Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-304/2024 14.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR (Əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialını qeyd etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən 2007-ci ilə kimi Avstraliyanın "xxxx" Şirkətinin Filialında işdədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ərizənin təmin olunmasından xx.xx.2022-ci il tarixli məktubla imtina olunmuş və həmin imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixində **********6 nömrə ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Hesabat) altsistemində sığortaedən, Avstraliyanın "PHC Offshore PTY "xxxx" Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sığortaolunan kimi məlumatlar qeyd olunmadığından sözügedən illər üzrə məlumatlar fərdi şəxsi hesabda öz əksini tapmamışdır. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, fərdi şəxsi hesabda öz əksini tapmayan dövrlərin araşdırılması üçün Avstraliyanın "xxxx" Şirkətinin Filialına müraciət edilməsi tövsiyə edilmişdir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının notarial təsdiq olunmuş surətindən də görünür ki, o, xx.xx.2004-cü il tarixindən xx.xx.2007ci il tarixinə kimi Avstraliyanın "xxxx" Şirkətində rəngsaz işləmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin son şifahi məhkəmə baxışı iclası 14 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinin tələblərinə uyğun olaraq natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında yardım edilmişdir. İddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyini iddia etdiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubu ilə iddiaçının fərdi şəxsi hesabında 01.01 2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə sığortaolunan kimi hər hansı bir məlumatın əks olunmadığı bildirilmişdir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən, fərdi şəxsi hesab hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. Sözügedən Qanunun 5.2.11-ci maddəsinə əsasən, fərdi şəxsi hesaba məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün) daxil edilməlidir. İstinad olunan Qanunun 9-cu maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəsifəsidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Sığorta” (Hesabat) altsistemində sığortaedən Avstraliyanın "PCH Offshore PTY LTD” Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) iddiaçının sığortaolunan kimi məlumatları qeyd olunmamışdır. Bildiririk ki, xx.xx.2006-cı il tarixdən 2011-ci ilin fevral ayınadək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı müəyyən edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixə münasibətdə 586,16 manat məbləğdə pensiya ödənişi iddiaçının kart hesabına köçürülmüşdür. Ona görə də iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən iddiaçı xx.xx.1955-ci ildə Gürcüstanın Marneuli rayonunun Ahkulo kəndində anadan olmuşdur. • İddiaçıya məxsus ЭТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" Şirkətində işarə qoyan rəngsaz vəzifəsində çalışmışdır. • Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2006 – xx.xx.2007-ci illərdə Avstraliyanın "xxxx" şirkətində rəngsaz işlədiyi müddətdə əmək haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması barədə rəsmi məlumatların "xxxx" ASC-dən götürülməsi qərara alınmış və iddaçının əmək haqqı aldığı plastik kart hesabından qərardadda qeyd edilən dövr aralığı üzrə çıxarışlar məhkəməyə təqdim edilmişdir. • "xxxx" şirkətinin fəaliyyətini və işinin təşkilini tənzimləyən nizamnaməsinin və reyestrdən çıxarışın təsdiq edilmiş surətinin, habelə həmin şirkətin fəaliyyətinin yoxlanılması (2003- 2008-ci illərə dair) ilə əlaqədar qəbul edilmiş nəticələrə dair aktların müvafiq qaydada təsdiq olunmuş surətinin əldə edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş sorğuya cavab olaraq Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinin məktubu məhkəməyə daxil olmuşdur. Məktuba "xxxx" şirkətinin Əsasnaməsi əlavə edilmişdir. Həmin Əsasnamədən görünür ki, sözügedən şirkət 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyalarının vətəndaşlara verilməsi həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı ilk öncə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialını qeyd etmiş və müvafiq olaraq həmin idarəyə müraciət irəli sürmüşdür. Daha sonra iddiaçıya hüquqi yardım edilmiş və onun razılığı ilə əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddiaçı işin məhkəmə gedişi zamanı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına da müraciət etmiş, idarənin nümayəndəsi tərəfindən də həmin müraciətin idarəyə daxil olduğu bildirilmiş, lakin sonuncu qanunla müəyyən edilmiş müddətdə iddiaçının müraciətini cavablandırmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin mümkünlük şərtləri bu hissədə də ödənilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38: Sosial təminat hüququ İ Hər kəsin sosial təminat hüququ vardır. İİİ Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 22: hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
“Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab; 1.1.3. sosial sığorta nömrəsi (SSN) – sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12.2: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Maddə 19: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Maddə 4.1: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Maddə 12.1: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52: Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Maddə 68.2: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı xx.xx.2006-xx.xx.2007-ci illərin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh həmin illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının sığortaolunan kimi məlumatlarının qeyd olunmaması səbəbindən müraciətinə etiraz etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və müvafiq sorğular göndərərək belə qənaətə gəlmişdir ki, cavabdeh orqanının imtina və etirazda qeyd etdiyi hallar öz həqiqiliyini tapmadığından iddia tələbi təmin edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və iddiaçıya məxsus əmək kitabçasının 10-12-ci səhifələrindən görünür ki, o, xx.xx.2004-cü il tarixdə "PCH Offshore PTY LTD” Şirkətinə işarə qoyan rəngsaz vəzifəsinə təyin olunmuş və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı halda iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut iş materialları ilə təsbit olunmur. Məhkəmə sorğusu nəticəsində əldə olunmuş sözügedən şirkətin Əsasnaməsinə əsasən müəyyən edilmişdir ki, həmin şirkət 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisə edilən illərdə həmin şirkətdə rəngsaz vəzifəsində işləmiş və buna görə müvafiq əmək haqqı almışdır ki, hesaba mədaxil olunan hesab vərəqəsindən də həmin halı təsbit etmək mümkündür. Bundan əlavə əmək kitabçasından da göründüyü kimi iddiaçı 2004- 2007-ci illərdə həmin şirkətdə çalışıb. 2004-2006-cı illərin onun sosial sığorta stajına hesablandığı halda, 2006-2007-ci illərin sığorta stajı kimi hesablanmaması özlüyündə hüquqmüəyyənlik və bərabərlik prinsipininin pozulmasına gətirib çıxarır. Beləliklə, sığortaolunan kimi iddiaçının məlumatlarının qeyd olunmaması və mübahisələndirilən ayların hesaba alınmaması onun təqsiri kimi qiymətləndirilib gözlənilən sosial-təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev