Məhkəmə qərarları › İş №2-1(118)-3038/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3038/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3038/2024 21.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 Yaşarovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1966-cı il təvəllüdlü İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün son 3 ilin ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1966-cı il təvəllüdlü İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün son 3 ilin ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Ağstafa rayonu, Göyçəli kəndində anadan olmuşdur. 1991-1995-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İştriakı ilə bağlı bütün qeydlər onun hərbi biletində qeyd olunmuşdur, lakin müharibə veteranı vəsiqəsini və statusunu vaxtında ala bilməmişdir. Bununla bağlı uzun illər adiyyatı orqanlara müraciət etsə də, nəticəsi olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq yeni qaydalarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna veteran adı və veteran vəsiqəsinin ona verilməsi ilə bağlı müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə ona 090559 nömrəli veteran vəsiqəsini təqdim etmişdirlər. Lakin ona müharibə veteranı vəsiqəsi verilən zaman əvvəlki üç ilin ödənişi edilməmişdir. İddiaçı bu tələblə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmaqla onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 Yaşarova iddaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, İddiaçı veteran vəsiqəsini xx.xx.2023-cü il tarixdə almış və ona həmin tarixdən Prezident təqaüdü təyin edilmişdir. Daha sonra, iddiaçı xx.xx.2023- cü il tarixdə müharibə veteranı üçün nəzərdə tutulmuş Prezident təqaüdünün xx.xx.2023-cü il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməsi üçün müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktublarla ona Prezident təqaüdünün ötən dövr üçün ödənilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. Bundan narazı qalan iddiaçı “müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ötən dövr üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, vəsiqəni, yəni veteran adını almağ vacibdir və vəsiqə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların veteran statusu almaq hüququ təqaüd almaq hüququndan daha əvvəl, təqaüdü almaq hüququ isə birbaşa statusun alınması ilə yaranır. Bu səbəbdən, müvafiq mübahisələrin həlli zamanı bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezident təqaüdü təsis edilmişdir. “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” xx.xx.2023-cü il tarixdə verildiyindən, həmçinin, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üzrə ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirik ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən 3 il geriyə müavinət almaq hüququ yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)-445/2022 nömrəli qərarında qeyd olunur ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)- 1206/2020 saylı 22 iyul 2020-ci il tarixli, 2-1 (102)-1764/2020 saylı 2- 1(102)- 1769/2020 saylı 30 sentyabr 2020-ci il tarixli və 2-1 (102)-1875/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarlarında “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad edərək Fərman imzalandıqdan sonra müharibə veteranı adı və vəsiqəsi əldə etmiş şəxslərə əvvəlki dövr üçün sosial müavinətin ödənilməsinin mümkünsüzlüyünü bildirmişdir Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun və əsaslı, iddia tələbi isə qanunsuz və əsassız olduğundan iddia təmin edilməməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surəti; M/V № 090559 saylı, xx.xx.2023-cü il tarixli vəsiqənin surəti; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 21 dekabr 2023-cü il tarixli məktub və digər sənədlər daxildirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı 31 oktyabr 2023-cü il tarixdən veteran statusu verilmişdir və bunun əsasında veteran vəsiqəsi almışdır. Həmin vaxtdan da ona müharibə veteranlarına təsis edilmiş prezident təqaüdü ödənilmişdir. Lakin iddiaçı ona veteran statusunun verildiyi tarixdən əvvəlki üç ilin, yəni 31 oktyabr 2020-ci ildən 31 oktyabr 2023-cü ilədək olan dövr üçün sosial müavinətin hesablanaraq ödənilməsini istəyir. O, bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Ali Məhkəmə bununla bağlı özünün hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı statusunu xx.xx.2023-cü ildə aldığından onun sosial müavinət almaq hüququ yox, prezident təqaüdü almaq hüququ yaranmışdır və həmin təqaüd düzgüln olaraq vəsiqəni aldığı tarixdən ona ödənilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasını qanunsuz hesab etməklə, iddiaçıya xx.xx.2022-ci ildən əvvəlki son 3 illik – xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan dövr üçün müharibə veteranlarına təyin edilmiş müavinətin hesablanaraq iddiaçıya ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1966-cı il təvəllüdlü İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün son 3 ilin ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar