Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3027/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “onun yəni, İddiaçı doğumunun dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “onun yəni, İddiaçı doğumunun dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya onu böyüdən insanlar tərəfindən verilən məlumata görə, o, 05 may 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş, anası Qurbanova (Baxışova) Sevda Nizami qızı onu ev şəraitində dünyaya gətirmiş, o doğulduqdan sonra vəfat etmişdir, atası X2 o, uşaq olanda vəfat etmiş, valideynlərinin sənədləri və şəxsiyyətini müəyyən etmək üçün hər hansı sənədləri yoxdur, ümumiyyətlə hal-hazıradək hər hansı sənədləri olmamışdır, valideyn olmadan böyümüşdür, kimlərin mərhəməti gəlibsə onlar onu evində saxlamışdır. Orta məktəb oxumamışdır, hər hansı təhsili yoxdur, çünki şəxsiyyətini müəyyən etmək üçün hər hansı sənədi olmamışdır.Orta məktəbdə təhsil almaq üçün şəxsiyyəti müəyyən edən sənədlərdən başqa həmçinin uşağın gündəlik ehtiyaclarını ödəmək lazımdır, valideynləri olmadığına görə kimsəsiz böyüdüyü üçün orta təhsil almaqdan ötrü kimsə onunla maraqlanmamışdır və aclıqdan ölməməyi üçün yemək verməklə kifayətlənmişdirlər. O, dərrakəsi yetən yaşdan Azərbaycanda yaşayır, onu böyüdən insanların verdiyi məlumata görə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən onu körpə olanda başqa bir uşağın doğum haqqında şəhadətnaməsi ilə Naxçıvandan Bakıya gətiriblər, uzun müddətdir ki, Sumqayıt şəhərində yaşayır. 14-15 yaşından başa düşmüşdür ki, işləməyə başlamalıdır, ac qalmamaq, hər hansı geyim almaq imkanına malik olmaq üçün pul qazanmalıdır, həmin vaxtdan etibarən harda nə iş tapsa işləyir. Uzun müddətdir ki, kirayə evlərdə tək yaşayır, bu vaxta qədər ailə həyatı qurmamış, övladı olmamış, qohumlar arasında onu axtaran, arayan olmamış, onunla maraqlanmamışdırlar. Özünün tək bir fikri olmuşdur- gündəlik iş tapıb pul qazanmaq, kirayə mənzil üçün pul ödəmək, qida və geyim almaq üçün pul qazanmaq, kommunal xidmətləri ödəmək üçün pul qazanmaq, və sairə ehtiyacları ödəmək üçün pul qazanmaq. Yalnız yaşaya bilmək üçün çalışmışdır. Onu qohumlardan axtaran, maraqlanan olmamışdır, o da qohumlardan heç kim ilə maraqlanmamışdır, buna qətiyyən maddi imkanı olmamışdır. Sənədsiz və təhsilsiz haradasa iş tapmaq çətindir. Tapa bildiyi iş- süpürgəçi, qabyuyan və sairə bu kimi təmizlik işləri olmuşdur. Heç olmasa şəxsiyyət vəsiqəsi olsaydı normal işi olardı, daimi işi olardı, Azərbaycan Respublikasının insanlara verdiyi hüquqlardan istifadə edərdi. İnsan kimi şəxsiyyətini müəyyən etmək üçün ilkin sənədlərə ehtiyacı var. Reallıq bundadır ki, doğulduqdan sonra küçəyə atılmış insanlar qədər də bəxti gətirməmişdir, onlar küçədən götürüləndə kimsəsiz uşaqlar evində onlara sənəd verirlər, ona isə heç o da nəsib olmamış, kiminsə ağlına gəlməmişdir ki, uşaq vaxtı ona sənəd alsınlar. Tamamilə çarəsiz vəziyyətdədir. Hazırda işlədiyi müddət ərzində əməyi ilə qazandığı insanlar var həyatında- iş yoldaşları var. İş yoldaşları onun varlığına şahid dura bilər. Onun Azərbaycanın hansı ərazisində və neçənci ildə doğulduğuna dair sənədi olmasa da insandır. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 1976-cı il 23 mart tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktına dair birinci Fakültativ Protokola qoşulması haqqında 29 iyun 2001-ci il tarixli 162-1İQ nömrəli Qanununa əsasən, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1976-cı il 23 mart tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktına dair birinci Fakültativ Protokola qoşulmuşdur, həmin Pakta əsasən: 1. Hazırkı Paktda iştirak edən hər bir dövlət, onun ərazisi hüdudlarında və onun yurisdiksiyası altında olan bütün şəxslərin hazırkı Paktda qəbul edilən hüquqlarına, irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları ilə bağlı əlamətlərinə heç bir fərq qoymadan hörmət etməyi onların bu hüquqlarını təmin etməyi öhdəsinə götürür. Maddə 16. Hər bir insan, harada olmasından asılı olmayaraq, hüquq subyekti kimi qəbul edilmək hüququna malikdir. Maddə 24. Hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. 3. Hər bir uşaq vətəndaşlıq əldə etmək hüququna malikdir. Maddə 26. Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bununla bağlı ayrıseçkiliyin bütün növləri qanunla qadağan olunmalıdır və qamın istənilən əlamətə: irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və ya digər halları ilə bağlı əlamətlərə görə ayrı-seçkiliyə qarşı bütün şəxslərə bərabər və səmərəli müdafiə təminatı verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" : 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 2.13. Valideynləri naməlum olan uşağın doğumunun qeydiyyatı zamanı ad, ata adı və soyad yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının göstərişi ilə yazılır. 2.23. Müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itirilmiş vətəndaşlıq vəziyyəti aktlarının bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. Hazırda neçə yaşında olduğunu müəyyən etmək üçün tibbi müayinə-ekspertiza təyin edilməsini xahiş edir. O, yetkinlik yaşına çatmış insan olduğu üçün, valideynləri barədə hər hansı sənədlərin olmaması səbəbindən valideynləri haqqında məlumat naməlum olduğu üçün, ümumiyyətlə şəxsiyyətini müəyyən etmək üçün hər hansı sənədləri olmadığı üçün, sahib olduğu məlumatların yazılı sənədlərlə təsdiqi olmayan yalnız şifahi informasiya olduğu üçün, nə doğum faktının müəyyən edilməsi mümkündür, nə də ki doğumun qeydə alınması faktının müəyyən edilməsi mümkündür. Tək çıxış yolu onun ərizəsi əsasında doğumunun qeydə alınmasıdır. Şəxsiyyət vəsiqəsi almaq üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır, bundan ötrü isə onun bu dünyada doğulduğu qeydə alınmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında özünü İddiaçı kimi təqdim edən şəxs iştirak etmiş, lakin onun şəxsiyyətini müəyyən edəcək hər hansı bir sənədi olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı doğumunun dövlət qeydiyyatının aparılmasını istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas Müddəaların 14-cü bəndinə əsasən İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Əsas Müddəaların 16-cı bəndinə əsasən, Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Lakin hazırki işdə iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi üçün inzibati orqana itmiş qeydinin bərpası üçün lazım olan sənədləri və ya məhkəmənin qətnaməsini təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İnzibati orqan qeyd etmişdir ki, İddiaçı Cavabdeh arxivində, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Eyni zamanda inzibati orqan əsaslı olaraq hüquqi müdafiyə vasitəsi kimi iddiaçının ümumi məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın hərəkətlərində hərhansı qanunsuzluq olmamışdır. Belə ki, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmək imkanı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Bunun nəticəsinə uygun olaraq təkrar inzibati orqaana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3027/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3027/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver