Məhkəmə qərarları › İş №2-1(118)-3031/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3031/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3031/2022 25.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş A№ 071711 saylı torpaq sahəsinin plan və ölçü sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 0.10 ha-dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi və iddiaçıya həmin torpaq sahəsinin 0.10 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi 30 mart 1990-cı il tarixli 23-6 saylı sərəncamı ilə ayrılmış 0.10 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, X4 adına verilmiş A№ 071711 saylı torpaq sahəsinin plan və ölçü sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə iddiçıya ayrılmış 0.10 ha-dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi və iddiaçıya həmin torpaq sahəsinin 0.10 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3031/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edimişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1944-cü ildə Alaverdi şəhərində anadan olmuşdur və hal-hazırda Abşeron rayonu, Masazır kəndində yaşayır. Uzun illər Xırdalan südçülük savxozunda çalışmışdır. Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1989-cu il tarixli 111 nömrəli qərarı ilə fərdi ev tikmək üçün sovxozda işləyən Ermənistan SSR-dən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına sovxozun direktorunun 23 mart 1989-cu il tarixli 25 nömrəli və 28 noyabr 1989-cu il tarixli 108 nömrəli əmri ilə hər bir işçiyə Masazır kəndindən 0.10 (ha) və Bakı quşçuluq fabriki sahəsindən 0.06(ha) torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Sovxozun müdriyyəti və Həmkarlar təşkilatı həmin torpaq sahələrində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyyə olunan layihə üzrə fərdi ev tikməyə icazə verilməsi barədə 27 mart 1990-cı il tarixli 66 və 67 nömrəli məktubla Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsindən xahiş etmişdir. Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi 30 mart 1990-cı il tarixli qərarı ilə siyahıda adları qeyd edilmiş vətədaşların Azərbaycan SSR-də kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə fərdi ev tikməsini məqsədəuyğun hesab etmişdir. Həmin siyahıda 27-ci sırada onun adı qeyd olunmuşdur. Bu torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə 28 iyun 2022-ci il tarixli ********* qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********79 nömrəli cavab məktubu ilə imtina edilmişdir. İmtina məktubunda müraciət etdiyi 0.10 ha torpaq sahəsinin Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı fərdi evinin tikintisinə icazə verilməsi barədə sərəncam ilə ayrıldığı və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi yazılmışdır. Həmçinin torpaq sahəsinin yaxınlığından 1400 mm magistral su kəmərinin keçdiyi, torpaq sahəsinin 150 kv.m hissəsinin yolun mühafizə zolağında yerləşdiyi, 65 kv.m hissəsinin isə ümumi istifadədə olan yol olduğu bildirilmişdir. Hesab edir ki, imtina əsassızdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X7 həmin torpaq sahəsinin iddiaçının oğlu ilə aralarında olan razılaşma əsasında ona verildiyini, torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olduğunu, torpaq sahəsinin sənədlərinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı 1. 0,10 ha torpaq sahəsinin Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı ilə ayrıldığı; 2.Torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi; 3. Sənəd üzrə 0.10 ha qeyd olunsa da faktiki müayinə olunan torpaq sahəsinin 0.09 ha olduğu; 4. Torpaq sahəsinin **********90-10301 reyestr nömrəli çıxarışa əsasən X5 məxsus fərdi yaşayış evinin yerləşdiyi (istifadəsində olan) torpaq sahəsi ilə üst-üstə düşdüyü; 5. Torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşdüyü; 6. Təqdim edilmiş yerquruluşu planından çıxarışa əsasən isə : a. torpaq sahəsinin 150 kv.m hissəsinin yolun mühafizə zolağında yerləşdiyi; b. 65 kv.m hissəsinin ümumi istifadədə olan yol olduğu; 7. Müraciətlə bağlı "xxxx" ASC-nə sorğu göndərilmiş və sözügedən qurum tərəfindən cavab olaraq torpaq sahəsinin yaxınlığından 1400 mm olan magistral su kəmərinin keçdiyi bildirildiyi müəyyən edilmişdir. Qanunvericiliyə torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq İcra Hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsəsən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim edilən sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 664 saylı Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. "Avtomobil yolları haqqında” 22 dekabr 1999-cu il tarixli AR Qanunun 15-1-ci maddəsinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri"nin təsdiq edilməsi haqqında AR NK-nın 11 sentyabr 2015-ci il tarixli qərarına əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. 'Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının, (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekə qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın döviət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-cı maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Xırdalan qəsəbə İcraiyyə Komitəsinin 23-6 saylı, 30 mart 1990-cı il tarixli “Xırdalan südçülük sovxozunda işləyən, Ermənistan SSR-dən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına verilmiş həyətyanı torpaq sahələrinə fərdi yaşayış evi tikilməsinə icazə verilməsi” haqqında qərardan çıxarışdan görünür ki, Xırdalan südçülük sovxozunun əmək kollektivi iştirakçısı ilk həmkarlar İttifaqının təşkilatı müdriyyətin 20 mart 1989-cu il tarixli 2 №-li və 26 noyabr 1989-cu il tarixli 9 №-li qərarı, sovxoz direktorunun 23 mart 1989-cu il tarixli 25 №-li v 28 noyabr 1989-cu il tarixli 108a №-li əmri ilə İddiaçı torpaq sahəsinin naturada bölgüsü RİK-i memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş, həyətyanı torpaq sahəsində Azərbaycan SSRdə kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə fərdi ev tikilməsi məqsədəuyğun hesab edilmişdir. - İddiaçı adına tərtib edilmiş Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş A № 071711 saylı, 21 iyul 2001-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Abşeron rayon RİK-nin xx.xx.1990-cı il tarixli 250 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə dair X4 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Məhkəməyə sorğu əsasında cavabdeh orqandan daxil olmuş 02 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, X4 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər arxiv əsaslarında aşkar olunmamışdır. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəməyə ünvanladığı 10 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ayrılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazi (Abşeron rayonu, Əliağa Vahid küçəsi) yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə (0,10 ha torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. - "xxxx" Açıq Səmdar Cəmiyyəti “Abşeron Sukanal” İdarəsinin məhkəməyə ünvanladığı 15 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin “Yerquruluşu planından çıxarış”ına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsində "xxxx" ASC-yə məxsus su və kanalizasiya xətti mövcud deyil. - Cavabdehin 22 iyul 2022-ci il tarixli və 24 noyabr 2022-ci il tarixli bildirişlərindən görünür ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xırdalan qəsəbə İcraiyyə Komitəsinin № 23-6 saylı, 30 mart 1990-cı il tarixli “Xırdalan südçülük sovxozunda işləyən, Ermənistan SSR-dən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına verilmiş həyətyanı torpaq sahələrinə fərdi yaşayış evi tikilməsinə icazə verilməsi” haqqında qərarı ilə İddiaçı torpaq sahəsi təhkim edilmiş, həyətyanı torpaq sahəsində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə fərdi ev tikilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədə əsasən iddiaçı ona ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi üçün ərizə ilə cavadeh idarəyə müraciət etmişdir. Lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının tələbi iki hissədən ibarətdir:

1. X4 adına verilmiş A№ 071711 saylı torpaq sahəsinin plan və ölçü sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə iddiçıya ayrılmış 0.10 ha.dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi;

2. Ona həmin torpaq sahəsinin 0.09 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; Məhkəmə iddiaçının ilkin tələbinə münasibətdə bildirir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu əsasında əldə edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, inzibati orqan tərəfindən texniki yanlışlığa yol verilərək, X4 adına verilmiş A№ 071711 saylı torpaq sahəsinin plan və ölçü sənədində yanlışlıqla, iddiaçıya məxsus olan torpaq sahəsinin koordinatları qeyd edilmiş, yəni X4 adına iddiaçıya məxsus olan torpaq sahəsi ilə bağlı texniki sənəd verilmişdir. Məhkəmə iddiaçının digər tələbinə münasibətdə bildirir ki, tələbi qismən əsaslıdır. Bundan başqa cavabdeh inzibati orqan imtinasının əsasları kimi:

1. 0,10 ha torpaq sahəsinin Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı ilə ayrıldığını; 2.Torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyini;

3. Sənəd üzrə 0.10 ha qeyd olunsa da faktiki müayinə olunan torpaq sahəsinin 0.09 ha olduğunu;

4. Torpaq sahəsinin **********90-10301 reyestr nömrəli çıxarışa əsasən X5 məxsus fərdi yaşayış evinin yerləşdiyi (istifadəsində olan) torpaq sahəsi ilə üst-üstə düşdüyünü;

5. Torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşdüyünü;

6. Təqdim edilmiş yerquruluşu planından çıxarışa əsasən isə : a. torpaq sahəsinin 150 kv.m hissəsininyolun mühafizə zolağında yerləşdiyini, b. 65 kv.m hissəsinin ümumi istifadədə olan yol olduğunu;

7. Müraciətlə bağlı "xxxx" ASC-nə sorğu göndərilmiş və sözügedən qurum tərəfindən cavab olaraq torpaq sahəsinin yaxınlığından 1400 mm olan magistral su kəmərinin keçdiyi bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. İlk olaraq məhkəmə qeyd edir ki, Xırdalan qəsəbə İcraiyyə Komitəsinin № 23-6 saylı, 30 mart 1990-cı il tarixli “Xırdalan südçülük sovxozunda işləyən, Ermənistan SSRdən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına verilmiş həyətyanı torpaq sahələrinə fərdi yaşayış evi tikilməsinə icazə verilməsi” haqqında qərarı ilə İddiaçı Abşeron rayonu, Masazır kəndi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda göstərilən qanunvericilik normalarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisinin həmin torpaq sahəsinə mülkiyyət hüququ var. Cavabdeh inzibati orqan imtinasının ilkin əsası kimi iddiaçıya 0,10 ha torpaq sahəsinin Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı ilə ayrıldığını və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, torpaq sahəsinin ayrılması barədə sərəncamın adının “fərdi yaşayış evinin tikintisinə icazə verilməsi” kimi qeyd olunması, həmin sərəncam əsasında iddiaçıya torpaq saəsinin ayrılmasını istisna etmir. Belə ki, həmin qərarın məzmunundan görünür ki, Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı sərəncamı ilə iddiaçıya Abşeron rayonu, Masazır kəndi ərazisindən 0.10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır və texniki yanlışlığa yol verilərək sərəncamın adı “fərdi yaşayış evinin tikintisinə icazə verilməsi” kimi qeyd olunmuşdur. İnzibati orqan tərəfindən qeyd olunan sənədin adının yanlış qeyd olunması vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz. Həmçinin orqan tərəfindən torpaq sahəsinin ayrıc aktının müvafiq dövlət orqanına təqdim edilməməsi də vətəndaşın əleyhinə şərh olunmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Cavabdeh orqan imtinasının digər bir əsası kimi torpaq sahəsinin sənəd üzrə 0.10 ha qeyd olunsa da, faktiki müayinə olunan torpaq sahəsinin 0.09 ha olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin 0.09 ha kimi qeyd olunmasına etiraz etməmişdir. Belə olan halda qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini də əsassız hesab edir. Cavabdeh orqan imtinanın digər əsası kimi torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşdüyünə əsaslandırmışdır ki, məhkəmə bununla bağlı mövqeyini yuxarıda bildirmişdir. Cavabdeh orqan imtinanın digər əsasları kimi təqdim edilmiş yerquruluşu planından çıxarışa əsasən isə a. torpaq sahəsinin 150 kv.m hissəsininyolun mühafizə zolağında yerləşdiyini; b. 65 kv.m hissəsinin ümumi istifadədə olan yol olduğunu və torpaq sahəsinin yaxınlığından 1400 mm olan magistral su kəmərinin keçdiyi bildirildiyi müəyyən edildiyini bildirmişdir. Məhkəmə sorğusu əsasında əlavə edilmiş "xxxx" Açıq Səmdar Cəmiyyəti “Abşeron Sukanal” İdarəsinin 15 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin “Yerquruluşu planından çıxarış”ına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsində "xxxx" ASC-yə məxsus su və kanalizasiya xətti mövcud deyildir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ayrılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazi (Abşeron rayonu, Əliağa Vahid küçəsi) yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə (0,10 ha torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. Qeyd olunan məktublar cavabdehin imtinasının əsassız olduğunu özü-özlüyündə bir daha təsdiq edir. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınması və üçüncü şəxsin “torpaq sahəsinin plan və ölçü sənədi”nin ləğv edilməsi ilə bağlı imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Eyni zamanda iddiaçının üçüncü şəxsin “Torpaq sahəsinin plan və ölçü sənədi”nin ləğv edilməsi ilə bağlı müraciəti də qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsi əsassızdır. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X4 adına verilmiş A№ 071711 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə İddiaçın ayrılmış 0.10 ha-dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi və İddiaçı həmin torpaq sahəsinin 0.09 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. X4 adına verilmiş A№ 071711 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə İddiaçın ayrılmış 0.10 ha-dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi və İddiaçı həmin torpaq sahəsinin 0.09 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar