Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3087/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Mərkəzi Filial) özünün 3-117-112-Ş-144279/2024 №-li 22 iyun 2024-ci il tarixli məktubu ilə iddiaçıya 65 yaşa görə əmək pensiya təyin olunmasından imtina edərək sənədləri geri qaytarmışdır. Cavabdeh orqan imtinaya əsas kimi, ona məxsus əmək stajının tələb olunan 25 il sığorta stajından az olması, eləcədə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Cavabdeh orqanın imtina cavabı ilə razı deyil. Cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı xx.xx.1957-ci il tarixində Şamaxı rayonun Ovcullu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1974-ci il tarixdə Şamaxı rayonun Məşədi Əzizbəyov adına üzümçülük sovxozunda fəhlə kimi işləməklə başlamış, sonradan hərbi xidmətə olmuş, h/x-dən qayıdaraq əmək fəaliyyətini davam etdirmiş, daha sonra Rusiya Federasiyasında işləmiş, Sovetlər İttifaqının süqutundan sonra vətənə qayıdaraq şəxsi təsərrüfat ilə məşğul olmuş, eyni zamanda işsiz kimi Rayon Məşğul Mərkəzində qeydiyyata alınaraq, oranın göndərişi ilə Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASCnin "xxxx"ndə işə düzəlmiş və orada qısa bir müddətdə işləmişdir. 2019-cu ildən başlayaraq hazırkı vaxtda kimi isə “X4” MMC-nin Şamaxı rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi peşəsində işləyir. Ümumilikdə, xx.xx.1974ci ildən xx.xx.2006-ci ilədək olan dövr üçün müəyyən fasilələrlə 06 ilə yaxın əmək stajına malikdir. xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixinədək dövr üçün isə 06 ay (xx.xx.2016 xx.xx.2016) işçi olaraq ondan sığorta ödənişləri tutulmuşdur. Qeyd olunan iş (sığorta) stajı adına açılmış əmək kitabçası ilə təsdiq olunur. Bütün bunların qarşılığında isə cavabdeh orqan sığorta stajının nəzərdə tutulduğu (25 il) müddətdən az olduğu adı altinda, layiq olduğu yaşa görə əmək pensiyası almaqdan məhrum etmişdir. Azərbaycan Respulikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin aliməqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddənin İ və İİİ hissələri). «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsizamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxiledilən digər dövrlərin məcmusudur; “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 1.Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüqunun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatlarıəsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda 2019-cu ilin əvvəlində edilmiş dəyişikliklərə əsasən fərdi hesabında xx.xx.2006-cı ildən xx.xx.2018-cı ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatmış şəxsə avtomatik olaraq 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün münimum staj tələbi 25 ildir) hədiyyə edilir. Hazırkı, işin mübahisələndirilən əsas halı pensiya təyin edən orqanı olan cavabdehin, sığortaolunanın kimi iddiaçının fərdi hesabında xx.xx.2006-cı ildən xx.xx.2018-cı ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalının əks olunmamasını (ödənilmədiyini) əsas tutaraq, yaşa görə əmək pensiyası təyinatında imtina təşkil edir. 2016-ci ilin əvvələrində işsiz kimi Rayon Məşğul Mərkəzində qeydiyyata alınaraq, oranın göndərişi ilə Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin "xxxx"ndə işə düzəlmiş və orada qısada olsa 06 ay (xx.xx.2016-xx.xx.2016) müddət ərzində işləmişdir. Həmin müəssisədə işləməyi təqdim etdiyi əmək kitabçasında da öz təsdiqini tapır. Bundan başqa orada işləməyinə dair elekton arayış formalı - əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi işə əlavə etmişdir. 65 yaşının tamamında pensiya təyin edən orqan - DSMF-yə rəsmən müraciət etmişdir. Orada isə xeyli bir müddətdən sonra ona “sığortaolunanın fərdi şəxsi hesabı haqqında” başlığı altında cavab məktubu göndərilmişdir /əlavə olunur/. Həmin cavab məktubunun mahiyyəti ondan ibarətdir ki, "xxxx"ndə (xx.xx.2016 - xx.xx.2016) müddət ərzində işlədiyinə baxmayaraq, idarə tərəfindən xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar, ona məxsus SSN: **********293 №-li fərdi şəxsi hesabında əks olunmamışdır. Daha sonra DSMF tərəfindən həmin müəssisəyə müraciət də ünvanlanmışdır. İddiaçı xeyli müddət gözləsə də, həmin müəssisdən heç bir cavab ala bilməmişdir. Daha sonra isə vaxtı ilə "xxxx"nin Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin tərkibində fəaliyət göstərdiyini və hazırda struktur dəyişiklikləri nəticəsində çevrilməklə hüquqi varisinin “Azərbaycan Respublikası Dövlət Su Ağentliyi” olduğunu nəzərə alaraq sonuncuya müraciəti də nəticəsiz qalmışdır /poçt qəbzi əlavə edilir/. Beləliklə, xx.xx.2016 - xx.xx.2016-cı il tarixli dövrə dair işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqları sığortaolunan olaraq ondan hesablandığı, lakin sığortaedən müəssisə tərəfindən ödənilməməsi səbəbindən layiq olduğu yaşa görə əmək pensiyasından məhrum olmuşdur. Bununla bağlı qeyd edir ki, məcburi dövlət sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə DSMF dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olaraq, məcburi dövlət sosial sığorta qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlər görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. Hesab edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəni icra etməməsi, həmin vəzifənin öz üzərindən ataraq sığortaolunan olaraq mənim üzərimə yönəltməklə bağlıcavabdeh orqanın dəlilləri əsaslı sayıla bilməz, həmin orqanın “hərəkət və hərəkətsizliyi” nəticəsində sığortaolunan olaraq olaraq əmək pensiyası hüququndan məhrum edilməyi əsaslı sayıla bilməz. Beləliklə, cavabdehin yaşa görə əmək pensiyasınından imtinası vətəndaş olaraq iddiaçının sosial hüquqlarını kobud şəkildə pozulmasını nəzərdə tutduğundan qanunsuz olmaqla heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin Elektron İnformasiya ehtiyyatlarındakı məlumatlarına əsasən onun sığorta stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət müddəti də nəzərə alınmaqla 10 il 7 ay 3 gün təşkil edir. Eyni zamanda İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 5 il 5 ay 3 gün sığorta stajına uyğun olaraq 5466,49 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il 2 ay sığorta stajına uyğun olaraq 4965,20 manat olmaqla ümumilikdə 10431,69 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280.00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı "X4" MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının hərbi biletinin, əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinə ünvanlanmış 03 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) 2016-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. İşin məhkəmənin icraatında olduğunu nəzərə alaraq İddiaçı 2016-cı il üzrə məlumatlarının araşdırılması, sözügedən dövrdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapdığı halda, MEİS-in “Sığorta” (Hesabat) altsistemində sözügedən il üçün təqdim edilmiş hesabatda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilməsi, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlərin ((hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) (Məlumat və Forma 1 cədvəlləri əlavə olunur)) mümkün qısa müddət ərzində Filiala təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 04 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı fərdi şəxsi hesabında 2016-cı ilin fevral-avqust ayları üzrə məlumatların əks olunmaması ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinə sorğu ünvanlanmışdır. İddiaçı sözügedən dövrdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapdıqdan və sığortaedən tərəfindən sübutedici sənədlər təqdim edildikdən sonra sığortaolunanın fərdi şəxsi hesabı ilə bağlı əlavə araşdırma aparılacaqdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Melioservis İdarəsinin faəliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aktiv olmuşdur. 2016-cı il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində işçilərin adlı siyahısı forması mövcud olmadığından əmək haqqından vergilərin tutulub-tutulmaması barədə məlumatın verilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 13 may 2025-ci il tarixli məktubu ilə, səğortaedənin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əks olunan 2016-cı il üzrə məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabat məlumatları təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin Elektron İnformasiya ehtiyatlarındakı məlumatlarına əsasən onun sığorta stajı xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət müddəti də nəzərə alınmaqla 10 il 7 ay 3 gün təşkil edir. Eyni zamanda İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 5 il 5 ay 3 gün sığorta stajına uyğun olaraq 5466,49 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il 2 ay sığorta stajına uyğun olaraq 4965,20 manat olmaqla ümumilikdə 10431,69 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280.00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; M a d d ə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş aylıq sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir. Hazırkı, işin mübahisələndirilən əsas halı pensiya təyin edən orqanı olan cavabdehin, sığortaolunanın kimi iddiaçının fərdi hesabında xx.xx.2006-cı ildən xx.xx.2018-cı ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalının əks olunmamasını (ödənilmədiyini) əsas tutaraq, yaşa görə əmək pensiyası təyinatından imtina təşkil edir. İddiaçının sığorta stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət müddəti də nəzərə alınmaqla 10 il 7 ay 3 gün təşkil edir. İddiaçı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda 2019-cu ilin əvvəlində edilmiş dəyişikliklərə əsasən fərdi hesabında xx.xx.2006cı ildən xx.xx.2018-cı ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatmış şəxsə avtomatik olaraq 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün münimum staj tələbi 25 ildir) hədiyyə edilir. Məhkəmə araşdırması zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) 2016-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Melioservis İdarəsinin faəliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aktiv olmuşdur. 2016-cı il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində işçilərin adlı siyahısı forması mövcud olmadığından əmək haqqından vergilərin tutulub-tutulmaması barədə məlumatın verilməsi mümkün olmamışdır. Beləliklə, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3087/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3087/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver