Məhkəmə qərarları › İş №2-1(118)-3068/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3068/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3068/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmiş və xüsusi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0.014 ha torpaq sahəsinin üzərindən keçən qaz xəttinin cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin hesabına sökülməsi və həmin qaz xəttinin yeri dəyişdirilərək iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması öhdəliyinin cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0.014 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsinə dair AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli. AA seriyalı. 050756 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, daimi istifadəsindədir və həmçinin orada ona məxsus qaraj yerləşir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, mülkiyyətində olan həmin torpaq sahəsinin üzərindən onun xəbəri və icazəsi olmadan qaz xətti çəkilmişdir. Buna görə də həmin qaz xəttinin yerinin dəyişdirilərək torpaq sahəsində çıxarılması üçün ərizə ilə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə müraciət etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən onun müraciətinə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-11-1419/2023 nömrəli məktubla cavab verilmiş, həmin məktubda mülkiyyətində olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0.014 ha torpaq sahəsinin üzərindən keçən qaz xəttinin yerinin dəyişdirilərək torpaq sahəsindən çıxarılması üçün bütün xərclərin tərəfindən ödəniləcəyi halda təmin ediləcəyini, əks halda bunun mümkün olmadığını bildirmişlər. Hesab edir ki, aşağıda sadalananlara görə xüsusi mülkiyyətində olan Abşeron rayonu. Ceyranbatan qəsəbəsində yerləşən 0.014 ha torpaq sahəsinin üzərindən keçən qaz xəttinin yerinin dəyişdirilərək torpaq sahəsindən çıxarılmasından cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin verdiyi imtina qanunsuz və əsassızdır. Qeyd olunan qaz xətti qanunsuz olaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərindən çəkilmiş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Bunun nəticəsində iddiaçı özünə məxsus həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını - sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmiş və xüsusi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0.014 ha torpaq sahəsinin üzərindən keçən qaz xəttinin cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin hesabına sökülməsi və həmin qaz xəttinin yeri dəyişdirilərək iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı iddia cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə X2 publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. İddiaçının tələbi t mülki hüqüq münasibətlərindən irəli gələn bir tələbdir ki, bu halda cavabdehin inzibati orqan kimi qəbul edilməsini müəyyən edən bir hal mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Bu halda iddiaçı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar