Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3034/2025 15.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdeh inzibati orqanın 3-17-1/2-Q-70995/2024 saylı xx.xx.2024- cü il tarixli və 3-17-1/3-3-5308/2024 saylı xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdeh inzibati orqanın 3-17-1/2-Q-70995/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-17-1/3-3-5308/2024 saylı xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən 2 nömrəli siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasından bu ilin aprel ayından başlayaraq cavabdeh təşkilat tərəfindən qanunsuz tutulmalar həyata keçirilir. Belə ki, 2024-cü ilin aprel ayına qədər əmək pensiyası 988 manat təşkil etmişdir. Lakin aprel ayından başlayaraq 473 manat, iyun ayından isə 492 manat olmaqla əmək pensiyası alır. Cavabdeh təşkilat iddia edir ki, pensiya təyinatı zamanı 19 iyun 1997-ci ildə yaş həddinə edilmiş dəyişiklik nəzərə alınmamış və pensiya 2008-ci ildə 55 yaşının tamamında təyin olunmuşdur. Cavabdeh təşkilat onun əslində xx.xx.2010-cu il tarixdə pensiya çıxmalı olduğunu və bununla bağlı özünün səhvini etiraf edir və hesab edir ki, bu səhv ucbatından son 3 ilin əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği tutulmalıdır. Hesablama apararaq bu məbləğin 14097 manat olduğunu müəyyən etmiş və məndən pul tutmağa başlamışdır. Hesab edir ki, cavabdeh təşkilatın bu əməlləri tam qanunsuzdur, bu tutmaların heç bir hüquqi əsası yoxdur. Cavabdeh təşkilatın ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilir ki, "Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra-Qanun) 9.1-ci maddəsinin 1 İyul 2017-ci il tarixiniədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində,həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın,peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı İİ tarixinədək Qanunun 9.1-ci maddəsidə göstərilən göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanun 13-cü maddəsinin "a" bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nörməli Qanunun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, lavqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. İddiaçı bununla razı deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi pensiya təyinatı ilə bağlı cavabdeh təşkilatın iddia etdiyi səhv onun səhvi deyil, cavabdehin öz təqsiri ucbatından yaranmışdır. Pensiya təyinatı cavabdehin işidir və onun səlahiyyətlərinə aid məsələdir. Burada onun qanunla qorunan maraqları şübhə altına alınır və cavabdehin bu hərəkətləri iddiaçının əmlak vəziyyətini xeyli çətinləşdirir. Birdəfəlik və ya mütəmadi pul ödəmələriin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımında şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda,sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Araşdırma nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq icraat aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibarti aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya sadəcə olaraq, "pensiya məbləğindən tutulma haqqında" məktub ünvanlayaraq məlumat verməklə kifayətlənmiş, bununla da "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun qeyd olunan normaların tələlərini pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iş materiallarına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 17 sentyabr 2024-cü il və 23 sentyabr 2024-cü il tarixlərdə daxil olmuş müraciətlərinə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-232634/2/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixədək iddiaçıya ödənilən əmək pensiyasının məbləğinin azaldılması və hazırda ödənilən pensiya məbləğindən tutulmaların aparılmasına dair hərəkətlərinin qanunsuz hesab olunması, xx.xx.2024-cü il tarixədək ödənilən pensiya məbləğin (988 manat) bərpa olunması və yaradmış fərq məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər: 57 yaşına çatdıqda; Eyni zamanda azı 25 il sığorta stajına malik olduqda; Sözügedən 25 ilin azı 12 il 6 ayını zərərli və ağır olan işlərdə çalışmışlarsa, həmin şəxslərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə kişilər üçün pensiya yaşı 57 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 30 il 03 ay 23 gün təşkil etmişdir. Bununla əlaqədar: xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,79 manat (30,31 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 55,46 manat; xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4135,68 manat pensiya sığorta kapitalına uyğun 28,72 manat (4135,68:144); 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010cu il tarixə 159,16 (55,46+28,72+75,00) manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixə 322,15 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixinə 298,20 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 733,59 manat, xx.xx.2024-cü il tarixə 988,73 manat) əmək pensiyası təyin edilərək ödənilmişdir. Eyni zamanda Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər: İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə; Yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçıya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2075,76 manat pensiya sığorta kapitalı: Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 72 aya (144 ay-72 ay) bölünüb; Bölünmə nəticəsində müəyyən edilmiş 28,83 manat qanuni əmək pensiyanızın (322,15 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz xx.xx.2021 -ci il tarixindən 350,98 (322,15+28,83) manata artırılıb; Həmçinin Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və Qanunun 29-cu maddəsinə əsasən indeksləşdiriməsi nəticəsində xx.xx.2023-cü il tarixinə 432,72 manat müəyyən edilib. Əlavə olaraq xx.xx.2023-cü il tarixindən işləməyən əmək pensiyaçısına keçdiyinizə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 727,92 manat pensiya sığorta kapitalı; Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 72 aya (144 ay-72 ay) bölünüb; Bölünmə nəticəsində müəyyən edilmiş 10,11 manat qanuni əmək pensiyasının (432,72 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 442,83 (432,72+10,11) manata artırılıb; Həmçinin indeksləşdirilməklə xx.xx.2024-cü il tarixinə 492,42 manat məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 14097,33 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 492,42 manat təşkil etməkdədir. Beləliklə, cavabdehin artıq ödənilmiş pul vəsaitinin tutulması haqqında qərarının ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsasların mövcud olmadığı tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçıya 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 3-17-1/2-Q-70995/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-17-1/3-3-5308/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlar əsasında iddiaçıya xx.xx.2010-cu il tarixdən pensiya təyin edilməklə əmək pensiyası yenidən hesablanmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən qərarların iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən müddət baxımından iddianı mümkünsüz edən hal müəyyən edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında qərarların ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsini istəyir. Cavabdeh qeyd edir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisə predmetini təşkil edən yaş məsələsi ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarına istinad edərək formalaşmış məhkəmə təcrübəsinə əsaslanmağı vacib bilir. Təsadüfi deyil ki, bir sıra məhkəmə qərarlarında, o cümlədən Ali Məhkəmənin İnzibati kollegiyasının 690/2020, 587/2021, 1223/2023 nömrəli qərarlarında və 2777/2024 nömrəli qərardadında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir., Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını qazanmış şəxs həmin vaxtda qüvvədə olan qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda pensiya hüququ əldə edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə görə də (1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş redaksiyada) azı 20 il iş stajı olan, bu müddətin azı 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə işlərdə çalışmış kişilər 50 yaşa 1 yanvar 2010-cu il tarixədək çatdıqda əmək haqqına əsasən hesablama aparılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanmış olurlar. İddiaçıya 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1953-ci il təvəllüdlüdür və ona əmək pensiyasının təyin olunduğu vaxt 55 yaşı var idi. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını xx.xx.1997-ci il tarixədək (həmin dövrdə yaş həddi 55 yaş olmuşdur) tamamladığından, bu halın özü də cavabdeh tərəfindən mübahisələndirilmədiyindən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququnu qazanmışdır. Digər tərəfdən isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.
50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir.
51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir
56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).” İddiaçıya pensiyanın 55 yaşdan təyin edilməsi barədə qərarın qanunsuz inzibati akt olması halında belə, cavabdeh inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddətini də ötürmüş olacaqdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası hesablanarkən hər-hansı halın onlara məlum olmaması səbəbindən yanlış hesablamanın aparılması və ya bu halın onlara sonradan məlum olması barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə, ona əmək pensiyası 57 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 55 yaşının tamam olduğu tarixdən təyin edilməli olduğundan cavabdeh inzibati orqanın 3-17-1/2-Q-70995/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-17-1/3-3- 5308/2024 saylı xx.xx.2024-cü il tarixli qərarları ləğv edilməli, əvvəlki pensiya məbləği bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh inzibati orqanın 3-17-1/2-Q-70995/2024 saylı xx.xx.2024-cü il tarixli və 3- 17-1/3-3-5308/2024 saylı xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova