Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-304/2020 24.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1947-ci il tarixdə Xaçmaz rayonunun Üçgün kəndində anadan olmuşdur, orta təhsilini Xaçmaz rayonunda almışdır, hərbi xidmət keçmişdir. xx.xx.1972-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis şöbəsində polis nəfəri olaraq xidmət etmişdir. xx xxxxx 1988-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində əməliyyat şəraitinin pisləşməsi səbəbi ilə Kirovabad şəhərinə ezam olmuşdur. Daha sonra xx xxxxxx 1992-ci il tarixdə müharibə şəraitinin kəskinləşməsi səbəbi ilə döyüşlərdə iştirak etmək üçün Şuşa şəhərinə müharibəyə getmişdir. 10 gün Şuşa şəhərində döyüş gedən N saylı hərbi hissədə xidmət etdikdən sonra yenidən Xaçmaz səhərinə qayıtdı. Şuşadan qayıtdıqdan sonra xəstə olduğu üçün öz ərizəsi əsasında təqaüdə çıxmışdır. Daha sonra ''Müharibə veteranı' statusunun alınması üçün Daxili İşlər Nazirliyinə müvafiq ərizə ilə müraciət etsə də arxiv şöbəsində müvafiq məlumatların olmaması səbəbindən müraciəti rədd edilmişdir. Lakin o, həqiqətən də xx xxxxxx 1992-ci il tarixdə Şuşa şəhərinə ezam olunmuş və bu faktı onunla birgə Şuşa şəhərinə ezam olunmuş.və hal-hazırda "Müharibə veteranı" statusu almış təqaüdçü polis nəfəri olan 3 nəfər şahid də təsdiq edə bilər: 1. X2 - Xaçmaz şəhəri, Q.M.Əbilov küçəsi., ev 7 2. X3 - Xaçmaz rayonu, Şıx-haput kəndi 3. X1 - Xaçmaz şəhəri., A.Mustafayev küç., ev 16. İddiaçı Şuşaya gedən zaman kənddən gəldiyinə görə Xaçmaz rayon Polis - şöbəsindən Şuşaya gedən avtobusa gecikdiyi üçün şöbədə qeydiyyata düşə bilməmişdir. Sonra yolda avtobusa minərək polis işçiləri ilə Şuşaya müharibəyə getmişdir. Yuxanda adlarını qeyd etdiyi şəxslər də buna şahidlik edir. İddiaçı bu barədə bir dəfə də ərizə ilə müraciət etmişdir. Lakin ərizəni o, yazmadığı üçün və həmçinin latın əlifbasını bilmədiyi üçün həmin ərizəni oxuya bilməmişdir. Birinci ərizəsində onun fikri düzgün ifadə edilməyib. İddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və Xaçmaz rayon Polis şöbəsindən heç bir narazılığı yoxdur. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 012-19306-1219 nömrəli məktubda İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1992-ci ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etməsi qeyd edilsə də arxiv materiallarında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar olunmamışdır. Bundan əlavə, oxşar məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edibetməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırılmasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, sabiq polis əməkdaşı O.X7 Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X8 iştirak etmiş, izahatında bildirmişdir ki, sorğu əsasında müəyyən edildi ki, iddiaçı 1972-1992-ci illərdə xidmət etmişdir. Arxiv sənədlərinə və əmrlərə baxış zamanı iddiaçının döyüş əməliyyatlarında iştirakı, müharibə veteranı olması faktı aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Republikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi sübut olunmadığına görə, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun verilməsindən imtinası qanuni olmuşdur və iddia əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-304/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-304/2020
24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver