Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-306/2021 06.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı Ziyəddin qızının (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Abşeron rayonu, Müşfiqabad yeni qəsəbə, ev 24, mənzil 3-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı həyat yoldaşı Qasımov Vəkil Qədim oğlunun 29.09.1990-cı il tarixdən 17.06.1998-ci il tarixədək Ağstafa Avtonəqliyyat müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ailə başçısına itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə mərhum həyat yoldaşı Qasımov Vəkil Qədim oğluna görə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək həyat yoldaşı Qasımov Vəkil Qədim oğlunun 29.09.1990-cı il tarixdən 17.06.1998-ci il tarixədək Ağstafa Avtonəqliyyat müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ailə başçısına itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onun həyat yoldaşı Qasımov Vəkil Qədim oğlu 21.06.1961–ci ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuş, 09.12.2019-cu ildə vəfat etmişdir. Onların birgə nikahdan 5 övladları olmuş, onlardan biri 02.10.2006-cı il təvəllüdlü Qasımova Əsmər Vəkil qızı azyaşlı olmaqla 14 yaşındadır. İddiaçı ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh təşkilatdan 25.08.2020-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzi tərəfindən təqdim olunmuş 14.03.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mərhum həyat yoldaşının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 14 il 04 ay sığorta stajına qarşı 11 il 08 ay sığorta stajı olduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, onun həyat yoldaşı 1978-ci ildən 1980-ci ilədək Mexanizasiya idarəsində fəhlə işləmiş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1983-cü ildən 1998-ci ilədək Qazax-Ağstafa Avtobazasında sürücü vəzifəsində işləmişdir. Ümumilikdə, onun əmək stajı 19 ilə yaxındır. Lakin cavabdeh təşkilat onun işlədiyi dövrü nəzərə almayaraq ona imtina cavabı vermişdir. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və izah etdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa və ya vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları 18 yaşına çatmamışdırsa ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Yəni, ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum Qasımov Vəkil Qədim oğlu ilə birgə nikahdan 02.10.2006-cı il təvəllüdlü Əsmər adlı bir uşaqları vardır. Bu səbəbdən iddiaçının iddiaçının övladının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Lakin mərhum Qasımov Vəkil Qədim oğlunun topladığı sosial sığorta stajı hazırda pensiyanın təyin edilməsi üçün kifayət etmir. Belə ki, o, 21.06.1961-ci il təvəllüdlü olmaqla, 15.12.2019-cu ildə (58 yaşında) vəfat etmişdir. Beləliklə, İddiaçı Ziyəddin qızına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün, mərhum ərinin ölüm gününədək tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: (58 yaş -15 yaş) * 4 ay= 172 ay (14 il 4 ay). İddiaçının inzibati icraat zamanı cavabdehə təqdim etdiyi əmək kitabçasına əsasən, iddiaçının mərhum ərinin 11 il 08 ay mübahisələndirilməyən sığorta stajı vardır. İddiaçının mərhum ərinin 29.09.1990-cı il tarixdən 17.06.1998-ci il tarixə qədər Ağstafa rayon “Avtonəqliyyat” müəssisəsində işlədiyi dövrü işə girmə əmrinin olmaması səbəbindən onun sosial sığorta stajına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş : -İİİ № 386929 seriyalı nikahın baölanması haqqında şəhadətnamədən görünür ki, Qasımov Vəkil Qədim oğlu ilə X1 13.11.1985-ci ildə rəsmi nikaha daxil olmuş, X1 ərinin soyadını qəbul etmişdir. -lİ-ПН № 760392 saylı təkrar doğum haqqında şəhadətnamədən görünür ki, Qasımova Əsmər Vəkil qızı 02.10.2006-cı il tarixdə Rusiya Federasiyası, Xantı-Mansiysk Muxtar dairəsi-Yuqra (Tümen vilayəti), Koqalım şəhərində anadan olmuşdur. Ata qrafasında Qasımov Vəkil Qədim oğlu, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -AZ İİ № 052819 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, Qasımov Vəkil Qədim oğlu 09.12.2019-cu ildə vəfat etmişdir. - ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, Qasımov Vəkil Qədim oğlu 25.10.1978-ci ildən 20.10.1980-ci ilədək Mexanizasiya idarəsində fəhlə, 01.02.1983-cü ildən 17.06.1998-ci ilədək Qazax Avtomobil müəssisəsinə işə qəbul edilmiş, 03.03.1989-cu il tarixdə Qazax YAHM-yə, 03.09.1990-cı ildə Ağstafa YAHM-yə sürücü keçirilmiş, 29.09.1990-cı il tarixli 2k saylı əmrə əsasən 01.10.1990-cı il tarixdən Ağstafa AHM-də işdə,01.03.1992-ci ildən yeni yaradılmış Ağstafa təsərrüfat hesablı Avtomobil Nəqliyyat müəssisəsində işdə hesab edilmiş, 17.06.1998-ci il tarixdə işdən azad edilmişdir, 10.06.2016-cı ildən 14.04.2017-ci il tarixədək Bakı 6 №li Yol İstismarı MMC-də sürücü vəzifəsində işləmişdir. - НЗ № ******* saylı hərbi biletdən görünür ki, Qasımov Vəkil Qədim oğlu 31.10.1980-02.12.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - AR Milli Arxiv İdarəsi Ağstafa rayon İcra Hakimiyyəti Ağstafa rayon Dövlət Arxivi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli 13 saylı sorğuya cavabdan görünür ki, Ağstafa rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinə əsasən Qasımov Vəkil Qədim oğlunun 1990-1998-ci illər üzrə Ağstafa “Avtonəqliyyat” müəssisəsində işləməsi barədə əmr və əmək haqqı cədvəllərinin surəti göndərilmişdir. Həmin əmr və əmək haqqı cədvəllərindən görünür ki, 1990-cı ilin oktyabr-dekabr, 1992-ci ilin yanvar-fevral, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-dekabr, 1995-ci ilin yanvar-aprel, avqust-dekabr, 1996-cı ilin yanvar və may aylarında Akstafa “Avtonəqliyyat” müəssisəsinin işçi və qulluqçularına aid əmr və əməkhaqqı kitabına əsasən işləməsi müəyyən olunmuşdur, lakin işə daxil olması haqqında əmr aşkar edilməmişdir. -“xxxx” ASC tərəfindən verilmiş 27.02.2020-ci il tarixli 03 saylı arayışdan görünür ki, Qasımov Vəkil Qədim oğlu 01.02.1983-03.09.1990-cı il tarixədək həmin müəssisədə işləmişdir. -iddiaçıya Ağstafa ryayın Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Qasımov Vəkil 1992-ci ilin yanvar-aprel aylarında və 1993-cü ilin yanvar ayından başlayaraq 1996-cı ilin avqust ayınadək əmək haqqı almışdır. - Ağstafa rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 09 aprel 2021-ci il tarixli 13 saylı məktuba əlavə edilmiş əmək haqqı cədvəllərindən və əmrdən çıxarışdan görünür ki, Qasımov Vəkil Qədim oğlu 1990-cı ilin oktyabr - dekabr, 1992-ci ilin yanvar-fevral, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-dekabr, 1995-ci ilin yanvar-aprel, avqust-dekabr, 1996-cı ilin yanvar-dekabr aylarında Akstafa “Avtonəqliyyat” müəssisəsindən əmək haqqı almış və 17.06.1998-ci il tarixdə işdən azad edilmişdr. - DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 14.03.2020-ci il tarixli **********1 saylı imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1 -ci maddəsinə əsasən “Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan ( vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və ya əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin ailə başçısı itirməyə görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 17.1 -ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Şöbəyə təqdim edilmiş sənədlərin surətindən görünür ki, iddiaçının mərhum həyat yoldaşı 21.06.1961-ci il təvəllüdlüdür, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 14 il 04 ay sosial sığorta stajına qarşı 11 il 08 ay sosial sığorta stajı olması səbəbindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismət təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 14-cü maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; .... 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının Qaımov Vəkil Qədim oğlu ilə birgə nikahdan 2006-cı il təvəllüdlü Əsmər adlı bir qızı vardır. Bu hal iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu verir. Yuxarıda göstərilən Qanunun 17-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İstinad olunan 12.1-ci maddənin tələbinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Sadalanan normaların məzmunundan aydın olur ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün onun mərhum əri Qasımov Vəkil Qədim oğlunun 14 il 4 ay sosial sığorta stajına malik olması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.3-cü bəndinə əsasən iddiaçıya əmək pensiyasının təyin olunması üçün mərhum ərinin tələb olunan sığorta stajı 14 il 4 ay (58 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 43 yaş x 4 ay = 172 ay : 12 ay = 14 il 4 ay) təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçının əri mərhum V.Qasımovun işə qəbul edilməsi barədə əmri aşkar edilməsə də, məhkəmə onun əmək kitabçasında aparılan qeydlərə görə bir müəssisədən digər müəssisəyə keçməsini nəzərə alaraq hesab edir ki, bu hal həmin dövrün sosial sığorta stajına mümkünsüzlüyünə əsas olmamalıdır. Belə ki, Vəkil Qaımovun 1990-cı ilin oktyabr ayında həmin müəssisədə əmək haqql almağa başlaması arxiv arayışı ilə təsdiq edilir. Bundan sonra bəzi ayları çıxmaq şərti ilə V.Qasımovun 1996-cı ilin dekabr ayınadək əmək haqqı alması öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə hesab edir ki, V.Qasımovun 17.06.1998-ci il tarixdə işdən azad edilməsi barədə əmr aşkar edilsə də, onun 1996-1998-ci illərdə əmək haqql alması sübuta yetirilmədiyindən həmin dövrün onun sosial sığorta stajına daxil edilməsinə dair tələb təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum əri Vəkil Qasımovun əmək haqqı aldığı dövr onun sosial sığorta stajına daxil edildikdə onun tələb olunan 14 il 4 ay sosial sığorta stajı tamamlanmış olur və bununla da iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasını almaq hüquq yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Məhrum Qasımov Vəkil Qədim oğlunun 1990-cı ilin oktyabr-dekabr, 1992-ci ilin yanvar-fevral, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-dekabr, 1995-ci ilin yanvaraprel, avqust-dekabr, 1996-cı ilin yanvar və may aylarında Ağstafa Avtonəqliyyat müəssisəsində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-306/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-306/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver