Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3096/2024 08.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “26 iyul 2011-ci il tarixli, 07 saylı “Ölüm haqqında akt qeydi”ndə X1 qeydindəki “Ağaməmməd adının “Ağamməd” adına düzəliş edilməsi və X2 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı ““Ölüm haqqında akt qeydində” X1 qeydindəki “Ağaməmməd” adının “Ağamməd” adına düzəlişinin edilməsi və X2 ölüm akt qeydi barəsində təkrar Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsini inzibati orqan Siyəzən rayon Qeyydiyal Şöbəsinin üzərinə qoyulması”ni məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “26 iyul 2011-ci il tarixli, 07 saylı “Ölüm haqqında akt qeydi”ndə X1 qeydindəki “Ağaməmməd adının “Ağamməd” adına düzəliş edilməsi və X2 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçının mərhum atası X2 da daxil olduğu, JN-006F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ümum birgə mülkiyyətdə verilmiş torpaq sahəsi barəsində Notariat əməliyyatları aparılarkən məlum olmuşdur ki, atasının ölüm haqqında Şəhadətnaməsindəki adı ilə paylı mülkiyyət hüququ ilə ona aid “Torpağın mülkiyyətə verilməsinə dair" JN-006F nömrəli Şəhadətnamədəki adı arasında uyğunsuzluğ vardır. Belə ki, mərhum atasının adı bütün sənədlərdə “Ağamməd” kimi qevd edildiyi halda 26 iyul 2011-ci il tarixində verilmiş 449380 AZ-İ №-İi Ölüm haqqında Şəhadətnamədə adı yalnış olaraq "Ağaməmməd" kimi qeyd edilmişdir. Mərhum 1928-ci il tarixdə anadan olduğundan həmin illərə aid kökdə doğum haqqında yazlı məlumat,yəni adına yazılmış doğum haqqında şəhadətnamə olmadığına görə ona verilən şəxsiyyət vəsiqəsində mərhum atasının "Ağamməd” adı yalnış olaraq "Ağaməmməd" adı kimi qeyd edilmədiyi üçün müvafiq olaraq atasına ölümü ilə əlaqədar verilən "Ölüm haqqında şəhadətnamədə adı yanlış olaraq “Ağaməmməd” qeyd edilmişdir. İddiaçı ölüm haqqında şəhadətnamədəki yanlışlığın aradan qaldırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsasız olmaqla, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surəti; AЗ № 463530 saylı, XVİİ-ЖГ № 477024 saylı, XVİİ- ЖГ № 342828 saylı və İİ-ИE № 140305 saylı “Doğum haqqında şəhadətnamə”nin surətləri; AZ-İ № 449380 saylı, 26 iyul 2011-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surəti; 07 saylı, 26 iyul 2011-ci il tarixli “Ölüm haqqında akt qeydi”nin surəti; cavabdeh orqanın iddiaçıya ünvanladığı 19 yanvar 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı mərhum atasının barəsində tərtib edilmiş 26 iyul 2011-ci il tarixli, 07 saylı “Ölüm haqqında akt qeydi”ndə X1 qeydindəki “Ağaməmməd adının “Ağamməd” adına düzəliş edilməsi və X2 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bənlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında akt qeydində düzəliş edilməsindən imtina etsə də, həmin şəhadətnamədə ölən şəxsin adının “Ağaməmməd” kimi qeydlərin hansı sənəddəki qeydə əsasən və hansı əsasla yazılmasının səbəbini göstərməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı yazılı münasibətində də qeyd olunan məsələyə dair hər hansı bir münasibət bildirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 26 iyul 2011-ci il tarixli, 07 saylı “Ölüm haqqında akt qeydi”ndə X1 qeydindəki “Ağaməmməd adının “Ağamməd” adına düzəliş edilməsi və X2 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. 26 iyul 2011-ci il tarixli, 07 saylı “Ölüm haqqında akt qeydi”ndə X1 qeydindəki “Ağaməmməd adının “Ağamməd” adına düzəliş edilməsi və X2 ölüm akt qeydi barəsində təkrar ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva