Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-304/2022 26.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinin imtina bildirişinin qanunsuz və əsasız sayılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası uzun müddət Abşeron rayon üzüm istehsalı və emalı müəssisəsində işləmişdir. Ona görə də X2na Abşeron rayon X9 komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-l nömrəli protokolu ilə təsdiq olunaraq 386 saylı aktla əmlakdan pay ayrılmışdır. Sonra həmin akta və Abşeron rayon üzüm istehsalı və emalı müəssisəsi X11 komissiyasının 11 iyun 1999-cu il tarixli 19 N-li protokola əsasən Abşeron rayon Mehdiabad qəsəsəbəsində 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri və Abşeron rayon Mehdiabad Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq möhürlə təsdiqlənərək atasına təqdim olunmuşdur. X2 vəfat etdikdən sonra iddiaçı qanuna müvafiq olaraq vərəsəlik işi açdırmış və atasının əmlaki ,o cümlədən yuxarda qeyd olunan torpaq sahəsi vərəsəlik üzrə ona keçmişdir. Həmin torpaq sahəsini adına dövlət qeydiyyatında rəsmiləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin müraciəti müsbət həll olunmamışdır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X11 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən X4 ayrılmış 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə 31 avqust 2021-ci il tarixli. ********** daxilolma nömrəli müraciəti olmuşdur. Sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0.08 ha torpaq sahəsi üzərində müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləsdirilmədən əldə edildiyi aşkar edilmişdir. X7 Komissiyasının qərarı ilə iddiaçıya artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Aqrar İslahat Komissiyasının 10.01.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X5 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında Torpaqa Mülkiyyət Hüququna dair JN-1436, KOD 30800027 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmçinin, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Ona görə də müraciətin təmin edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********19 nömrəli, 21.09.2021-ci il tarixli imtina məktubu, etirazı, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X11 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 N-li protokol nömrəli əmlakdan pay haqqının verilməsi barədə iclas protokolun surəti, Abşeron rayon X9 komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-l nömrəli protokolu ilə təsdiq olunmuş 386 nömrəli akın surəti, cavabdehin **********19 nömrəli, 21.09.2021-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum atasının mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X11 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarının verildiyi vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********19 nömrəli, 21.09.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X11 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokoluna əsasən Abşeron rayonu, Mehdiabad kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi X4 ayrılmışdır. İddiaçı müvafiq torpaq sahəsi üzərində atasının qeydiyyat hüquqlarını rəsmiləşdirmək üçün DƏDRX-in 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh də həmin torpaq sahəsi Aqrar İslahat Komissiyası rətəfindən iddiaçıya bir dəfə ayrıldığına görə, iddiaçının xahişinin yerinə yetirməsindən imtina etmişdir. Qeyd olunan məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materaillarını araşdırıb hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması, 2) Sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0.08 ha torpaq sahəsi üzərində müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləsdirilmədən əldə edildiyinə görə. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentdə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinin tələbləri baxımından, hüquqların dövlət qeydiyyatının aparılması qaydadalarında cavabdehin gətirdiyi 1-ci arqument, yəni torpaq sahəsinin yenidən qeydiyyata alınması məsələsi göstərilmədiyindən əsassızdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Göründüyü kimi qeyd olunan Qanunun tələbləri baxımından yalnız kolxoz və sovxozdarın torpaqlarının özəlləşdirilməsi zamanı vətəndaşlar tərəfindən torpaqların alınması üçün məhdudiyyət mövcuddur. Başqa sözlə desək həyatyanı torpaq sahələrinin ayrılmasına dair qeyd olunan məhdudiyyət mövcud deyil. İş materiallarına nəzərə saldıqda isə müəyyən olunur ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 0.11 ha torpaq sahəsi həyatyanı torpaq sahəsi kimi ayrılmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı məhkəmə qeyd edir ki, ayrılmış torpaq sahəsinin bələdiyyə torpaqlarına heç bir aidiyyatı yoxdur. Belə ki, iddiaçının sahibliyində olan hər iki torpaq sahəsi bələdiyyələr təsis olana qədər iddiaçının sahibliyinə verilmiş və həmin torpaq sahələrinin üzərində hansı əsasla bələdiyyənin mülkiyyətinin rəsmiləşdirilməli olması cavabdeh təşkilat tərəfindən əsaslandırılmamışdır. Bu isə inzibati orqan tərəfindən göstərilən sonuncu arqumentin onun mülahizələrinə əsaslanmasına dəlalət edir. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-in 4 saylı Ərazi İdarəsi üzərinə düşür. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X11 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarında adı göstərilmiş şəxs X5 vəfat etdiyinə görə mülkiyyət hüquququ haqqında veriləcək çıxarışda onunda adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qeyd olunan Təlimatın müvafiq bəndindən məlum olur ki, daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydə alınmış hüquqlar, hüquq sahibi barədə məlumatlar, daşınmaz əmlakın təsviri qeyd olunan arayışda öz əksini tapmalıdır. Arayışın təyinatı barədə digər qeyd həmin Təlimatın 2.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, Təlimatın qeyd olunan bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan Təlimatın 7.1-ci bəndində ölmüş şəxsin sağlığında sahibliyində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX-ə müraciət edərək hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın almadan ölməsi, 7.2-ci bənddə isə ölmüş şəxsin sahibliyində olan daşınmaz əmlaka dair hüquqlarının qeydə alınması ilə bağlı ümumiyyətlə DƏDRX-ə müraciət etmədiyi hallara şamil olunur. Hər iki halda ölmüş şəxsin vərəsələrinə elektron çıxarışın verilməsi nəzərdə tutulur. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın təsviri, hüquq sahibi barəsində məlumat xarakterli arayışın DƏDRX tərəfindən verilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, məlumat xarakterli arayış verilməsi yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakla bağlı ola bilər. Hesab olunur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayışın verilməsi ölmüş şəxsin adına DƏDRX-də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Burada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən yalnız dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak üzərində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, notariuslar tərəfindən miras şəriklərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras əmlakın mərhuma mülkiyyət hüququ ilə məxsus olmasının yoxlanılması mühüm şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayış yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlaka dair verilə bilər. Ona görə də ölmüş şəxsin sahibliyində olmuş daşınmaz əmlak, ümumiyətlə, DƏDRX-də qeydə alınmayıbsa DƏDRX-in üzərinə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması yolverilməzdir. Göründüyü kimi mübahisə predmeti olan 0.18 ha torpaq sahəsinin yalnız 0,08 ha hissəsi elektron baza məlumatlarında qeydə alınmışdır. Ona görədə məhkəmə hesab edir ki, dövlət aktlarında adları göstərilmiş şəxslərdən mərhum Bilal Beybudova münasibətdə Təlimatın 7.2-cı bəndinə uyğun olaraq elektron çıxarış verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X11 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-304/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-304/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver