Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3087/2024 12.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun hərbi xidmətə qəbul edilməsi üçün bağlaşma imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətə qəbul edilməsi üçün onunla bağlaşma imzalanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Silahlı Qüvvələrində “baş leytenant” rütbəli ehtiyatda olan zabitdir. 2002-2017-ci illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, 11 may 2017-ci ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Gəncə Hərbi Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 600 manat cərimə cəzasına məhkum edilmişdir. Cəriməni xx.xx.2017-ci il tarixdə ödəmiş, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 43 nömrəli arayışına əsasən məhkumluğu ödənilmiş hesab olunmuşdur. Hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” medalın 3-cü dərəcəsi və müxtəlif yubiley medalları ilə təltif olunmuşdur. Ehtiyata buraxılarkən öz ixtisasına qaytarılmasını xahiş etsə də cavabdeh buna əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 12 iyun 2024 -cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası” ilə tənzimlənir. Həmin qaydaların 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Belə ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə məhkum edilmişdir. İddiaçının bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi yuxarıda qeyd olunan qərarın tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan cavabdeh orqanın xx.xx.2024-ci il tarixli məktubu ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməməsi müəyyən olunmuşdur. • Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-138/2017 nömrəli 31 may 2017-ci il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edillmişdir. İş materiallarına məhkumluğun olmamasına dair Daxili İşlər Nazirliyinin arayışı, iddiaçıya məxsus hərbi bilet, qüsursuz xidmətə görə vəsiqə də əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan isə iddiaçının ərizəsinin icrasından sonuncu dəfə xx.xx.2024-ci ildə imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın(cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşayış yeri Xaçmaz şəhəri olduğundan məhkəmə hesab edir ki, aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu (25 dekabr 1991-ci il)
3-cü maddə: Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
18.1-ci bənd: Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası” 2.1.Azərbaycan Ordusundavə ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının SilahlıQüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuşdigər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: (...) 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinəcinayət törətdikdə. (...) 4.1. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
İşin hallarında göründüyü kimi iddiaçı 2002-2017-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmət keçmişdir. “Baş leytenant” rütbəli ehtiyatda olan zabitdir. 11 may 2017-ci ildə ehtiyata buraxılmışdır. Hərbi xidmət əleyhinə törətdiyi cinayətə (hərbi hissəni özbaşına tərk etmə) görə Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-138/2017 nömrəli 31 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edillmişdir. Cəriməni tam olaraq ödəmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışından da göründüyü kimi məhkumluğu ödənilmişdir. Hazırkı iddia ilə bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, həmçinin yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutuaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd olunan Nazirlər Kabinetinin müvafiq qərarından da göründüyü kimi dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilən hallardan biri də hərbi qulluqçuların hərbi xidmət əleyhinəcinayət törətməsi olmuşdur. Bu hal onların məhkumluğunun götürülməsi və ya ödənilməsi ilə bağlı olmayaraq konkret imtina halı kimi qeyd edilmişdir. Yəni, iddiaçının törətdiyi əməl – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “hərbi xidmət əleyhinə olan cinayətlər” fəslində qeyd olunan 333.3-cü maddəyə əsasən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə ilə bağlı olduğundan cavabdehin imtinası əsaslı hesab edilməli, iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun hərbi xidmətə qəbul edilməsi üçün bağlaşma imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev