Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-309/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X8 Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün mərhum atası Müdafiə Nazirliyinin N N-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X4 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının məhrum atası X2 Nazirliyinin N N-li hərbi hissədə gizir qismində xidmət edərkən xx.xx.1996-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı ağır travma nəticəsində həlak olmuşdur. Lakin ona şəhid adı verilməmişdir. Ona şəhid adının verilməsi üçün tələb olunan arayışın iddiaçıya verilməsi üçün Müdafiə Nazirliyinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, Müdafiə Nazirliyi tərəfindən isə ona heç bir cavab verilməmişdir.Göstərilən xx.xx.2023-cü il tarixdə isə onun müraciətinə imtina cavabı verilməsini düşünür İmtinanı əsassız və qanunsuz hesab edir. Hesab edir ki, onun mərhum atasına “Şəhid” adı verilməsi üçün tələb olunan müvafiq arayış cavabdeh tərəfindən verilməlidir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasınm təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri:-Kəşfiyyat, mühafizə, radioeiektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı.İddia tələbinin faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, kiçik gizir X7 xx.xx.1996-cı il tarixdə ürək damar çatışmazlığı nəticəsində vəfat etmişdir.Kiçik gizir X7 xx.xx.1996-cı il tarixdə ürək damar çatışmazlığı nəticəsində vəfat etməsi döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır.Bu səbəbdən kiçik gizir X4 “şəhid” hesab olunmasına dair arayışın verilməsi mövcud qanunvericiliyin tələbinə zidd olduğundan iddia tələbi əsassızdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə ünvanlanmış pretenziya məktubu, xəbərnamənin surəti, cavabdehin etiraz ərizəsi, ölüm haqqında şəhadətnamənin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin surəti, SHXÇDX Ağdam rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun atası X4 1996-cı il tarixdə vəfat etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mərhum atasının hərbi rütbəsi gizir olduğu və həmin vaxt cavabdeh orqanda qulluq etdiyi üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, lakin inzibati orqan onun müraciətinə cavab verməmişdir. Cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının olduğu yer Abşeron rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının atası X7 onun ölüm haqqında şəhadətnaməsində qeyd edilənlərə əsasən 1996-cı ildə ürək damar çatışmazlığı nəticəsində vəfat etmişdir. İddiaçı atası X4 hərbi vəzifələrini icra etdiyi dövrdə aldığı xəsarətin nəticəsi olaraq öldüyünü əsas gətirərək, ona “şəhid” ailəsi statusunun verilməsinə dair arayışın Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edir. Lakin cavabdeh inzibati orqan onun müraciəti müsbət həll etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarma əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İş materiallarından müəyyən olunur ki, X7 1996-cı ildə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Göründüyü kimi, qanunvericilik aktlarında şəxsin “şəhid” hesab edilməsi biləvasitə döyüş tapşırığının icrası ilə əlaqədar həlak olmuş hərbi qulluqçulara şamil olunur. Bu səbəbdən də mərhum X4 “şəhid” hesab edilməsinə dair arayışın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün mərhum atası, Müdafiə Nazirliyinin N N-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X4 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2-1(118)-309/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-309/2025
20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver