Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3074/2024 11.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 10 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib ona müxtəlif müəssisələrdə işlədiyi müddətlərin güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququnun yarandığı 60 yaşdan, yəni 10 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1963-cü il tarixdə Azərbaycan Respublikası, Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuş, 30 sentyabr 1981-ci il tarixdən 09 noyabr 1981-ci il tarixədək Azərbaycan SSR Cəlilabad rayon elektrik şəbəkəsinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmiş, 15 noyabr 1981-ci il tarixdən 16 noyabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 30 noyabr 1983-cü il tarixdə Azərbaycan SSR Cəlilabad rayon elektrik şəbəkəsinə 4-cü dərəcəli elektrik montyoru vəzifəsində, 11 sentyabr 1984-cü il tarixdən 10 aprel 1985-ci il tarixədək yeni təşkil olunmuş Novoqolovski şəbəkə sahəsində 4-cü dərəcəli elektrik montyoru vəzifəsində, 08 may 1985-ci il tarixdən 21 noyabr 1985-ci il tarixədək “Azneftximmontaj” trestinin 1-ci Sumqayıt quraşdırıcı idarəsində 4-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmiş, 17 dekabr 1985-ci il tarixdən 05 sentyabr 1991-ci il tarixədək Sumqayıt Superfosfat zavodunun Ftorlu aliminium sexində 3-cü dərəcəli aparatçik vəzifəsində, 05 sentyabr 1991-ci il tarixdən 06 fevral 1996-cı il tarixədək Sumqayıt Superfosfat zavodunun Sulfat turşusu sexində elektrik avadanlıqların təmiri və xidməti üzrə 5-6-cı dərəcəli elektrik montyoru vəzifəsində, 06 fevral 1996-cı il tarixədən 19 mart 1997-ci il tarixədək Sumqayıt Superfosfat zavodunun avadanlıqların komplektləşdirilməsi və ambar təssərüfatı sexində nəzarətçi vəzifəsində, 19 mart 1997-ci il tarixədən 21 may 1998-ci il tarixədək Sumqayıt Superfosfat zavodunda hərbiləşdirilmiş mühafizə dəstəsinin komandiri vəzifəsində işləmiş, 25 may 1998-ci il tarixədən 03 iyun 2002-ci il tarixədək Azərenerji Sumqayıt İstilik Elektrik Stansiyası elektrik sexində 4-cü dərəcəli növbətçi elektrik montyoru vəzifəsində, 03 iyun 2002-ci il tarixədən 01 iyul 2002-ci il tarixədək elektrik sexində elektrik avadanlıqlarının xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru vəzifəsində, 01 iyul 2002-ci il tarixdən 06 noyabr 2002-ci il tarixədək Elektrik sexində növbə rəisi vəzifəsini öyrənən vəzifəsində, 06 noyabr 2002-ci il tarixədən 03 yanvar 2003-cü il tarixədək Elektrik sexində növbətçi elektrik texniki vəzifəsində, 03 yanvar 2003-cü il tarixədən 01 oktyabr 2007-ci il tarixədək Elektrik sexində texnik vəzifəsində, 01 oktyabr 2007-ci il tarixədən 12 iyun 2012-ci il tarixədək Elektrik sexində 12-ci dərəcəli növbə rəisi vəzifəsində,12 iyun 2012-ci il tarixədən 17 dekabr 2012-ci il tarixədək Stansiyasıyanın növbə rəisi vəzifəsində işləmişdir. 10 dekabr 2012-ci il tarixdən 18 aprel 2016-cı il tarixinədək Azərbaycan Metanol Ko Məhdud Məsuliyyətli Cəmiyyətin Təmir Departamentinə mühəndis elektrik vəzifəsində, 13 iyun 2016-cı ildən 15 noyabr 2016-cı il tarixinədək MMC-nin Elektrik istismarı şöbəsinin Yarımstansiya qrupunda mühəndis elektrik vəzifəsində işləmişdir. 15 noyabr 2016-cı il tarixindən 01 mart 2018-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Elektrik energetikası şöbəsində mühəndis vəzifəsində, 01 mart 2018-ci il tarixində MMC-nin Elektrik təchizatı, Elektrik avadanlıqlarının təmiri və quraşdırılması sahəsinə energetik vəzifəsində, 12 mart 2019-cu il tarixindən 21 fevral 2020-ci il tarixinədək MMC-nin Elektrik təchizatı, Elektrik avadanlıqlarının təmiri və istismarı üzrə xidmət sahəsinə energetik vəzifəsində işləmişdir. 20 aprel 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixinədək "xxxx" MMC-nin İstehsal sahəsinə energetik vəzifəsinədə, 01 mart 2021-ci il tarixinədən "xxxx" MMC-nin Sürtküyağları istehsalı şöbəsinə energetika üzrə mühəndis vəzifəsinə keçirilmiş və alhazırda da həmin cəmiyyətdə işləyir. Bütün bunları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 23 avqust 2023-cü il tarixli NC 21 nömrəli arayışda xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində avadanlıqların komplektləşdirilməsi və anbar təsərrüfatı sexində nəzarətçi, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində hərbləşdirilmiş mühafizə dəstəsində nəzarətçi, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin dəstənin bölmə komandiri, "xxxx" ASC-nin ona dair 21 avqust 2023-cü il tarixli 13-KŞ nömrəli arayışında isə "xxxx" MMC-də xx.xx.1998-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik sexində növbətçi elektrik montyoru, növbə rəisi vəzifəsini öyrənən, növbətçi elektrik texniki, texnik, növbə rəisi və xx.xx.2012-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində stansiyada növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, "xxxx" ASC və "xxxx" MMC-də işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirmə aparılıb. Dəqiqləşdirmə zamanı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi sexlərin fəaliyyət sahəsi güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid olmadığı müəyyən olunmuşdur. Bu fakt "xxxx" ASC-nin 9 oktyabr 2020ci il tarixli birgə Aktı ilə təsdiq edilib.Eyni zamanda, iddiaçının "xxxx" MMC-də yalnız xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik montyoru peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib.Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 24 gün (xx.xx.1985-xx.xx.1995ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2016-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-17-1/2-F-311445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, İT-İ ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti, H3 ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, "xxxx" ASC-nin təqdim etdiyi 23 avqust 2023-cü il tarixli NC 21 nömrəli arayış, "xxxx" ASC-nin təqdim etdiyi 21 avqust 2023-cü il tarixli 13-KŞ nömrəli arayış, SOCAR Metanol zavodunun təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 14-2- 19/3-9-44/2023 nömrəli arayış, "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 13-9/106/2-59/2024 nömrəli için xarakteri haqqında arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və güzəştli şərtlərlə əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 3-17-1/2-F-311445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla imtina cavabını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı”nda 1080A010 şriftinə uyğun peşə nəzərdə tutulmuşdur. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının azı 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malikdir ( “müəssisələrin təqdim etdiyi arayışlarda iddiaçının işlədiyi işin xarakteri barədə ətraflı məlumat qeyd olunmuşdur). Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi, hərbi xidmət illərini hesabladıqda ümumi əmək stajı 25 ildən çoxdur. Cavabdeh təşkilatın etirazında bildirdiyi arqumentə, yəni iddiaçının xx.xx.1995xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi sexlərin fəaliyyət sahəsi güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid olmadığına bu faktın "xxxx" ASC-nin 9 oktyabr 2020-ci il tarixli birgə Aktı ilə təsdiq edilməsinə, eyni zamanda, iddiaçının "xxxx" MMC-də yalnız xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik montyoru peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid olduğu müəyyən edilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə almaq lazımdır ki, Elektrik enerjisi istehsalatı sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçıya münasibətdə işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Başqa sözlə desək eıelktrik istehsalında işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq zərərli sahədə çalışıblar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya alımaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda növbətçi elektrik montyoru peşələrinin enerji istehsalı bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının "xxxx" MMC-də xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı dövrdə işlədiyi növbətçi elektrik montyoru, elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda enerji istehsalatı sahəsində elektrik montyoru peşələrinə uyğundur. Həmçinin, "xxxx" ASC-nin təqdim etdiyi 23 avqust 2023-cü il tarixli NC 21 nömrəli arayışından da müəyyən olunur ki, iddiaçının həmin müəssisədə işlədiyi peşə zərərli iş sahəsinə aiddir. Cavabdeh təşkilat xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi sexlərin fəaliyyət sahəsi güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid olmadığına dair "xxxx" ASC-nin 9 oktyabr 2020-ci il tarixli birgə Aktına istinad etsə də, həmin akt məhkəməyə təqdim edilməmişdir. Həmin akt təqdim edilsə belə, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli NC 21 nömrəli arayış həmin aktın əhəmiyyətsiz olmasına dəlalət edir. Belə ki, iddiaçının 17 dekabr 1985ci il tarixdən 06 fevral 1995-ci il tarixləri arasındakı dövrlərdə Sumqayıt Superfosfat zavodunun Ftoraliminium sexində, sulfat turşusu sexində müxtəlif dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işlədiyi iş yeri və vəzifə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilən 1080A010 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni müvafiq qanuna dəyişiklik xx.xx.2022-ci ildə qanuni qüvvəyə mindiyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı pensiya təminatı hüququnu həmin tarixdən qazanmış olur. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 10 oktyabr 2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3074/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3074/2024
11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver