Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-307/2021 07.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili X4, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha.dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha.dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 07 sentyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, 0.06 ha-dan ibarət torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Cavabdeh əsassız olaraq dövlət qeydiyyatının aparılmasından 07 sentyabr 2020-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində qərəzli olaraq torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının müddəalarına zidd olaraq bələdiyyə qərarının 03 oktyabr 2003-cü il 92 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı tərtib olunmamışdır. Sumqayıt Bələdiyyəsinin cavabdeh idarəyə ünvanladığı 24 avqust 2020-ci il tarixli 2463 saylı məktubunda torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olaraq həmin torpaq sahəsinin ona satılmasını rəsmən qəbul etmiş və səbəblərini izah edərək onun bələdiyyə torpağını alarkən ödədiyi pulu təsdiq edən sənədlərin məhv edildiyini bildirmişdir. Bu səbəbdən o həmin torpaq sahəsinin alınması üçün qanunvericiliklə müəyyən olunmuş məbləği - 1080 (bir min səksən) manatı Sumqayıt Bələdiyyəsinə ödəmişdir. Bununla da Bələdiyyə torpaq sahəsinin sahiblik və istifadə hüququnun onda olmasını tam qəbul etmişdir. Cavabdeh torpağı ona satan Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsinin əvvəlki mükiyyətçisi olmasını qəbul edir. Bu hal da qeyd olunan hüququn imtinasını bu şəkildə əsaslandırması başa düşülən deyildir. Torpaq sahəsinin alqı-satqı aktının və həmçinin Memarlıq və Şəhərsalma idarəsinin rəyinin təqdim olunmaması məsələsinə gəldikdə isə qeyd edir ki, torpaq sahəsi ona ayrılarkən inşaat pasportu tərtib edilmiş, inşaat pasportunda torpaq sahəsinin yerləşmə mövqeyi müvafiq sxem tərtib olunaraq təsbit olunmuşdur. Qeyd edilən sxem Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən həmin ərazinin, yəni Sumqayıt Şəhəri 51-ci məhəllə ərazisinin bütövlükdə memarlıq idarəsi tərəfindən təsdiqlədiyi sxematik plana uyğun ayrıldığı məlumdur. Cavabdeh qanunsuz, qərəzli bəhanələr gətirməklə istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina etməsi əsassızdır. Mülki Məcəllənin 358.1 ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin qanunun 15.2-ci maddəsinə görə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Hesab edir ki, qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair hüququn qeydiyyata alınmasından imtina edilməsi hüquqa ziddir. Belə ki, hər bir halda həmin torpaq sahəsi qanunvericiliklə təsbit olunmuş qaydada ona ayrılmış və bu prosedur başa çatmışdır. Torpaq sahəsinə 2003-cü ildən fasiləsiz, qanuni əsaslarla sahiblik edir və hesab edir ki, qeyd olunan torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının alınmasından imtina edilməsi tamamilə əsassızdır. Eyni əsaslarla ayrılmış torpaq sahələri üzərində ayrı-ayrı fiziki şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda onun müraciəti əsasında bilavasitə həmin ərazidə yerləşən torpaq sahəsinin üzərində hüququn qeydiyyata alınmaması qanunvericliyə ziddir, qərəzlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi həmçinin vəkili X7 iddia ərizəsinə uyğun izahatlar verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğlu Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsinə dair 25 avqust 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının müddəalarına zidd olaraq bələdiyyənin qərarının 03 oktyabr 2003-cü il tarixli 92 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Göründüyü kimi torpaq sahəsinin rəsmiləşdirilməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 51 -ci məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğluna 07 sentyabr 2020-ci il tarixli **********91 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, iddia tələbinin təmin olunmasına etirazı yoxdur. 2000-2010-cu illərə aid vaxtı keçmiş maliyyə sənədləri, eləcə də vətəndaşların torpaq alqı-satqısına dair kassa məxaric orderləri saxlama müddəti keçmiş sənədlər kimi akt əsasında məhv edilmişdir. Vətəndaş bələdiyyəyə müraciət edərkən, bu səbəbdən vətəndaşın ödəniş barədə sənədini təsdiq edə bilməmişlər. Daha sonra iddiaçı özü təklif etmişdir ki, ikinci dəfə ödəniş etsin və etmişdir. Əvvəllər alqı-satqı müqaviləsini Torpaq və Xəritəçəkmə Komitəsi tərtib edirdi, 3 nüsxədə olurdu, tərəflərə təqdim edilirdi. Həmin qurum 2015-ci ildə ləğv olunmuşdur. Hazırda onların arxivi Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Əgər alqı-satqı müqaviləsi bağlanıbsa, həmin orqanda olmalıdır. Bələdiyyədə iddiaçıya məxsus alqı-satqı müqaviləsi yoxdur. Sonda üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin 03 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarından görünür ki, İddiaçı baş plan əsasında, 51-ci məhəllə ərazisində, fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 24 avqust 2020-ci il tarixli qəbzdən İddiaçı tərəfindən kommunal xidmətlər üzrə ödəmələr adı ilə bələdiyyə ödənişi qismində 1080 manat məbləğində pul vəsaiti ödənildiyi göstərilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin 03 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə İddiaçı baş plan əsasında, 51-ci məhəllə ərazisində, fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. Lakin tərəflər arasında ayrılmış torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilməmiş, həmin torpaq sahəsi müqabilində ödənilməli olan vəsaitin həmin dövrdə bələdiyyənin büdcəsinə ödənildiyini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İş materiallarına 24 avqust 2020-ci il tarixli qəbz əlavə edilmişdir ki, həmin qəbzdə kommunal xidmətlər üzrə ödəmələr adı ilə bələdiyyə ödənişi qismində İddiaçı tərəfindən 1080 manat məbləğində pul vəsaiti ödənildiyi göstərilmişdir. Məhkəmə iclasında bələdiyyənin nümayəndəsi X1 Mübariz Nəsib oğlu tərəfindən torpaq sahəsinin alqı-satqı məbləğinin Sumqayıt bələdiyyəsinə ödənildiyini, lakin torpaq sahəsinin alqı-satqısını təsdiqləyən kassa mədaxil order qəbzlərinin saxlama müddəti qurtarmış sənədlər kimi yandırılaraq məhv edildiyini bildirmişdir. Lakin bələdiyyə sözügedən qəbzin məhv edildiyini təsdiq edən hər hansı bir aktı və ya digər sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı da ona torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin dəyərinin ödənildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə, yəni 03 oktyabr 2003-cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmin Qanun 6.5-ci maddəsinin 03 oktyabr 2003-cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 548 saylı, 9 avqust 2001-ci il tarixli Fərmanına görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Hazırki işdə sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair alqı-satqı aktının tərtib edilməməsi ilə yanaşı, qanunvericiliyin həmin dövrdə olan tələbinə baxmayaraq torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilərkən memarlıq və şəhərsalma idarəsinin də rəyi alınmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2003-cü ildə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin dəyəri, uzun müddət keçdikdən sonra yəni, 20 avqust 2020-ci il tarixli qəbzlə ödənilsə də, həmin məbləğ torpaq sahəsinin hazırda mövcud olan deyil, 2003-cü il tarixdə mövcud olan dəyəri məbləğində ödənilmişdir. Beləliklə iddiaçı ilə bələdiyyə arasında sözügedən torpaq sahəsinin alqı-satqısı ilə bağlı prosedurlar qanunvericiliyə uyğun həyata keçirilməmiş, natamam qalmışdır. Beləliklə müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, qeydiyyat üçün lazım olan sənədlər tam təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığını müəyyən etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Məhkəmə iddiaçının qonşuluqda yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatının cavabdeh tərəfindən rəsmiləşdirildiyinə dair dəlilinə münaisbətdə qeyd edir ki, həmin torpaq sahələrinin hazırkı iş üzrə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınması iddiaçının tələbinin təmin olunması və bununla bağlı cavabdeh orqanın üzərinə hüquqazidd öhdəliyin qoyulması üçün əsas ola bilməz. Bunun əksi, torpaq sahəsinin eyni əsaslarla (Torpaq Məcəlləsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə zidd olaraq) mülkiyyətə verilməsinin qanuniliyinin məhkəmə tərəfindən tanınmasını və təsdiqini ehtiva edir. Daşınmaz əmlakın rəsmi reyestrdə dövlət qeydiyyatının aparılması ilə bağlı funksiyanı yerinə yetirən icra orqanın faktiki xarakterli hərəkəti (fəaliyyəti) özü-özlüyündə məhkəmə üçün oxşar qərar qəbul etmək öhdəliyi yaratmır. Məhkəmə qeyd edir ki, əgər torpaq sahəsi ayrılarkən proses sonadək qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamışsa, iddiaçı reyestrdə torpağa dair hüququn qeydə alınmasını tələb etməmişdən öncə, torpaqayırma prosesinin qanunvericiliklə müəyyən edilmiş qaydada sona çatdırılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha.dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha.dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-307/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-307/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver