Məhkəmə qərarları › İş №2-1(118)-3023/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3023/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3023/2023 20.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “İddiaçı 2021-ci ilin iyun ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 Saylı Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən, İddiaçı ümumi xəstəlik diaqnozu ilə 2010-cu il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən, yəni 2010-cu il tarixdən başlayaraq 2016-cı ilin yanvar ayınadək fasiləsiz olaraq hər il müayinədən keçərək ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Həkim müayinəsindən hər dəfə keçdikdə əlilliyin müddəti hər dəfə bir il müddətinə artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 Saylı Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən, İddiaçı ümumi xəstəlik diaqnozu ilə yanvar 2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi dəqiq yadında deyil. Ancaq 2021-ci ilin iyun ayından etibarən əlillik dərəcəsinə uyğun olaraq təyin edilmiş pensiyanın verilməsi dayandırılmışdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, ona bu vaxta kimi ikinci dərəcəli əlillik müddətsiz təyin edilməmişdir. Bununla əlaqədar olaraq, 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, İddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavabdehə 24 fevral 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı İlə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə zidd olaraq ona, bu vaxta kimi ikinci dərəcəli əlillik müddətsiz təyin edilməmiş və qanunvericiliyin tələblərinin ziddinə olaraq onun 20 fevral 2023-cü il tarixli müraciətinə cavab verilməmişdir. Hesab edir ki, ona aşağıdakılara əsasən ikinci dərəcə əlillik müddətsiz təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən, Tibbi-Sosial Ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli. 1153-VQ saylı Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmin 4,2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göstərilən maddi hüquq normalarına əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır.

1. Belə bir hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı "əlilliyin müddətsiz təyin edilməsi" tələbinə dair iş üzrə: İş № 2-1(102)-147/2022 saylı, 19 yanvar 2022-ci il tarixli Qərarında (Hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8, X4 ibarət tərkibdə); Və

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı "ikinci dərəcəli əlilliyin bərpa edilməsi və əlilliyin müddətsiz müəyyən edilməsi" tələbinə dair iş üzrə; İş № 2-1(102)-2004/2022 saylı , 07 dekabr 2022-ci il tarixli Qərarında (Hakimlər: X9 (sədrlik edən və məruzəçi), X8, X4 ibarət tərkibdə) bildirmişdir; Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyini nəzərə alaraq, ona 2010-cu il tarixdən 2021-ci il tarixə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il və ondan artıq təyin olunduğundan, həmin tarixə ikinci dərəcəli əlillik müddətsiz təyin olunmalı idi. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə zidd olaraq ona, bu vaxta kimi ikinci dərəcəli əlillik müddətsiz təyin edilməmişdir. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasında və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən pozulmuş və pozulmaqda davam edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, İnzibati Prosessual Məcəllənin 33.1ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik: “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya {döş inağı] ~> İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X proqressivləşən gərginlik stenokardiyası f.s lll-İV. Hipertoniya xəst. İİ mərh. Tez-tez vegetativ damar krizlərlə.; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.Xzgərginlik stenokardiyası İİİ fs. QDÇ İİ dərəcə. Hipertoniya xəst.İİ В st.k/serebral forma hipertonik krizlərlə. Sol bazu oynağının postravmatik artrozu. Anemiya. Xr.pielonefrit; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X:gərginlik stenokardiyası İİİ fs. QDÇ İİ dərəcə.Hipertoniya xəst.ll В st.k/serebral forma, mərh.hipertonik krizlərlə.Sol bazu oynağının postravmatik artrozu.Anemiya.Xr.pielonefrit.; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü. İ .X.gərgin lik stenokardiyası İİİ fs. QDÇ İİ dərəcə.Hipertoniya xəst.ll В st.k/serebral forma.mərh.hipertonik krizlərlə.Sol bazu oynağının postravmatik artrozu.Anemiya.Xr.pielonefrit; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İVF.S. Ağırlaşma İ70 Ateroskleroz, Aorta və tac damarların aterosklerozu.Dislipidemiya. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı-ll F.S. (NYHA). Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİB St; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: .Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə 11,04.2022- ci il tarixli 0232003AAX8B saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2023-cü ilin aprel ayında, yəni təxminən 12 ay sonra xx.xx.2022-ci il tarixli 0232003AAX8B saylı göndəriş əsasında verilən xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir: 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə etmiş, izahatında bildirmişdir ki, qərar həmin tarixdə elektron sistemə yerləşdirilmiş, vətəndaşa sms məlumat da göndərilmişdir. 6 ay müddət ötürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022- ci il tarixli 0232003AAX8B saylı göndəriş əsasında baxıldıqdan xx.xx.2022-ci il tarixdə əlillik təyinatından imtina qərarı verilmişdir. İddiaçı qeyd edir ki, 2021-ci ilin iyun ayından etibarən əlillik dərəcəsinə uyğun olaraq təyin edilmiş pensiyanın verilməsi dayandırılmışdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, ona bu vaxta kimi ikinci dərəcəli əlillik müddətsiz təyin edilməmişdir. Bununla əlaqədar olaraq, 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, İddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavabdehə 24 fevral 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı İlə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə zidd olaraq ona,bu vaxta kimi ikinci dərəcəli əlillik müddətsiz təyin edilməmiş və qanunvericiliyin tələblərinin ziddinə olaraq onun 20 fevral 2023-cü il tarixli müraciətinə cavab verilməmişdir. İddiaçı 2021-ci ilin iyun ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsini istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarından narazıdır və ona 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsini istəyir. İddiaçı ərizəsində konkret olaraq xx.xx.2022-ci il tarixli qərarın ləğvini qeyd etməsədə mahiyyəti etibari ilə xx.xx.2022-ci il tarixli qərar mübahisələndirildiyi üçün hazırki iddia mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericilyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş xx.xx.2022-ci il tarixdən 1 illik müddəti də ötürmüş, xx.xx.2023cü il tarixdə iddia qaldırmışdır. İddiaçı tərəf məhkəmə iclasında mübahisələndirilən qərardan məlumtlı olmadıqlarını, həmin qərarın onlara çatdırılmadıqlarını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən görsənir ki, qeyd edilən qərar xx.xx.2022-ci il saat 16:10 da sistemə daxil edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin müddət ərzində iddiaçının xəstəliyinin ağırlıq dərəcəsi dəyişə bilər. Məhkəmə hesab edir ki, bu qədər müddətdən sonra məhkəmədə iddia qaldırılması hüquqi müəyyənlik prinsipi ilədə ziddiyət təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh orqana müddətsiz əlilliyin təyini ilə bağlı 20 fevral 2023-cü il tarixli müraciəti qanunvericiliyin göstərişinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bundan sonra əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. Belə ki, iddiaçıya 2-ci dərəcə əlilliyin müddətsiz təyini ilə bağlı müraciətinə baxılması üçün ilkin olaraq tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş olmalıdır. Bundan sonra isə iddiaçı ona 2-ci dərəcə əlilliyin müddətsiz təyini ilə bağlı cavabdeh orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar