Məhkəmə qərarları › İş №2-1(118)-303/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-303/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-303/2020 19.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, onun hərbi xidmətdən azad olunmağına dair əmrin ləğv edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cü bəndinə əsasən bağlaşmanın ləğv edilməsi ilə bağlı xidmətdən azad olunmağı barədə yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanılmış kontrakt müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək DSX–nin Sərhəd Qoşunları Xidmətinin Astara Nəzarət-Buraxılış Məntəqdəsində pasport nəzrətçisi və qeydiyyatçısı vəzifəsində xidmət etmişdir. O, xx xxxx 2019-cu il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinə ərizə verib edib öz xahişi ilə işdən azad olunmuşdur. O cavabdeh inzibati orqana işə qəbul olunduğu gündən onun hüququları daima pozmuş, kontrakt müqaviləsinin bir nüsxəsini ona təqdim edilməmiş, müqavilə üzrə hansı hüququ və vəzifələrə malik olduğu barədə ona məlumat verilməmişdir, qanunla müəyyən olunmuş iş normalarından artıq gecə və gündüz qanunsuz olaraq xidmətə cəlb olunmuş və artıq işlədiyi saatların pulları ona kompensasiya edilməmişdir. Cavabdeh onun qanunda, habelə kontrak müqaviləsində göstərilən hüquqlarını pozduğu üçün o ərizə yazıb könüllü olaraq xidmətdən azad olunmağını xahiş etmiş, lakin cavabdehin nümayəndələri bundan imtina etmişlər və ondan tələb etmişlər ki, rəhbərliyə raport yazsın ki xidməti uyunsuzluğa görə onu xidmətdən azad etsinlər. Təzyiqlərlə üzləşdiyi üçün, iradəsinə zidd olaraq həmin raportu yazmağa məcbur edilmişdir. Lakin, ximətdən azad olunduqdan sonra da cavabdeh onun hüquqlarını pozmağı davam etmişdir, işdən azad olumağına dair Əmrin (Sərəncamın) surəti ona təqdim etməkdən imtina etmiş, xidmət etdiyi müddətin əmək kitabçasına daxil edilib–edilməməsindən heç bir xəbəri olmamışdır. Yaxın zamanlarda başqa bir dövlət qurumuna işə düzəlmək istəyərkən barəsində yoxlama aparılmış və müəyyən edilmişdir ƏƏSMN–nin internet bazasında məlumat baza sistemində qeyd edilmişdir ki, o, Dövlət Sərhəd Xidməti orqanından vəzifəyə uyğun olmadığı üçün işdən xaric edilmişdir. Bildirdi ki, cavabdeh ona yazdırdığı raport əsasında onu “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikası Qanunun 41.0.6 maddəsi ilə, yəni xidmətə uyğunsuzluğa görə xidmətdən xaric edilməyi tam qanunsuzdur. Belə ki, şəxsin xidmətə uygunsuzluğu onun yazdığı raport əsasında deyil, sağlamlıq vəziyyətinin hərbi xidməti davam etməyə imkan vermədiyinə dair qanunda müəyyən edilmiş qaydada verilmiş tibbi rəy əsasında müəyyən edilir. O, dəfələrlə cavabdeh inzibati orqana müraciət etmiş, Əmrin surətini tələb etmiş, əmrdə müvafiq düzəlişlər edilməsi xahiş etmiş və bununla bağlı cavabdeh tərəfindən heç bir cavab verməmişlər. Bundan sonra o vəkilə müraciət etmiş və sonuncunun vasitəsi ilə cavabdehə sorğusu göndərib Əmrin surətlərinin təqdim edilməsini və əmrdə olan yanlışlıqların aradan qaldırılması xahiş etmişdir. Cavabdeh tərəfindən vəkilin sorğusuna cavab olaraq məlumat vermişlər ki, o “Hərbi vəzifə və hərbi xidmət haqqında “ Azərbaycan Respublikası Qanunun 41.0.6 maddəsi ilə xidmətə uyğun gəlmədiyinə görə xidmətdən xaric edilmişdir. Bu barədə cavabdeh ona xx.xx.2019– cu il tarixli 33/6254 saylı imtina məktubu göndərmişdir, raportu və əmrin surətini həmin məktuba əlavə etməklə ona göndərmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı və onun vəkili eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barəsində cavabdeh inzibati orqan lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan prosesə baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş raportun, söhbət vərəqələrinin, bağlaşmanın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx xxxx 2019-cu il tarixli, 0182 nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, gizir İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli “Bağlaşma”nın 1.1.1-ci və 2-ci bəndlərindən görünür ki, İddiaçı 5 il müddətinə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunub və “Bağlaşma əsasında həqiq hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.23-cü bəndində göstərilən hallar mövcud olduqda, bağlaşma ləğv edilir. İş materiallarına əlavə edilmiş Astara SNM-nin sərhəd nəzarət bölməsinin nəzarətçisi gizir İddiaçı ilə aparılmış xx xxxx 2019-cu il tarixli söhbət haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, söhbət zamanı onun xidməti fəaliyyəti ətraflı təhlil edilmiş, şikayət və təklifləri dinlənilmiş, ona qalıb xidmətini davam etdirilməsi təklif edilmişdir. Lakin o, hərbi xidmətini davam etmək arzusunda olmadığını və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Həmçinin gizir İddiaçı edilmiş təklifə görə minnətdarlığını bildirərərk, tərxis olunma barədə qərarının qəti olduğunu qeyd edilmişdir. Sonda ona qərarına bir daha baxmaq üçün əlavə vaxt verilmişdir. Gizir İddiaçı arayışın mətni ilə tanış oluması, yazılanlarla razı olması barədə imza etmişdir. İş materiallarına əlavə edilmiş Astara SNM-nin sərhəd nəzarət bölməsinin nəzarətçisi gizir İddiaçı ilə aparılmış xx xxxx 2019-cu il tarixli söhbət haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, gizir İddiaçı ilə "Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yazdığı raportla əlaqədar Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə söhbət aparılmışdır. Söhbət zamanı tərxis olunmaq arzusunun səbəbləri araşdırılarkən o, hərbi xidmətini davam etdirmək arzusunda olmadığını bildirmiş və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Daha sonra ona tərxis olunmaq barədə qərarını həyata keçirməyə tələsməyərək xidmətini davam etdirməsi və xidmət yerinin dəyişdirilməsi təklif olunmuş, lakin gizir İddiaçı edilmiş təklifə görə minnətdarlığını bildirərək, tərxis olunma barədə qərarının qəti olduğunu qeyd etmişdir. Tərxislə bağlı xidmət dövründə səhhətində yarana biləcək problemlərin müəyyənləşdirilməsi ilə əlaqədar gizir İddiaçı DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi təklif edilsədə o, bundan yazılı surətdə imtina etmişdir. Həmçinin, gizir İddiaçı mövcud Qanunvericiliyin və Əsasnamənin tələbləri bir daha çatdırılmış və xidmət illəri ilə tanış edilmişdir. Söhbətin sonunda gizir İddiaçı onunla aparılmış səmimi söhbətə görə razılığını bildirərək, tərxis edilməsi ilə əlaqədar şikayətinin olmadığını, təklifinin isə, yalnız tərxis olunmasının tezləşdirilməsi xahişindən ibarət olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş raportun təsdiq edilmiş surətindən görünür ki, o, “Astara” sərhəd nəzarəti məntəqəsinin rəisi kapitan Nəimi Ələsgərovdan DSX-nin Sərhəd Nəzarəti xidmətindən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, Sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar həkim komissiyasında şəhadətləndirilməyə, müalicə və müayinəyə ehtiyacı olmadığını bildirmişdir. Onun Silahlı Qüvvələrdən ehtiyata buraxıldığı təqdirdə sənədlərinin SHXÇDXn-n Naxçıvan Muxtar Respublikasının Culfa rayon idarəsinə göndərilməsini xahiş etmişdir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 37.1.2-ci maddəsinə əsasən bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün hərbi xidmətə başladığı gün hesab edilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təstiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.10.3-cü bəndinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olullar. Həmin Qaydadaların 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Həmin Qaydaların 3.23-cü bəndinə əsasən hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. Həmin Qaydaların 3.25.2-ci bəndinə əsasən gizirlər və miçmanlar üçün - 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır; Yuxarıda sadalanan normalarda ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. Nəzərə alınmalıdır ki,İddiaçıAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti ilə imzaladığı bağlaşmaya əsasən üzərinə düşən vəziləri 5 il müddətinə yerinə yetircəyinə dair üzərinə öhdəlik götürmüşdür, lakin o,vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Qeyd olunan bağlaşmanın ləğvi qaydası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyyata buraxıla bilər. Hesab olunur ki, qeyd olunan Qanunun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün nəzərədə tutulmuş hər hansı digər halın İddiaçı mübasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən tətbiq edilməsi düzgün olmazdı. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qənaətinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi halda, iddiaçı tərəfindən mübahisəli əmrdə dəyişiklik edilərək, onun verilməsinə əsas kimi «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) qeyd olunması üçün yetərli əsasların olması iş üzrə müəyyən olunmur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı halda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx xxxx 2019-cu il tarixli, 0182 nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə təsdiq edilmədiyindən iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, onun hərbi xidmətdən azad olunmağına dair əmrin ləğv edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cü bəndinə əsasən bağlaşmanın ləğv edilməsi ilə bağlı xidmətdən azad olunmağı barədə yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar