Məhkəmə qərarları › İş №2-1(118)-3039/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3039/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3039/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Layihəyə uyğunluğun yoxlanılması işlərinin aparılması barədə” 2 iyul 2024-cü il tarixli, 17221-F nömrəli müqavilədən görünür ki, sifarişçi İddiaçı Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa etdiyi 1 mərtəbəli, 1 girişli, ümumi sahəsi 49,30 kv.m olan tikinti obyektinin müayinənin nəticəsinə dair istismara hazır olması barədə rəyi almaq məqsədilə, həmin obyektdə layihəyə uyğunluğun yoxlanılması işlərinin aparılmasını icraçıya tapşırır, bunun üçün icraçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna müvafiq şərait yaradır və müqavilənin 4.1-4.3-cü bəndlərində göstərilən dəyəri ödəməyə öz öhdəsinə götürmüşdür.

2. “Layihəyə uyğunluğun yoxlanılması işlərinin müqavilə dəyərinin razılaşdırılması haqqında” 2 iyul 2024-cü il tarixli, 17221-F nömrəli protokol.

3. 2 iyul 2024-cü il tarixli, 17221-F nömrəli müqavilə üzrə təhvil-qəbul aktı.

4. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində İddiaçı istifadəsində olan torpaq sahəsində adına rəsmiləşdirilməsi nəzərdə tutulan mövcud qeyri-yaşayış obyekti”nə dair Memarlıq-planlaşdırma bölməsi.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş “Sumqayıt şəhəri, 4cü məhəllə ərazisində yerləşən 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin layihəyə uyğunluğu barəsində Texniki rəy”.

6. Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin 24 oktyabr 2024-cü il tarixli, 4781 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, müvafiq xəritə materiallarına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən İddiaçı məxsus olduğunu bildirdiyi 1 mərtəbəli qeyri-yaşayış obyektinin yerləşdiyi 55 kv.m torpaq sahəsinin 17,77 kv.m hissəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. Həmin torpaq sahəsinin də daxil olduğu Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 4.218 kv.m torpaq sahəsi qeydiyyat tarixli 19 may 2023-cü il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a Sumqayıt bələdiyyəsinin mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyetrində dövlət qeydiyyatına alınmışdır. Sumqayıt bələdiyyəsinin 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 9 saylı qərarı ilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən sahəsi 0,4218 ha olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılması qərara alınmışdır. Qeyd edilən bələdiyyə qərarı əsasında sözügedən torpaq sahəsi müvafiq torpaq müsabiqəsinə çıxarılmış və həmin müsabiqənin qalibi olmuş "xxxx" MMC ilə Sumqayıt bələdiyyəsi arasında torpağın icarəyə verilməsinə dair torpaq icarə müqaviləsi bağlanılmışdır. Sadalananlarla əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyektinin yerləşdiyi 55 kv.m torpaq sahəsinin 17,77 kv.m hissəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid edilmiş torpaq sahəsi kimi Sumqayıt bələdiyyəsinin 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 9 saylı qərarı ilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 4218 kv.m torpaq sahəsinin daxilində olmaqla sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılaraq müsabiqənin qalibi olmuş "xxxx" MMC-nin icarəsinə verilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin 27 yanvar 2025-ci il tarixli, 356 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Sumqayıt bələdiyyəsinin 8 iyun 2023-cü il tarixli, 09 nömrəli qərarından görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 4-cü məhəllə ərazisində yerləşən sahəsi, 0,4218 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi qərara alınmışdır. Torpaq sahəsi İİ zonada yerləşir. 1 iyun 2023-cü il tarixdə keçirilən müsabiqə zamanı icarəyə verilən torpaq sahəsinin bir kvadrat metrinin satış (icarə) qiyməti 4,76 manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpağın icarə haqqının qiyməti müvafiq olaraq bir kvadrat metr üçün 5.00 manat olmaqla, illik 21.090 manat müəyyən edilmiş və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 5 saylı Sumqayıt Ərazi Şöbəsi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilənin bağlanılması qərara alınmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 19 may 2023-cü il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda yerləşən 0,4218 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətindədir. - Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda yerləşən 0,4218 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda yerləşən 0,4218 ha torpaq sahəsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 17 fevral 2023-cü il tarixli rəyi. - Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2,1542 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin rəyi. - “X3” publik hüquqi şəxsinin Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə nəticələri barədə “10” avqust 2023-cü il tarixli iclasının protokolu. - “X3” publik hüquqi şəxsi HTM seriyalı, 003616 nömrəli şəhadətnamədən görünür ki, "xxxx" MTK Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan 4.218 kv.m torpaq sahəsinə dair keçirilmiş 10 avqust 2023-cü il tarixli müsabiqəsinin qalibidir və torpaq sahəsi MTK-ya icarəyə verilmişdir. - 14 avqust 2023-cü il tarixli, 69 nömrəli icarəyəverən Sumqayıt bələdiyyəsi və icarəçi "xxxx" MTK arasında 4.218 kv.m torpaq sahəsinə dair bağlanmış “Torpaq icarəsi müqaviləsi”. - torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 31 yanvar 2025-ci il tarixli, 3-21-3-31/2-306/2025 nömrəli məktubundan görünür ki, 10 avqust 2023-cü il tarixli, 1544 nömrəli hərrac şəhadətnaməsi və 14 avqust 2023-cü il tarixli, 69 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 0,4218 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində 21 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə "xxxx" MTK-nın icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MTK tərəfindən ödəniş olunmamış və çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədləri götürülməmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsinin İnzibati Ərazi vahidi üzrə İddiaçı üzərində mülkiyyət, istifadə, icarə hüququları üzrə qeydiyyata alınmış qeyriyaşayış binası aşkar edilməmişdir. 19 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və çıxarışın verilməsinə əsas olan sənədin təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən iddiaçıya məxsus 1 mərtəbəli qeyri-yaşayış obyektinin yerləşdiyi 55 kv.m torpaq sahəsinin, ona məxsus tikilinin altında yerləşən 55 kv.m torpaq sahəsi hissəsində bələdiyyə qərarının (icarə müqaviləsinin) ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. Məhkəmənin 13 yanvar 2025-ci il tarixli, 2-1(118)-3039/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə "xxxx" MMC (bundan sonra – “üçüncü şəxs”) məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri cəlbetmə) cəlb edilmişdir.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

14. Məhkəmə iclasında izahat verən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, tələbində qeyd edilən qeyriyaşayış sahəsi onun istifadəsindədir, müvafiq orqanlar tərəfindən qiymətləndirmə aparılmış, lakin əmlak rəsmiləşdirilməmiş, üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmamışdır.

15. Məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, iddia tələbini mümkün hesab edilməməsini xahiş etmiş, bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirmə işləri aparılmış, bələdiyyənin mülkiyyətinə verilmişdir. Daha sonra həmin torpaq sahəsi hərraca çıxarılmış, həmin hərracda qalib olmuş üçüncü şəxsin icarəsinə verilmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişdir. 17.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

21. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

22. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

23. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

24. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

25. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

28. İddiaçı hazırkı iddia tələbi ilə onun istifadəsində olan qeyri-yaşayış binasının altında yerləşən, mübahisə predmeti olan 55 kv.m torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsi barədə cavabdehin qərarının ləğv edilməsini xahiş etmişdir.

29. İş materialında olan sənədlərin tədqiqi ilə müəyyən olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 19 may 2023-cü il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda yerləşən 0,4218 ha torpaq sahəsi cavabdehin mülkiyyətindədir, həmin sahə üzərində 21 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə "xxxx" MTK-nın icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Həmçinin müəyyən edilmişdir ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinin İnzibati Ərazi vahidi üzrə iddiaçının üzərində mülkiyyət, istifadə, icarə hüququları üzrə qeydiyyata alınmış qeyri-yaşayış binası aşkar edilməmişdir. Eyni zamanda iddiaçı da izahatında bildirmişdir ki, topraq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binaya dair mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Odur ki, müəyyən əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamə hər hansı dövlət idarə və təşkilatının və ya təsisçisi dövlət və ya dövlət idarəsi olan, yaxud təşkilatı olan hüquqi şəxslərin mənafelərinə toxunarsa, həmin subyektlər (məsələn, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və s.) müstəqil qaydada məhkəmə aktını mübahisələndirə bilərlər. ...”

33. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bildirir ki, iddiaçı tələb üzrə subyektiv hüququnun olması müəyyən edilmir.

34. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”

36. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır.

37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

38. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən iddiaçıya məxsus 1 mərtəbəli qeyri-yaşayış obyektinin yerləşdiyi 55 kv.m torpaq sahəsinin, ona məxsus tikilinin altında yerləşən 55 kv.m torpaq sahəsi hissəsində bələdiyyə qərarının (icarə müqaviləsinin) ləğv olunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar