd edilmiş şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar