Məhkəmə qərarları › İş №2-1(118)-3040/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3040/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3040/2022 29.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının qızı X2 Abşeron rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, qızı X2 Abşeron rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 128-61051M saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəs, Yeni yaşayış masivində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İddiaçı, qızları X4 və X5 4 ilə yaxındır ki, Abşeron Polis İdarəsində qeydiyyatda olmuşdur. Sonradan ona məlum olmuşdur ki, qızı X2 şəxsiyyət vəsiqəsinin etibarlılıq müdətinin bitməsi səbəbilə qeydiyyatda olduğu Abşeron rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatından çıxarılmışdır. Qızı 2022-ci ilin sentyabr ayından Abşeron rayonu, Qobu qəs, 3 saylı orta məktəbə 1-ci sinifə gedəcəkdir.Ona görə də ona şəxsiyyət vəsiqəsinin verilməsi zəruridir. Əks halda qızı təhsildən və s. zəruri məsələlərdən kənarda qalacaqdır. Övladının gələcəyindən çox narahatdır. Heç bir rəsmi çıxarışı olan bir yer yoxdur ki, gedib həmin ünvana qeydiyyata düşsünlər. Bir tək sənədsiz olan qaynatasının adına olan əmlak var ki, sənədlər kifayət etmədiyi üçün də qızını qeydiyyata salmaqdan imtina edirlər. (Yuxarıda qeyd etdiyi ünvan) Qızını nə həmin evə qeydiyyata saldıra bilir, nə də ki, Abşeron Polis İdarəsinə qeydiyyata salırlar. İddiaçı rəsmi idarələrə, müəssisələrə nəsə sənəd alanda uşaqları üçün də ondan qeydiyyatla bağlı sənəd istəyirlər. Bilinmir ki, yeri yurdu haradır. Polisin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınmağı üçün müraciət etmişdir. Həmin müraciətin icra olunmasından 31 avqust 2022-ci il tarixli imtina məktubu ilə imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı qızı X2 Abşeron rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınmasını istəyir. İddiaçı qeyd edir ki, Abşeron rayonu, Hökməli qəs, Yeni yaşayış masivində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İddiaçı, qızları X4 və X5 4 ilə yaxındır ki, Abşeron Polis İdarəsində qeydiyyatda olmuşdur. Sonradan ona məlum olmuşdur ki, qızı X2 şəxsiyyət vəsiqəsinin etibarlılıq müdətinin bitməsi səbəbilə qeydiyyatda olduğu Abşeron rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatından çıxarılmışdır. Qızı 2022-ci ilin sentyabr ayından Abşeron rayonu, Qobu qəs, 3 saylı orta məktəbə 1-ci sinifə gedəcəkdir..Ona görə də ona şəxsiyyət vəsiqəsinin verilməsi zəruridir. Əks halda qızı təhsildən və s. zəruri məsələlərdən kənarda qalacaqdır. Övladının gələcəyindən çox narahatdır. Heç bir rəsmi çıxarışı olan bir yer yoxdur ki, gedib həmin ünvana qeydiyyata düşsünlər. Bir tək sənədsiz olan qaynatasının adına olan əmlak var ki, sənədlər kifayət etmədiyi üçün də qızını qeydiyyata salmaqdan imtina edirlər. (Yuxarıda qeyd etdiyi ünvan) Qızını nə həmin evə qeydiyyata saldıra bilir, nə də ki, Abşeron Polis İdarəsinə qeydiyyata salırlar. Cavabdehin isə iddianın təmin edilməsinə etirazı yoxdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3612 saylı arayışdan göründüyü kimi X1 qəsəbə, Yeni Yaşayış massivi ünvanında 2013-cü ildən aşağıdakı ailə üzvləri ilə qeydiyyatsız yaşayır-gəlini İddiaçı, nəvəsi X4, nəvəsi X5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd edilmiş normaların məzmunundan göründüyü kimi on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bu halda X4 azyaşlı olduğu üçün qanuna müvafiq olaraq validenlərindən birinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınmalıdır. Qeyd edilmiş hallar iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qızı X2 Abşeron rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar