Məhkəmə qərarları › İş №2-1(118)-3055/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3055/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3055/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə İddiaçı hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqəşdirilməsi barədə ərziə verərək, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1981ci ildən xx.xx.1981-ci ilədək fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı tarixədək texniki peşə məktəbdə təhsil almışdır. xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək 65 nömrəli trestdə elektrik qaynaqçısı, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci tarixə kimi tam iş günü ‘"Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda elektrik qaynaqçısı, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində elektrik qaz qaynaqçısı, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək qazla kəsən, 02,09.2016-cı ildən xx.xx.2017-ci ilədək elektrik qaz qaynaqçısı vəzifələrində işləmiş və xx.xx.2017-ci ildən hazırki dövrədək isə qazla kəsən peşəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh qanunsuz olaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq iddiaçıya imtina məktubu ünvanlamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə "xxxx" ASC-nin 3 noyabr 2022-ci il tarixli arayışında xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı işlədiyinə istinadən cavabdeh tərəfindən bildirilmişdir ki, sözügedən arayışda iddiaçının elektrik qaynaqçısı işlədiyi qeyd olunsa da, onun əl ilə qaynaq apardığı məlum olmamışdır. Həmçinin cavabdeh tərəfindən müəssisədə keçirilən yoxlama zamanı iddiaçının işləməsinə dair arxiv sənədləri aşkarlanmamış, qeyd olunan arayış isə müvafiq olaraq, ИТ-1 N ******* nömrəli əmək kitabçasına əsasən tərtib olunmuşdur. Elektrik qaynaqçılığı peşəsi həmçinin xüsusi avadanlıq və təchizatlar vasitəsilə tam təhlükəsiz və avtomatik qaydada və uzaqdan idarəetmə ilə həyata keçirilə bildiyindən qeyd olunmuş peşə ilə iddiaçının işlədiyini iddia etdiyi peşənin uyğunluğunun yoxlanılması zərurəti yaranmışdır. Aparılmış monitorinq zamanı iddiaçının işlədiyi "xxxx" ASC-nin əməkdaşları ilə qarşılıqlı yoxlama keçirilmiş və xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Akta əsasən bildirilmişdir ki, iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 016/22 nömrəli arayış iddiaçının ИТ1268688 nömrəli əmək kitabçasına əsasən tərtib olunmuşdur. Yuxarıda sadalanan əsaslar iddiaçının qeyd olunan müəssisədə iddia etdiyi peşə üzrə işləməsi faktını istisna edir. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, iddiaçının təhsil müddəti onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki,qüvvədə olan qanunvericiliyin tələblərinə görə təhsil müddəti ümumi iş stajına daxil edilmir. Həmin müddət daxil edilərsə iddiaçının tələb olunan ümumi iş stajı tamamlanır. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. -781201 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.1986-ci il tarixlərdə Sumqayıt şəhər 17 nömrəli orta texini peşə məktəbində təhsil almışdır. -İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1981 -ci ildən xx.xx.1981 -ci ilədək SSRİ 50 illiyi pambıq sovxozunda , xx.xx.1986cı ildən xx.xx.1987-ci ilədək 65 nömrəli trestdə, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci tarixədək ‘"Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” Zavodunda, xx.xx.2016-cı ildən, hazırki dövrədək "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə işləyir. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. -"xxxx" Bakı sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,İddiaçı Azərsu" ASC-nın "Bakı Sukanal" idarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək elektrik qaz qaynaqçısı, xx.xx.2016- cı ildən 01,09.2016-cı ilədək qazla kəsən, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək elektrik qaz qaynaqçısı işləmiş və 17.01,2017-ci ildən hazırkı dövrədək qazla kəsən peşəsində işləyir.İddiaçı "Bakı Sukanal" İdarəsində "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən elektrik qaz qaynaqçəsə və qazla kəsən peşələrində altı il yeddi ay on dörd gün işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 12 may 1987-ci il tarixdən 04 dekabr 2003-cü il tarixinə kimi tam iş günü "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları" zavodunda elektrik qanaqçısı peşəsində işləmişdir.Göstərilən peşə Azərbaycan Reapublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXXİİİ bölməsinin 23200000-19906 şifrəsinə əsasən 2 saylı siyahı üzrə (ə! ilə qaynaq aparan elektrik qanaqçıları) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.Qeyd: "Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları" zavodu 11 noyabr 2003-cü ildə özəlləşdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. - Məhkəmənin sorğusuna əsasən ƏMDX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli 301 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Tikinti Sənaye Müəssisələri Kombinatının Sumqayıt 1 nömrəli Dəmir-Beton Məmulatları zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2005-ci il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririlir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi – qaz qaynaqçı, işə qəbul olunduğu tarix-xx.xx.1987) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt 1 nömrəli Dəmir Beton Məmulatları” zavodunun (Sumqayıt Dəmir Beton 1 ASC-nin) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı işləməsi barədə məlumatı müsbət cavablandırmaq mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (23200000-19906) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Ümumi fəslində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən qanunvericilik normalarından aydın olduğu kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının xüsusi iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında aparlan qeydlərə görə o, xx.xx.1987-ci il tarixdə 1 saylı Dəmir Beton məmulatları zavoduna 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə ona əl ilə elektrik qaynaqçılığı üzrə 5-ci dərəcə verilmiş, xx.xx.1991-ci il tarixdə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin müəssisədə əli ilə elektrik qaynaqçısı işləməsi, ona əl ilə elektrik qaynaqçılığı üzrə 5-ci dərəcənin verilməsi barədə əmək kitabçasında aparılan qeydlə və müəssisə tərəfindən verilən güzəştli iş stajı barədə arayşıla öz təsdiqini tapır. Ümumiyyətlə, məhkəmə hesab edir ki, həmin müəssisə üzrə arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının ziyanına təfsir edilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh iddiaçının 1986-1987-ci illərdə elektrik qaynaqçısı işlədiyi dövrü onun xüsusi iş stajına daxil etsə də, bundan sonra həmin peşədə işlədiyi dövrü (1987-2005) daxil etməkdən imtina etmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar