Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3019/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixə qədər ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “əmək pensiyasının yenidən hesablanması və həmin məbləğin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək xx.xx.2012-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixə qədər ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci il tarixindən xx.xx.1973cü il tarixinədək təhsil illəri və xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 36 il 03 ay sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanın məbləği hesablanaraq xx.xx.2019-cu il tarixdən müəyyən məbləğ təyin edilmişdir. Həmin hesablamada nəzərdə tutulan xx.xx.2012-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək müəyyən edilən məbləğin necə hesablanaraq müəyyən edilməsi və dəqiq məbləğ nə qədər hesablanması məlum deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən onun 14 noyabr 2012-ci il tarixidən sosial ödəniş almaq hüququ yaranmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Lakin xx.xx.2012-ci il tarixindən xx.xx.2019-cu il tarixədək əmək pensiyası almağa hüququ çatır. İddiaçı həmin məbləğin dəqiq nə qədər olmasının yenidən hesablanmasını və ödənilməsini istəyir. Lakin müraciətinə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçı nə qədər sübutlar gətirsə də onlar həmin sübutlara əhəmiyyət vermədən əmək pensiyasını almağından onu əsassız məhrum edirlər. Belə ki, onun müraciətinə qanunsuz və əsassız olaraq imtina edilmişdir. Cavabdeh tərəfindən ünvanlanan imtina cavabında “inzibati izraat haqqında" Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ olduğu bildirilmişdir. Həmin xx.xx.2012-ci il tarixindən əmək pensiyası xx.xx.2019-cu il tarixədə dövlət tərəfindən ayrılmışdır. Ona görə də həmin müddətlərdə olan pensiyanın dəqiq yenidən hesablanaraq həmin məbləğin ödənilməsi əsaslı və qanunidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, işləməyə davam etdiyi üçün 2012-ci ildə pensiya təyinatı ilə bağlı müraciət etməmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır). xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya yaş həddi kişilər üçün 63 yaş müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.1949-cu il təvəllüdlü iddiaçının xx.xx.2012-ci il tarixdən yaşa görə pensiya almaq hüququ yaranmışdır. Sözügedən Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçıya xx.xx.2012-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, əmək pensiyası hüququnun xx.xx.2012-ci il tarixdən yarandığını, lakin ona son 3 ilin keçmiş dövr pensiya məbləğinin ödənildiyini bildirərək, pensiyanın hüququnun yarandığı 2012-ci il tarixdən ödənilməsinə qərar verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyasının xx.xx.2012-ci il tarixdən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-73022/2023 nömrəli məktubla məlumat verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqana pensiyasının təyin edilməsi üçün 01 iyul 2017-ci il tarixdən sonra (xx.xx.2022-ci il tarixdə) müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası nəzərə alınmaqla ona yalnız son üç il üçün ödəniş aparıla bilər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən olunmur. İddia mahiyyəti baxımındanda aşağıda qeyd edilənlərə əsasən əsaslı deyil. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixə qədər olan dövrlərin ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, əmək pensiyası hüququnun xx.xx.2012-ci il tarixdən yarandığını, lakin ona son 3 ilin keçmiş dövr pensiya məbləğinin ödənildiyini bildirərək, pensiyanın hüququnun yarandığı 2012-ci il tarixdən ödənilməsinə qərar verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyasının xx.xx.2012-ci il tarixdən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-73022/2023 nömrəli məktubla məlumat verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, işin hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, iddiaçıya iddiaçıya xx.xx.2012-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2012-ci il tarixdən yarandığına görə həmin tarixdən təyin edilməli və xx.xx.2019-cu il tarixə qədər ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilir: “...Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. ..... «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.” Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanuna əsasən: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin tələbindən göründüyü kimi əmək pensiyası almaq hüququ olan şəxsin əmək pensiyası müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə müraciət etdiyinə görə cavabdeh tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2012-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019cu il tarixdən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi iddiaçının 2012-ci ildə pensiya hüququ yaransa da, o işləməyə davam etmiş, pensiya hüququndan istifadə etməmiş, pensiya təyini ilə bağlı müraciəti zamanı isə, cavabdeh inzibati orqan qüvvədə olan qanunvericliyin tələblərinə uyğun olaraq pensiya təyinatı aparmış, iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığına görə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3019/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3019/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver