Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3014/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (Quba rayonu Zərdabi kəndində yaşayan iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon, Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrində 4Ə-570 nömrə ilə qeydiyyata alınmış 12 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1, X2, X7, X8, X4, X5 tərəfindən satılmış Quba rayonu Zərdabi kəndində yerləşən 5400,0 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayon, Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrində 4Ə-570 nömrə ilə qeydiyyata alınmış 12 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1, X2, X7, X8, X4, X5 tərəfindən satılmış Quba rayonu, Zərdabi Kənd ünvanında yerləşən 5400,0 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X1, X2, X7, X9, X4, X6 arasında Quba rayon Dövlət notariat kontorunda 12 aprel 2006-cı il tarixdə təsdiq edilmiş və reyestrdə 4-Ə-570 nömrə ilə qeyd edilmiş müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyətçilər Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən JN-325 KOD 30316018 saylı Dövlət Aktı ilə 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 5400,00 kv m hissəsi iddiaçıya satmışlar. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsindən hal-hazırda da iddiaçı istifadə edir. O, qeyd edilən torpaq sahəsinə dair hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyd etdirərək çıxarış alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh təşkilat ondan alqı-satqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat tələb etmişdir. Bundan sonra Dövlət notariat arxivinə sorğu göndərmiş və həmin sorğuya cavabda Quba rayon Dövlət notariat olısində 12 aprel 2006-cı il tarixdə 4Ə-570 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması zamanı qeyd edilən müqavilənin arxivdə saxlanılan nüsxəsində 4Ə-570 reyestr nömrəli müqavilənin 26 iyul 2006-cı il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı aldığı cavabı da əlavə etməklə yenidən satın aldığı torpaq sahəsinə çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh təşkilata müraciət etmişəm. Lakin cavabdeh tərəfindən ona məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinni məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azaərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciəti araşdırılarkən onun təqdim edildiyi alqı-satqı müqaviləsində göstərilən nömrə və tarixlə müqavilənin digər şəxslər arasında rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -JN-325 KOD 30316018 seriyalı dövlət aktından görünür ki, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli 115 nömrəli qərarına əsasən X1 və ailə üzvlərinə 1.56 ha torpaq sahəsi ayrılmışdır. - -xx.xx.2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X1, X2, X7, X9, X4, X6 mülkiyyətlərində olan 1.56 ha torpaq sahəsindən 5400 kv m hissəsini İddiaçı satmışdır. - Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan müqavilənin Dövlət notariat arxivində saxlanılan nüsxəsində 4Ə-570 reyestr nömrəli müqavilənin 26 iyul 2006-cı il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə məlumat vermək imkan xaricindədir. - Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən 12 aprel 2006-cı il tarixdə 4Ə-570 və 26 iyul 2006-cı il tarixdə 4Ə-570 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır.Həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda arxivə təhvil verilmiş 4Ə-570 reyestr nömrəli müqavilənin Quba rayon dövlət notariat ofisində 26 iyul 2006-cı il tarixdə digər şəxslər barəsində rəsmləşdirildiyi müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı Quba rayon DNK tərəfindən təsdiq edilmiş 12 aprel 2006-cı il tarixdə 4-Ə-570 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 5400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı həmin alqı-satqı müqaviləsini cavabdeh inzibati orqana təqdim edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh müqaviləyə dair arxiv araışının təqdim edilməsini tələb etmişdir. Bundan sonra iddiaçı Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etdidkə həmin nömrəyə uyğun müqavilənin xx.xx.2006-cı il tarixdə digər şəxslər arasında rəsmiləşdiyi məlum olmuşdur. bundan sonra cavabdeh inzibati orqan iddiaçıya imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə Dövlət Aktında göstərilən məlumatların mötəbərliyini yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu verilmiş və alınmış cavabdan müəyyən edilmişdir ki, Quba rayon dövlət notariatkontoru tərəfindən təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilmiş və qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 4Ə-570 reyestr nömrəli müqavilənin Quba rayon dövlət notariat ofisində 26 iyul 2006-cı ildə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilən alqısatqı müqavilədəki məlumatların həqiqiliyi, yəni 5400 kv m torpaq sahəsinin mülkiyyətçilər tərəfindən iddiaçıya satılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qqanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3014/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3014/2022
26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver