Məhkəmə qərarları › İş №2-1(118)-3048/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3048/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3048/2025 05.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cöəbiyev Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 09 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə iddiaçının xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Xaçmaz Sukanal İdarəsində və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-dəki işlədiyi müddəti ümumi iş stajına daxil etməklə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalı ilə əvəz edilməsini, “iddiaçıya 09 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı sosial pensiyaçısıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – cavabdeh) tərəfindən əmək pensiyası təyin edilib. Cavabdeh tərəfindən iddiaçıya sosial pensiyası təyin edilməsinə dair inzibati aktda iddiaçının əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, “Əmək pensiyaları haqqında” AR qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissə Sizin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunan əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı illərdə nəzərə alınmaqla cəmi sığorta stajı 24 il 5 ay 10 gün təşkil etmişdir. Eyni zamanda, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 24 il 1 ay 10 gün sığorta stajına uyğun olaraq 24295.50 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 324.91 manat olmaqla, ümumilikdə 24620.41 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1977-ci ildə işdən çıxma əmrinin tarixi və nömrəsi qeyd edilmədiyindən) hənin dövrün sığorta stajına daxil edilməsi mümkün edilməyib. Hansı ki, əmək kitabçasından göründüyü kimi iddiaçı ilk olaraq işlədiyi vaxtlar olub. İddiaçıya ünmvanlanan məktubda qeyd olunur ki, guya əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Xaçmaz Sukanal İdarəsində və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-dəki əmək fəaliyyəti dövrləri araşdırılması zərurəti yaranmışdır. Hansı ki bütün bunlar hesablansa iddiaçının 30 ildən çox əmək stajım vardır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2-1(118)-6854/2024 nömrəli inzibati iş vardır. Hesab edirlər ki, e-2-1 (112)-6854/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirlər. İddiaçı 21,08.2024-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-Ə- 211819/2024 nömrəli imtina məktubuna əsasən qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir". Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 aprel 2022-ci tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 4-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 4,-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2024- cü il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır:

1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq,

2. pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İş materiallarında olan sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 24 il 5 ay 10 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01,2006-cı il tarixədək 24 il 1 ay 10 gün sığorta stajınıza uyğun olaraq 24295,50 manat, 01.01,2024-cü il tarixdən 01,05.2024-cü il tarixədək 324,91 manat olmaqla, ümumilikdə 24620,41 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı İİ tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1977-ci ildə işdən çıxma əmrinin tarixi və nömrəsi qeyd edilməyib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Xaçmaz Sukanal idarəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Quba-Xaçmaz regional X2 İdarəsi ilə birgə tərtib etdiyi xx.xx.2024cü il tarixli akta əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999cu il tarixdən xx.xx.2001-ci il tarixədək iddiaçının adına əməkhaqqı hesablanan dövrlər sığorta stajınıza daxil edilmiş, əməkhaqqı hesablanmayan dövrlərin isə sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən iddiaçının "xxxx" MMC-də əmək fəaliyyəti zamanı xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək adına əməkhaqqı hesablanan dövrlər sığorta stajına daxil edilmiş (DSMF-1 icmal sənədlərinə əsasən), sözügedən müəssisənin 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmadığından sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin bildirirlər ki, iddiaçının 1976-1977-ci illər üzrə adına əməkhaqqı hesablanan aylar (7 ay) sığrta stajının hesablanması zamanı nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən (əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyi üçün) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: 27 aprel 1979-cu il tarixli əmək kitabçası; cavabdehin iddiaçıya ünvanladığı 04 sentyabr 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçının yaşayış ünvanı ünvan 1nzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh inzibati orqanın 04 sentyabr 2024-cü il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxxxx 1959-cu il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının 01 may 1977-ci il tarixindək 13 aprel 1979-cu il tarixinədək hərbi xidmətdə olması, 01 sentyabr 1982-ci il tarixdən 05 iyul 1983-cü il tarixədək əyani təhsil alması, 04 iyun 1981-ci il tarixindən 04 yanvar 2002-ci il tarixədək, 15 fevral 2002-ci il tarixdən 28 fevral 2007-cil tarixədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan 27 aprel 1979-cu il tarixli əmək kitabçası, В № 675320 saylı diplom və НЗ № ******* saylı hərbi biletdə öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasıda müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu 09 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 09 yanvar 2024-cü il il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar