Məhkəmə qərarları › İş №2-1(118)-3089/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3089/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3089/2024 22.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Cəzayir oğlu (bundan sonra – “iddiaçı”) xx xxxxxxxx 1958-ci il tarixdə Şamaxı rayonunun Sündü kəndində doğulmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 1 sentyabr 1975-ci il - 20 iyul 1976-cı illərdə peşə təhsili almış, 20 iyul 1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış, 11 yanvar 2002-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – “ƏM”) 69-cu maddəsinə əsasən, (işçinin təşəbbüsü ilə) işdən azad edilmişdir.

3. İddiaçıya məxsus HЗ seriyalı, ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, o, 8 may 1977-ci il - 12 iyun 1979-cu illədə hərbi xidmətdə olmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - “cavabdeh”) tərəfindən iddiaçıya göndərilmiş 30 dekabr 2023-cü il tarixli, 3- 17-1/2-M-311617/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən sənədlərin surətlərinə əsasən sığorta stajı (8 may 1977-ci il tarixdən 8 iyun 1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və 25 iyul 1990-cı il tarixdən 3 iyul 1995ci il tarixədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 18 il 8 ay 22 gün təşkil edir. Həmçinin, bildirilir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 25 iyul 1990-cı il tarixdən 11 yanvar 2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun X1 təqdim etdiyi Dövlət Arxivinin Sumqayıt Filialının məktublarına əsasən, 1 №-li Trestin 13 №-li Tikinti İdarəsində 3 iyul 1995-ci il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olduğu üçün 3 iyul 1995-ci il tarixdən 11 yanvar 2002-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün, yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən, 23 sentyabr 2023-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib.

Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:

5. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 18 dekabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-1134 nömrəli arxiv çıxarışından aşağıdakılar müəyyən olunur: - Azərbaycan SSR Sənaye-Tikinti Birliyi 1 nömrəli Trestin 13 nömrəli Tikinti İdarəsinin 26 iyul 1990-cı il tarixli, 43/k nömrəli əmri ilə iddiaçı 25 iyul 1990-cı il tarixdən 5-dərəcəli bənna vəzifəsinə qəbul edilmişdir; - 1 nömrəli Trestin 13 nömrəli Tikinti İdarəsinin 9 mart 1992-ci il tarixli, 6/s nömrəli əmri ilə iddiaçıya 1 fevral 1992-ci il tarixdən 6-cı dərəcə verilmişdir; - Z.S.Hacıyev adına 1 nömrəli Trestin 13 nömrəli Tikinti İdarəsinin 27 oktyabr 1993-cü il tarixli, 22/s nömrəli əmri ilə iddiaçıya 25 iyul 1993-cü il tarixdən 25 iyul 1994-cü il tarixədək iş dövrü üçün 18 iş günü müddətində 27 oktyabr 1993-cü il tarixdən 16 noyabr 1993-cü il daxil olmaq şərti ilə məzuniyyət verilmişdir; - Z.S.Hacıyev adına 1 nömrəli Trestin 13 nömrəli Tikinti İdarəsinin 27 noyabr 1993-cü il tarixli, 27/s nömrəli əmri ilə iddiaçı işdən azad edilmişdir; - “Sumqayıtsənayemülkitikinti” Birliyinin 17 iyul 1995-ci il tarixli, 240/k nömrəli əmri ilə iş cəbhəsi açılana qədər iddiaçı ödənişsiz məzuniyyətə buraxılmışdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Cavabdehin 11 iyun 2024-cü il tarixli, 3-17-1/2-135792/2024 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən, 8 may 1977-ci il tarixdən 8 iyun 1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, 20 iyul 1976-cı il tarixdən 18 aprel 1977-ci il tarixədək, 9 avqust 1979-cu il tarixdən 3 iyul 1995-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 18 il 8 ay 22 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Fondun X1 təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının məktublarına əsasən 1 №-li Trestin 13 №-li Tikinti idarəsində iddiaçı 3 iyul 1995-ci il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olduğu üçün, 3 iyul 1995-ci il tarixdən 11 yanvar 2002-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Həmçinin bildirilir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, 1 yanvar 2006-cı il tarixdən sonra iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qoşma ilə aşağıdakı sənədlər göndərilmişdir: - cavabdehin “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 4 dekabr 2023-cü il tarixli, 3-17-1/3-1-86965/2023 nömrəli qərarından görünür ki, yaşa görə əmək pensiyasından imtina səbəbi olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Vətəndaşın təqdim etdiyi əmək kitabçasında qeyd olunan 25 iyul 1990-cı - 11 yanvar 2002-ci illəri, 17 noyabr 2023-cü il tarixli, Dövlət Arxivinin Sumqayıt Filialının yoxlama aktına əsasən 3 iyul 1995-ci il tarixədək staja daxil edilmişdir. 1995-2002-ci illər öz təsdiqini tapmadığı üçün sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Müavinət alır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 18 dekabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-1134 nömrəli arxiv çıxarışı; - cavabdehin “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 21 dekabr 2023-cü il tarixli, 3-17-1/3-1-107689/2023 nömrəli qərarından görünür ki, yaşa görə əmək pensiyasından imtina səbəbi olaraq 4 dekabr 2023-cü il tarixli qüvvədə saxlanılması göstərilmişdir; - iddiaçıya göndərilmiş 30 dekabr 2023-cü il tarixli, 3-17-1/2-M-311617/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubu;

7. Cavabdehin 4 iyul 2024-cü il tarixli, 3-17-1/2-153734/2024 nömrəli məktubundan görünür ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək mübahisələndirilməyən 18 il 8 ay 22 gün ümumi iş stajına əsasən, pensiya kapitalı pensiya yaşına çatdığı 23 sentyabr 2023-cü il tarixədək indeksləşdirilməklə 17.344,66 manat təşkil edir. Həmçinin, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən 1 yanvar 2006-cı il tarixdən sonra iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 23 sentyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - iddiaçı xx xxxxxxxx 1958-ci il tarixdə doğulmuşdur; - 1 sentyabr 1975-ci il - 20 iyul 1976-cı il tarixdə 44 saylı Peşə məktəbində təhsil almışdır; - əmək fəaliyyətinə 20 iyul 1976-cı il tarixdə başlamışdır; - 8 may 1977-ci il - 12 iyun 1979-cu il tarixlərdə hərbi xidmətdə olmuşdur; - hərbi xidmətdən sonra Sumqayıt şəhərində fəaliyyət göstərən 1 saylı Trestin 12 saylı Tikinti İdarəsində dülgər peşəsində işləməyə başlamış və sonradan köçürmə yolu ilə 13 saylı Tikinti İdarəsinə işə götürülmüşdür; - 13 saylı Tikinti İdarəsində 11 yanvar 2002-ci il tarixə kimi işləmişdir. Ümumi iş stajı 27 ildən artıqdır. İddiaçı 65 yaşı tamam olan tarixdə yaşa görə əmək pensiyası təyini üçün sənədlərini cavabdehə təqdim etmişdir. Cavabdeh 12 oktyabr 2023-cü il tarixli məktubunda bildirmişdir ki, 25 iyul 1995-ci il tarixdən 11 yanvar 2002-ci il tarixədək olan dövrdə əmək fəaliyyətinin araşdırılması zərurəti yaranmışdır. Cavabdeh 30 dekabr 2023-cü il tarixli digər bir məktubunda yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir (§4). İddiaçı cavabdehin imtinası ilə aşağıda qeyd edilənlərə əsasən razılaşmır. Belə ki, 3 iyul 1995-ci il -11 yanvar 2002-ci il tarixlərində işləmişdir. Bunu ona məxsus əmək kitabçası təsdiq edir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə vətəndaşın iş stajını təsdiq edən sənəd onun əmək kitabçası hesab edilir. Hal-hazırda qüvvədə olan ƏM-in 87.1-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. 1 yanvar 1999-cu il tarixdə qəbul edilmiş “Əmək Qanunları Məcəlləsinin” 74-cü maddəsinə görə işçinin ərizəsinə əsasən ona qısa müddətə məzuniyyət verilə bilər. Hal-hazırda qüvvədə olan ƏM-in 146-cı maddəsinə görə işçi il ərzində iki məzuniyyət müddətində öz hesabına məzuniyyətə buraxıla bilər. Beləliklə, cavabdehin imtinası tam əsassızdır.

10. İddia tələbinin maddi hüquqi əsası kimi ƏM-in 87.1, 146-cı maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33, 73-ci maddələrinə istinad olunmuşdur.

11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

13. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1958-ci il təvəllüdlü iddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün, qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu 23 sentyabr 2023-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq və azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qeyd edilir ki, iddiaçının mübahisələndirilən sığorta stajı 3 iyul 1995-ci il tarixdən 11 yanvar 2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu 6 il 6 ay 8 gün təşkil edir. Həmçinin, əvvəllər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü bəndində isə iş stajına yuxarıda qeyd edilənlərdən başqa hansı müddətlərin daxil edildiyi göstərilmişdir. Lakin həmin siyahıda ödənişsiz məzuniyyət müddəti ümumi iş stajına daxil edilməmişdir. Mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, əmək haqqı almamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Bunun hansı səbəbdən baş verməsi özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı 25 ildən az olduğu üçün, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələblərinə əsasən mümkün hesab edilməmiş və 23 sentyabr 2023-cü il tarixdən ona 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

15. Etirazın maddi hüquqi əsası kimi ƏM-in 128, 129, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanununun 1.0.2, 7, 21.1, 21.2, 22-1, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-cı maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2-1(102)-1597/2023 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

16. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbinin dəlillərinə (§ 9) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdirlər.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§14) əsaslanaraq onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

18.Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. 19.Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 21.Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 22.İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

26. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ...

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

28. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Maddə 184. Bir yaş yarıma çatmamış uşağı olan analara əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilməsi Qadına hamiləlik, doğum və uşağa qulluq etmək üçün məzuniyyətlərdən əlavə, onun ərizəsi ilə uşaq bir yaş yarıma çatanadək uşağa qulluq etmək üçün əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilir. Həmin məzuniyyətdən tamamilə və ya uşaq bir yaş yarıma çatanadək istənilən vaxt hissə-hissə istifadə edilə bilər. Qadın uşağa qulluq etmək üçün əlavə məzuniyyətdə olduğu müddətdə öz arzusuna görə tam olmayan iş vaxtı şərtilə və ya evdə işləyə bilər (5, 14).

Maddə 185. Qismən ödənilən məzuniyyət və əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddətinin iş stajına daxil edilməsi Uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bu məzuniyyət müddətləri sonrakı illik məzuniyyətlər üçün hüquq verən iş stajına daxil edilmir.

Maddə 185-1. On iki yaşına çatmamış iki və daha çox uşağı olan işləyən qadınlara verilən əlavə məzuniyyətlər On iki yaşına çatmamış iki və daha çox uşağı olan işləyən qadınlara: 1) haqqı ödənilən üç günlük əlavə məzuniyyət verilir, bu zaman nəzərə alınmalıdır ki, göstərilən əlavə məzuniyyətdən istifadə edən işçi qadınların məzuniyyətinin ümumi müddəti 28 təqvim günündən artıq olmamalıdır; 2) illik məzuniyyəti yay vaxtında və ya onlar üçün əlverişli olan başqa vaxtda birinci növbədə almaq hüququ verilir; 3) işəgötürənin razılığı ilə, istehsal şəraitinin imkan verdiyi dövrdə uşaqlara qulluq etmək üçün əmək haqqı saxlanılmadan iki həftəyədək müddətə əlavə məzuniyyət hüququ verilir.

29. ƏM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət.

Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

30. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

31. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

32. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

34. İddiaçı ümumi iş stajının 27 ildən artıq olmasına (§9) istinad edərək, 23 sentyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi ilə məhkəməyə müraciət etmişdir.

35. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmayaraq, iddiaçının ümumi sığorta stajının 25 ildən az olduğu üçün, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələblərinə əsasən mümkün olmadığını bildirmişdir.

36. Məhkəmə qeyd edir ki, xx xxxxxxxx 1958-ci il təvəllüdlü iddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün, qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu 23 sentyabr 2023-cü il tarixdə çatmışdır. Bundan əlavə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, - azı 25 il sığorta stajı olduqda.

37. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən sığorta stajı 3 iyul 1995-ci il tarixdən 11 yanvar 2002-ci il tarixədək olan dövr, yəni ödənişsiz məzuniyyətdə olduğu 6 il 6 ay 8 gün təşkil edir.

38. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən, 8 may 1977-ci il tarixdən 8 iyun 1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, 20 iyul 1976-cı il tarixdən 18 aprel 1977-ci il tarixədək, 9 avqust 1979-cu il tarixdən 3 iyul 1995-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 18 il 8 ay 22 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir.

39. Fondun X1 təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının məktublarına əsasən, 1 №-li Trestin 13 №-li Tikinti idarəsində iddiaçı 3 iyul 1995-ci il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur.

40. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, 1 yanvar 2006-cı il tarixdən sonra iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

41. Göründüyü kimi, iddiaçının 3 iyul 1995-ci il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olması iş materialında olan sənədlərlə öz təsdiqini tapır. Bununla da, onun 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 18 il 8 ay 22 gün mübahisələndirilməyən sığorta stajının mövcud olması müəyyən edilmişdir.

42. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş yuxarıda sadalanan əmək və pensiya qanunvericiliyinə görə 6 il 6 ay 8 gün ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilə bilməsi üçün əsas olmamışdır.

43. Bununla da, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan iş stajına malik deyildir.

44. Həmçinin, iddiaçının 1 yanvar 2006-cı il tarixədək mübahisələndirilməyən 18 il 8 ay 22 gün ümumi iş stajına əsasən, pensiya kapitalı pensiya yaşına çatdığı 23 sentyabr 2023-cü il tarixədək indeksləşdirilməklə 17.344,66 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, 1 yanvar 2006-cı il tarixdən sonra iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

45. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus yalnız 1984-1995-ci illərə aid əmək haqqı cədvəlləri vardır.

46. Göründüyü kimi, iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir.

47. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının cavabdehə qarşı ona 23 sentyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsinə dair tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

49. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar