Məhkəmə qərarları › İş №2-1(118)-3035/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3035/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3035/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 42-də yaşayan), İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dairiddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlkaın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlkaın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçun zəruri olan sənədləri - torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər bələdiyyəsinin 19 yanvar 2007-ci il tarixli qərarını, torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə Aktı, Memarlıq və Şəhərsalma İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəylərinin surətini, torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş məbləği təsdiq edən kassa mədaxil qəbzi əlavə etmişdir. Lakin cavabdeh hüququn dövlət qeydiyyatının aparılmasından 31 avqust 2022-ci il tarixli bildirşlə imtina etmişdir. Torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq iddiaçıya təhvil verilməsi barədə ayrıc aktı da tərtib edilmişdir, torpaq sahəsinin alınması ilə bağlı iddiaçı tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına müəyyənləşdirilmiş pul məbləği ödənilmişdir. İddiaçı torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, yəni müvafiq qaydaya uyğun müraciət etmiş, torpaq sahəsi müvafiq rəylər alındıqdan sonra iddiaçıya təhvil verilib və torpaq sahəsini qəbul etmişdir. İddiaçı hal-hazırda da həmin torpaqdan təyinatı üzrə istifadə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarf’nın müddəalarına zidd olaraq torpaq sahəsi bələdiyyə tərəfindən 19.01 2007-ci il tarixdə ayrılsa da, Sumqayıt Bələdiyyəsi və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən qeydiyyata alınmalı olan torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilməmişdir. Bundan əlavə torpaq sahəsinin plan və ölçü sənədi müraciətə əlavə edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 8.0.1 maddəsinə əsasən Sumqayıt şəhəri hüdudları daxilində fərdi yaşayış evlərinin tikintisi üçün 0.07 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu halda Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarla 0.08 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan : - Sumqayıt bələdiyyəsinin 19 yanvar 2007-ci il tarixli 02 saylı qərarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. - Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2006-cı il tarixli 735 saylı rəyindən görünür ki, idarə İddiaçı Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha torpaq sahəsi ayrılmasına etiraz etmir. -DTXK-nin Sumqayıt şəhər Şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, idarə İddiaçı Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha torpaq sahəsinin alq-satqı qaydasında sənədləşdirilməsinə etiraz etmir. -xx.xx.2007-ci il tarixli aktdan görünür ki, İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi ona təhvil verilmişdir. -Torpaq sahəsinin planından görünür ki, həmi sənəd İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi barəsindədir. -xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, İddiaçı Sumqayıt bələdiyyəsinin hesabına torpaq sahəsinin alqı-satqısına görə 400 manat pul ödəmişdir. -Məhkəməni sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.20220-ci il tarixli cavab məktubundan görünür ki,Sumqayıt şəhər bələdiyyə iclasının xx.xx.2007-ci il tarixli 02 npmrəli protokolundan vətəndaş İddiaçı torpaq sahəsi ayırlması barədə arxiv sənədlərinin kserosurətləri məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi iddiaçının vəzifələrinə aid olmamışdır. İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş, torpaq sahəsinin dəyərini ödəmiş, lakin səlahiyyətli orqanların təqsiri üzündən alqı-satqı aktı tərtib olunmamışdır. Bundan başqa torpaq sahəsinin müəyyən edilmiş normadan artıq satılması da iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılmamalıdır. Torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubu, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçədə yerləşən 8 saylı, 0,08 ha-dan ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlkaın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar