Məhkəmə qərarları › İş №2-1(118)-3024/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3024/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3024/2023 19.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli Ə 983-001-20 saylı əmrinin ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixdə daxili işlər orqanlarında işə başlamış və orta rəis heyətində müxtəlif vəzifələrdə zabit rütbəsində xidmət etmişdir. Xidmət müddətinin təqaüdə çıxmaq hüququ verən 20 il müddətinə 2 ay 16 gün qalmış daxili işlər orqanlarından əsassız olaraq xaric edilmişdir. Belə ki, pandemiya dövründə qanunsuz əmrlərə tabe olmaq istəməmişdir. Yuxarı rəhbərliyə şikayət etdikdən sonra ona töhmət verilmiş, sonra isə orqanlardan xaric edilmişdir. Şikayət etdikdən O, xx.xx.2022-ci il tarixdə daxili işlər orqanlarına bərpa ilunmaq üçün müraciət etmiş, lakin müsbət cavab almamışdır. Əmrin surəti hazıradək ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən hüquqi yardm göstərildikən sonra iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, iddia müddətinin üzürlü səbəbdən buraxılmış hesab edilərək bərpa edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, son bir ildə onun anası ağır xəstələnmiş və vəfat etmiş, daha sonra isə qaynanası vəfat etdiyindən başı qarışmışdır. Bununla bağlı onun tərəfindən iddia müddəti ötürülmüşdür. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirdi və iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkünsüz sayılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Belə ki, iddiaçı əmr çıxarılan kimi xidmətdən xaric edildiyi ona elan olunmuş, bundan başqa xx.xx.2020-ci il tarixdə qəbzi imzalayaraq əmək kitabçasını qəbul etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarınə araşdıraraq hesab edir ki, iddia müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtlnda təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı həmin gündən xidmətdən xaric edildiyindən xəbərdar olmuşdur və həmin əmrin surətini almaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri almadığına görə və ya anasının xəstəliyi və daha sonra vəfatı ilə əlaqədar iddiaçının məhkəməyə 2 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçının təqdim etdiyi ölüm haqqında şəhadətnamədən görünür ki, anası X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, müvafiq iddia isə xx.xx.2023-cü ildə məhkəməyə verilmişdir. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli Ə 983-001-20 saylı əmrinin ona aid hissədə ləğv edilməsi tələbinə dair iddiası üzrə iddia müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar