Məhkəmə qərarları › İş №2-1(118)-3089/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3089/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3089/2023 30.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Qafarov Sehran Sabir oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Qafarov Sehran Sabir oğlunun, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü Qafarov Fazil Sehran oğlunun ona məxsus Sumqayıt şəhəri, 6cı mikrorayon ünvanda yerləşən 1 saylı evin 46 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 1 saylı evin 46 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili alqısatqı müqaviləsi əsasında almışdır. Mənzildə qeydiyyatda olan şəxslərdən Qafarov Sehran Sabir oğlu onun oğludur. O, X5 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikah münasibətlərindən iki övladı, 17 mart 2017-ci il təvəllüdlü X6 və 09 aprel 2019-cu il təvəllüdlü Qafarov Fazil Sehran oğlu anadan olmuşdur. Qafarov Sehran Sabir oğlu ilə X2 ailə münasibətləri pisləşdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, onların birgə nikahlarından olan iki uşaqlarının boşanmadan sonra anaları, X2 yanında qalması, .... qət edilmişdir. Keçmiş gəlini X5 heç vaxt ona məxsus olan mənzildə yaşamamışdır. Nəvələri boşandıqdan sonra analarının yanında qalmışlar, onunla yaşayırlar.Oğlu Qafarov Sehran Sabir oğlu onun şəxsi mülkiyyətində olan mənzildə qeydiyyatda olmasına baxmayaraq, 2016-cı ildən ona məxsus mənzildə yaşamamış, lakin formal pasport qeydiyyatında qalmışdır. Daha sonra nəvələri 17 mart 2017-ci il təvəllüdlü X6 və 09 aprel 2019-cu il təvəllüdlü Qafarov Fazil Sehran oğlu da ona məxsus mənzilə formal olaraq pasport qeydiyyata alınmış, bir gün də olsun ona məxsus mənzildə yaşamamışlar. Onun mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, onun müraciətinə müsbət cavab verməyən cavabdeh müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Qafarov Sehran Sabir oğlu iddia tələbi ilə razılaşdığını və Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 1 saylı evin 46 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-58/2-Q- 9xx/xx/2023 nömrəli imtina məktubu, Qeydiyyat Vəsiqəsinin təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin surəti, MKS tərəfindən verilmiş arayış, akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 1 saylı evin 46 nömrəli yaşayış sahəsinin mülkiyyətçisidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının keçmiş gəlini X7 ilə Qafarov Sehran Sabir oğlu arasında olan nikah pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2009-cu il təvəllüdlü X4 anası X1 yanında qalması qət olunmuşdur. Hal-hazırda iddiaçının nəvələri keçmiş gəlini ilə köçüb getmişdir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – Qafarov Sehran Sabir oğlu, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü Qafarov Fazil Sehran oğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır və onun mənzildə pasport qeydiyyatında qalması iddiaçıya əlavə xərclər çəkməsinə səbəb olur. Göründüyü kimi 3-cü şəxsin qeyd olunan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Qafarov Sehran Sabir oğlu iddia tələbini qəbul edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs – Qafarov Sehran Sabir oğlu, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü Qafarov Fazil Sehran oğlu Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 1 saylı evin 46 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qafarov Sehran Sabir oğlunun, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü Qafarov Fazil Sehran oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 1 saylı evin 46 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar