Məhkəmə qərarları › İş №2-1(118)-3089/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3089/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3089/2025 24.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: ölüm haqqında akt qeydində düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “16 oktyabr 2018-ci il tarixli, 01 saylı “Ölüm haqqında akt qeydləri” kitabında X2 qeydindəki “Mursaquliyeva” soyadının “Mursaliyeva” soyadına və “Məhəmmədhüseyn” ata adının “Məmmədhüseyn” ata adına düzəliş edilməsi, bununla da X3 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı 16 oktyabr 2018-ci il tarixli, 01 saylı “Ölüm haqqında akt qeydləri” kitabında X2 qeydindəki “Mursaquliyeva” soyadının “Mursaliyeva” soyadına və “Məhəmmədhüseyn” ata adının “Məmmədhüseyn” ata adına düzəliş edilməsi, bununla da X3 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, mərhum həyat yoldaşı Mursaliyeva (Cabbarova) Rəsmiyyə Məmmədhüseyn qızı, 08 sentyabr 1966-cı ildə Siyəzən (keçmiş Dəvəçi) rayonu Dağquşçu kəndində anadan olmuşdur (əsas:Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı). Mərhumla 20 oktyabr 1984-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş və nikah bağlanandan sonra mərhum Mursaliyeva soyadını qəbul edərək, onun “Cabbarova” soyadı “Mursaliyeva” ya dəyişmişdir (əsas: İİİ-ЖГ Ka 255206 nikah bağlanması haqqında şəhadətnamə). Həyat yoldaşı X4 xx.xx.1918-ci il tarixdə vəfat etmişdir. Lakin mərhuma 7 saylı Səyyar ASAN xidmətdən verilən şəxsiyyət vəsiqəsində həyat yoldaşının (ölənin) “Mursaliyeva” soyadı yalnış olaraq “Mursaquliyeva”soyadı və “Məmmədhüseyn” ata adı isə "Məhəmmədhüseyn kimi qeyd edildiyinə görə müvafiq olaraq mərhum barəsində tərtib edilən “Ölüm haqqında şəhadətnamədə” göstərildiyi kimi soyadı və ata adı yalnış qeyd edilmişdir. Bu səbəbdən də hazırda ailə üzvləri vərəsəlik və digər əmlak hüquqlarını həyata keçirə bilmirlər. İddiaçının isə bundan əlavə pensiya təminat hüququ məhdudlaşmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş AZE 17303432 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1966-ci il tarixdə anadan olmuş, 08 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2018-ci il tarixdə ölməsi barədə xx.xx.2018-ci il tarixli, AZ-İ № 846310 saylı ölüm haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ №255206 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə nikahdan sonra X5 Mursaliyeva soyadı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/4-13-1650/2025 saylı məktubu ilə Rəsmiyyə Cabarovanın doğumu və ölümü (ölüm haqqında akt qeydində soyad "Mursaquliyeva” göstərilmişdir), Şərifəddin Mursaliyevlə nikahı, övladları Hafiz Mursaliyevin, Asif Mursaliyevin, Elşən Mursaliyevin, Vasif Mursaliyevin və Ayşən Mursaliyevanın doğumu haqqında akt qeydinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçı 16 oktyabr 2018-ci il tarixli, 01 saylı “Ölüm haqqında akt qeydləri” kitabında X2 qeydindəki “Mursaquliyeva” soyadının “Mursaliyeva” soyadına və “Məhəmmədhüseyn” ata adının “Məmmədhüseyn” ata adına düzəliş edilməsi, bununla da X3 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara əsasən:

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Doğum haqqında xx.xx.1966-cı il tarixli, 25№li akt qeydinə əsasən X8 xx.xx.1966-cı il tarixdə Dağquşçu kəndində doğulmuşdur. Nikahın bağlanması haqqında xx.xx.1984-cü il tarixli, 3№li akt qeydindən görünür ki, evlənənlər xx.xx.1961-ci il təvəllüdlü X9 və xx.xx.1966-ci il təvəllüdlü X7 evlənədən sonra X5 “Mursaliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ №255206 saylı nikah haqqında şəhadətnamədən, məhkəmə araşdırması zamanı əldə edilmiş xx.xx.1966-ci il tarixli, 25№li doğum haqqına akt qeydindən, iddiaçı və mərhumun övladları Hafiz Mursaliyevin xx.xx.1985-ci il tarixli 5№li, Vasif Mursaliyevin xx.xx.1987-ci il tarixli 3№li, Asif Mursaliyevin xx.xx.1988-ci il tarixli 3№li, Elşən Mursaliyevin xx.xx.1991-ci il tarixli 3№li, və Ayşən Mursaliyevanın xx.xx.1997-ci il tarixli 3№li doğumu haqqında akt qeydlərindən görünür ki, qeyd edilən sənədlərdə mərhumun soyadı Mursaliyeva, ata adı Məmmədhüseyn olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sənədlərdə bu cür səhvlərin olması iddiaçıya konstitusion hüquqların, əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, aparılan araşdırma iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. X1 ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin oktyabr ayının 16 gününə 01 № ilə aparılmış qeyddə soyadının “Mursaquliyeva”dan “Mursaliyeva”ya, ata adının “Məhəmmədhüseyn”dən “Məmmədhüseyn” adına düzəliş edilərək ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar