Məhkəmə qərarları › İş №2-1(118)-3077/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3077/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3077/2022 10.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 (Sumqayıt Regional Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 9 v, mənzil 25-də yaşayan) İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X2 və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X1 ona məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evdə yerləşən 22 saylı mənzildən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X2 və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X1 ona məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evdə yerləşən 22 saylı mənzildən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, mənzil 22 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs Xanəliyeva (İbrahimova) Aytən Rəşid qızı onun keçmiş gəlinidir. Belə ki, İddiaçıa iddiaçının oğlu X9 ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 8916/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan övladının ananın yanında qalması müəyyən olunmuşdur. O, iddiaçıya məxsus mənzildə yaşamır və onun həmin mənzilə heç bir hüququ yoxdur. İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, vətəndaş Xanəliyeva (İbrahimova) Aytən Rəşid qızının və onun yetkinlik yaşına çatmayan oğlu xx.xx.2011-ci il təvəllüdlü X1 ona məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, mənzil 22-dən pasport qeydiyyatından çıxarılmasını xahiş etmiş, lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Qasımov iddia tələbini müdafiə etdi və əddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-8916/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli rəsmi nikah qeydinin pozulması və nikahın pozulmasından sonra xx.xx.2011-ci il təvəllüdlü Pərvinin anasının himayəsinə verilməsi barədə iddiası təmin edilmişdir. - Baş Dövlət Texniki İnvertarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və İdarəsi tərəfindən verilmiş 31232 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri 12-ci mikrorayon, 4 saylı evdə yerləşən 22 saylı mənzil İddiaçı qızının adına qeydə alınmışdır. -Sumqayıt nikah evi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikah şəhadətnanəsindən görünür ki, X9 ilə X7 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. -Nikahın pozulması haqqında AZ-İ № 212637 seriyalı şəhadətnamədən görünür ki, X9 ilə X7 arasındakı nikah ləğv edilmşdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı üçüncü şəxsin mübahisəli mənzildən istifadə hüquqlarının olmaması müəyən edildi. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçının Məznil Məcəlləsinin 30-cu maddəsi baxımından cavabdehin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasın yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıça ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələrini saxlamaq, həmçinin nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifsəi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əməl qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Xanəliyeva (İbrahimova) Aytən Rəşid qızının və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X1 İddiaçı məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evdə yerləşən 22 saylı mənzildən qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xanəliyeva (İbrahimova) Aytən Rəşid qızının və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2011-ci il təvəllüdlü X1 İddiaçı məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evdə yerləşən 22 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar