Məhkəmə qərarları › İş №2-1(118)-3088/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3088/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3088/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrlər üçün ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən vərəm xəstəsidir. X3 xəstəxanada xx.xx.2007-ci ildən hazıradək “ağ ciyərlərin fibroz-kavernoz vərəmi ilnfiltrasiya mərhələsində” diaqnozu ilə qeydiyyatdadır. Hazırda 2-ci qrup əlildir. Orqanizminin funksiyalarının pozulması 75 % təşkil edir. xx.xx.2023-cü il tarixdən əlillik təyin edilmiş və müvafiq sosial müavinət təyin edilmişdir. xx.xx.2021-ci ildə ona məlum olmuşdur ki, təyin edilmiş sosail müavinət əlilliyin müddəti səbəbindən dayandırılmışdır. Daha sonra təkrar müayinədən sonra əlilliyi xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üçün olan sosial müavinət isə hazıradək ödənilməmişdir. Bunula bağlı cavabdehə müraciət etmişdir, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, sosial müavinətin tələb edildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün iddiaçının əlilliyi qüvvədə olmadığından iddia əsassız hesab edilməlidir. Belə ki,qanunverciliyin tələblərinə görə əlilliyin bitdiyi tarixdən təkrar müayinə edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün onun tələbini təmin etmək mümkün olmamışdır. Həmin dövr üçün iddiaçının müraciəti (forma 88 üzrə göndərişi) olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçının əlilliyinin bitmə müddəti xx.xx.2021-ci il tarixə təsadüf edir, növbəti dəfə ona xx.xx.2023-cü il tarixdə əılillik təyin edilmişdir. Göstərilən dövrlər arasında iddiaçının əlillik vəziyyəti qiymətlənidirilmiş xx.xx.2021-ci ildə “göndərişin natamam doldurulması, əlavə müayinə və müalicəyə ehtiyac var” və xx.xx.2022-ci ildə “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabları verilmişdir. Lakin həmin imtina qərarları iddiaçı tərəfinən mübahisələndirilməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçıya sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, əlilliyi bir daha xx.xx.2023-cü il tarixdə bərpa edilmişdir. İddiaçı tərəfindən isə həmin hallar mübahisələndirilməmişdir. Hazırda isə həmin qərarları mübahisələndirməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi). “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li qərarının 2.3-cü bəndindən görünür ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar