Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3033/2023 07.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı qərarının onun mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqında Sumqayıt Bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı iclas protokolu qərarının ləğv edilməsi hissəsində ləğv olunması barədə qərar çıxarılması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-cı ilin ortalarında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin ərazisində fərdi ev tikintisi məqsədi ilə mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsini xahiş etmiş, onun müraciəti Sumqayıt Bələdiyyəsində müsbət qarşılanmış və torpaq sahəsinin mülkiyyətinə ayrılması məqsədəuyğun sayılmışdır. Bununla bağlı olaraq Sumqayıt Bələdiyyəsinin müraciətləri əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafiq rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə alqı-satqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Həmin rəylər bələdiyyəyə daxil oduqdan sonra bələdiyyənin ona verdiyi hesab-faktura sənədi əsasında o mülkiyyətinə verilməsi nəzərdə tutulan torpağın alqı-satqı haqqı olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitini Sumqayıt Bələdiyyəsinin hesabına ödəmişdir. Bu ödənişdən sonra Sumqayıt Bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı iclas protokolunun qərarı ilə Sumqayıt şəhərinin cənubunda, ”Samur-Abşeron” kanalının şimalında salman Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsinin ərazisində sahəsi 600 kvadrat metr olan 176 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi məqsədi ilə mülkiyyətinə ayrılmışdır. Eyni zamanda həmin torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu Sumqayıt Bələdiyyəsi tərəfindən hazırlanaraq ona verilmiş, habelə torpağın yerində ona təhvil verilməsi barədə təhkim aktı tərtib edilərək ona təqdim olunmuşdur. Lakin o göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilməyərək torpağın müvafiq hüquqi sənədlərini əldə edə bilmir. Belə ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə bir neçə gün əvvəl müraciət etdikdə ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar üzərində hüquqlar dövlət qeydiyyatından keçirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt Bələdiyyəsinə müraciət etdikdə də ona bildirilmişdir ki, həqiqətən torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmiş və iddiaçı təkrarən bələdiyyəyə müraciət etməli, torpağın hal-hazırda müəyyən olunmuş dəyərini ödəməklə həmin torpaq sahəsinin qüvvədə olan yeni qanun normalarına uyğun mülkiyyətinə almalı imiş. Halbuki, o üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş və bələdiyyə qərarının ləğvi onun məlumatı olmadan həyata keçirilmişdir. Beləliklə, onun hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət edərək öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının ona aid olan hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi X2 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Sumqayıt Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı qərarının, Sumqayıt Bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı iclas protokolu qərarının təsdiqlənmiş surəti, Kassa mədaxil orderi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 02/2675 nömrəli rəyinin surəti, Torpağın alqı-satqısına dair akt, Torpaq sahəsinə dair İnşaat pasportunun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı iclas protokolu qərarı ilə iddiaçıya 600 m2 fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsi satılmışdır. Həmin qərarın qəbul edilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarla Sumqayıt şəhər bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı iclas protokolu qərarını ləğv etmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndində bələdiyyələrə öz qərarlarını ləğv etmək səlahiyyəti verilsə də hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Göründüyü kimi bələdiyyələr başqa şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. İstisu bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının İddiaçı aid olan hissədə qanunsuz olduğundan ləğv olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının İddiaçı aid olan hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3033/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3033/2023
07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver