Məhkəmə qərarları › İş №2-1(118)-3082/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3082/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3082/2022 26.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “İddiaçı2, İddiaçı1 və İddiaçı3 Sumqayıt şəhəri, Beton zavod ərazisi, Sülh küçəsi, 706A saylı evə qeydiyyata salınması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviril hissə: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Sumqayıt şəhəri, Beton zavod ərazisi, Sülh küçəsi, 706A saylı evə qeydiyyata salınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 123-34271i-3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçılar ailə üzvləri kimi ünvan 1 ünvanına qeydiyyatda olmuşdur. Bir neçə ay bundan əvvəl həmin ünvandan qeydiyyatdan çıxarıldıqlarına görə şəxsiyyət vəsiqələri etibarsız hesab olunmuşdur. Hazırda onların şəxsiyyət vəsiqələri etibarsız olduğuna görə Azərbaycan Respublikası vətəndaşlarına məxsus hüquqlarından istifadə edə bilmirlər. Adlarına sənədli evlərinin olmadığına görə onlar başqa yerə də qeydiyyata düşüb şəxsiyyət vəsiqəsi ala bilmirlər. Bununla bağlı cavabdehə müraciət etmişdirlər. Lakin cavabdeh əsassız olaraq onları yaşadıqları evə qedyiyyata salmaqdan və müvafiq olaraq şəxsiyyət vəsiqəsini verməkdən imtina etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi cavab məktubunda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, 2-ci bəndində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etdikdə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqlarını qeyd etmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə əqdim edilməlidir. Onların adlarında mülkiyyət hüququnu təsdiq edən, habelə yaşayış sahəsinə aid başqa bir sənəd yoxdur. Yaşadıqları ev qanunsuz tikilidir və heç bir sənədi yoxdur. Nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi cavabdehə təqdim etməkləri mümkünsüzdür. AR Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. İddiaçının mülkiyyət sənədi olan yaşayış yeri olmadığı üçün, yaşadığı yer qanunsuz tikili olduğu üçün müvafiq sənədləri təqdim edib şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar Sumqayıt şəhəri, Beton zavod ərazisi, Sülh küçəsi, 706A saylı evə qeydiyyata salınmalarını istəyir. Cavabdeh isə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı məhəllə komitəsinin 10 sentyabr 2022-ci il tarixli, 887 saylı ailə tərkibi haqqında arayışında Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev 706 ada yaşayan İddiaçı2 aşağıdakı sayda ailə tərkibi olduğu qeyd edilmişdir: İddiaçı1, İddiaçı3, X3, X2. Eyni zamanda iddiaçı tərəfindən mənzil kommunal xərclərinə dair qəbzlər də iş materiallarına əlavə edilmişdir. Azəriqaz İB Açıq Səhmdar Cəmiyyətinin bildiriş xəbərdarlığından görünür ki, iddiaçının ünvanı ünvan 3in məhkəmə hesab edir ki, qeyd edilən sənədlər qanunvericliyin tələbi üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün hüquqi əsas təşkil etmir. İddiaçılar özləri də qeyd edir ki, yaşadıqları ev qanunsuz tikilidir, heç bir mülkiyyət sənədi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar