Məhkəmə qərarları › İş №2-1(118)-3045/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3045/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3045/2024 24.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Halhazırda “X4” QSC-də işləyir. xx.xx.2023-cü il tarixdə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-Ə-298080/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi sahənin, yəni "Azərboru ”ASC-nin Dəmiryolu (Nəqliyyat) sexinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş Dəmiryol nəqliyyatı sahəsinə aid olmaması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, əmək kitabçasından (HT-İ № 1231336) da göründüyü kimi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş (hərbi bilet H3 № 4255460); (2 il 1 ay 11 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 2 saylı orta texniki peşə məktəbində təhsil almış (diplom B № 673191); (10 ay 11 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi (10 ay 2 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Boruyayma zavodunun Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həmin sexdə qatar tərtibçisi, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin sexdə lokomotiv maşinistinin köməkçisi (xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuş) (cəmi güzəştli stajl 13 il 16 gün təşkil edir), xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı (1 ay 8 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də maşinist, usta, növbə ustası vəzifələrində işləmiş (7 il 10 ay 1 gün), xx.xx.2014-cü il tarixdən hal-hazıradək “X4” QSC-də oksigen operatoru işləyir. Azərbaycan Boruyayma zavodunda (hal-hazırda "xxxx" ASC) işlədiyi peşələr "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AZB 01/206 saylı arayışına əsasən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri” - (23001000-18726) və “teplovozlarda maşinist köməkçiləri” - (23001000- 16878) peşələrinə uyğun olmaqla ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Onun işlədiyi sahə, yəni Metallurgiya istehsalı (qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda həmin sahənin Dəmiryol sexindəki fəaliyyət dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla ağır və zərərli sahə sayılır. Belə ki, zavodun Dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. Qeyd olunan peşələrdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına, dəmiryol nəqliyyatında manevr işləri və qatarların hərəkəti, siqnalizasiya üzrə təlimata uyğun olaraq öz əmək funksiyalarını həyata keçirir. Artıq neçə illərdir ki, müəssisənin Dəmir yolu sexində iddiaçı ilə eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı iddia ərizəsində xx.xx.1961-ci il tarixdə anadan olduğunu və 32 il 7 ay 8 gün ümumi, 13 il 16 gün isə güzəştli iş stajının olduğunu qeyd etmişdir. Belə ki, iddiaçı daha əvvəl ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə xx.xx.2023-cü iltarixdə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-298080/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının olmaması göstərilmişdir. Bundan narazı qalan İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının nəqliyyat bölməsinin (XXVİİİ) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (********) 23001000— 18726 kodu üzrə qatar tərtibçiləri, 23001000—16878 kodu üzrə teplovozlarda maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən "xxxx" ASC-nin 28 avqust 2023-cü il tarixli arayışından iddiaçının xx.xx.1984-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi, qatar tərtibçisi və lokomotiv maşinistinin köməkçisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi dəmiryol nəqliyyatı sahəsinə aid deyildir. Hazırki işlə bağlı "xxxx" ASC fəaliyyət sahəsinə aid olmayan iş barəsində İddiaçı güzəştli arayış vermiş, həmçinin iddiaçı tərəfindən cavabdehə ilkin müraciət zamanı əmək funksiyasını təsdiqləyəcək vəzifə təlimatları və s. təqdim edilməmişdir. Göstərilən səbəblərə əsasən İddiaçı güzəştli is stajı yoxdur. Eyni zamanda sözügedən arayışda onun xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu da qeyd olunmuşdur. İş materiallarında olan: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. - B № ********* nömrəli diplomdan görünür ki, iddiaçı 1982-1983-cü illərdə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Azərbaycan Boruyayma zavodunun Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə həmin sexdə qatar tərtibçisi peşəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixdə həmin sexdə lokomotiv maşinistinin köməkçisi peşəsinə keçirilmiş və xx.xx.2003-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Əsas: Vətəndaşın əmək kitabçası, T-2 kartı və əmək haqqı barədə şəxsi hesab vərəqəsi. Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nm 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri” - (23001000-18726) və “teplovozlarda maşinist köməkçiləri” - (23001000- 16878) peşələri ilə uyğundur. Məhkəmənin sorğusuna əsasən İddiaçı barəsində inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 15 may 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması (xx.xx.2021) və 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Cavabdeh iddiaçının güzəştli iş stajına malik olmadığını bildirərək ona imtina cavabı vermişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi (10 ay 2 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Boruyayma zavodunun Dəmiryol sexində qatar tərtibçisinin köməkçisi, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həmin sexdə qatar tərtibçisi, xx.xx.1985-ci il tarixdən xx.xx.2003cü il tarixədək həmin sexdə lokomotiv maşinistinin köməkçisi işləmişdir. Həmin müddətin xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olması nəzərə alındıqda onun güzəştli iş stajı 13 il 16 gün təşkil edir. İddiaçının işlədiyi qatar tərtibçisi və lokomotiv maşinistinin köməkçisi peşələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21. “Nəqliyyat” bölməsinin 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində qatar tərtibçisi və teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri qeyd edilmişdir. Cavabdeh iddiaçınnı işlədiyi sahənin, yəni "xxxx" müəssisəsinin “Dəmir yolu nəqliyyatı” sahəsinə aid olmamasına istinad edərək həmin dövrü güzəştli iş stajı kimi qəbul etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-880/2023 saylı Qərarında qeyd edilmişdir ki, “...dəmir yolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmir yollarının və dəmir yolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmir yolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmir yolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan, ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmir yolunda və dəmir yolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmir yollarında və bilavasitə daşımalarla məşğul olan dəmir yol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmir yollarında və bilavasitə daşımalarla məşğul olan dəmir yol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin dəlili əsassızdır. Beləliklə, iddiaçının 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, 13 may 2022-ci il tarixli, 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və həmin dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Yeni redaksiyaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qeyd olunan dəyişikliyə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar