Məhkəmə qərarları › İş №2-1(118)-3097/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3097/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3097/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “qoyulmuş həbsin götürülməsi” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: a) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən İddiaçı göndərilmiş 19 dekabr 2022-ci il tarixli, 24908 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 3(060)-238/2022 saylı qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsində başlanılmış icraat zamanı tələb könüllü müddətdə borclu tərəfindən təmin olunmamış, borcluya məxsus tələbin yönəldilə biləcək əmlak və gəlirlər aşkar edilməmiş, icra məmurunun müvafiq qərarı əsasında borclu Taleh Xəlilov barəsində Sumqayıt şəhər polis idarəsində 16 avqust 2022-ci il tarixdə axtarış işi açılmışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı tərəf olduğu hər hansı icra sənədinin icraatda olmadığı müəyyən edilmiş və müraciətdə qeyd olunan ona məxsus “Nissan” markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə icra məmuru tərəfindən həbsin (məhdudiyyətin) qoyulması haqqında qərar qəbul edilməmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin İddiaçı göndərilmiş 23 yanvar 2023-cü il tarixli, 3-13-16/2-N-90702 nömrəli məktubundan görünür ki, 24 iyul 2021-ci il tarixdə sürücü Taleh Xəlilov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələbinə riayət etməyərək “Nissan”' markalı, **-EH-*** qeydiyyat nişanlı avtomobili alkoqol qəbulu nəticəsində sərxoş vəziyyətdə Sumqayıt şəhərində idarə etdiyinə görə İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zamanı DYP əməkdaşları tərəfindən sürücü Taleh Xəlilova qarşı qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, müraciətdə göstərilən digər xüsusatlar təsdiqini tapmamışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı göndərilmiş 1 fevral 2023-cü il tarixli, 3-13-58-6/2-N-90702/2 nömrəli məktubundan görünür ki, 24 iyul 2021-ci il tarixdə müraciətdə qeyd olunan “Nissan Bluebırd” markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücü X2 idarə edən zaman Sumqayıt şəhər Polis İdarəsinin X6 şöbəsinin Yol Patrul xidmətinin inspektorları tərəfindən saxlanılmış və X2 narkotik və psixotrop maddənin təsiri altında həmin nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur. X3 Mətləb oglu barəsində İXM-in 329.3-cü və 333.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilərək qərar verilməsi üçün 29 dekabr 2021-ci il tarixdə, 319-5536- 1222 nömrəli məktubla Sumqayıt şəhər məhkəməsinə göndərilmiş və məhkəmənin 3 fevral 2022-ci il tarixli, 3(060)-238/2022 nömrəli qərarına əsasən X4 barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 400 manat məbləğində cərimə qərarı qəbul edilmişdir. X4 barəsində tərtib olunmuş inzibati protokolu inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində İXM-in 529.3-cü maddəsinə əsasən 3 may 2022ci il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunan nəqliyyat vasitəsinin üzərində olan məhdudiyyətin götürülməsi mümkün olmamışdır.

b) Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

4. Sumqayıt Şəhər Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 3(060)-238/2022 nömrəli qərarı ilə X2 İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir.

5. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 3(060)-238/2022 nömrəli icra sənədinin icraatı başlanılmışdır.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Nissan Bluebird” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin (məhdudiyyətin) götürülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nissan Bluebird” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra –“avtomobil”) iddiaçının mülkiyyətində olsa da, ona aid olmayan cəriməyə görə cavabdeh tərəfindən həbs qoyulduğundan avtomobilini texniki baxışdan keçirib idarə edə bilmədiyindən hüquqları pozulmuşdur. Belə ki, 24 iyul 2021-ci il tarixdə toy mərasimindən çıxarkən içkili vəziyyətdə olduğundan, avtomobili idarə etmək üçün ayıq sürücü olaraq, sonradan şəxsiyyəti ona məlum olan X1 (bundan sonra – “T.Xəlilov”) xidmətindən istifadə etmişdir. T.Xəlilov iddiaçıya məxsus avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik maddənin təsiri altında həmin nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur. Bu səbəbdən T.Xəlilov 400 manat məbləğində cərimə olunmuşdur. T.Xəlilovun cəriməni ödəməməsi nəticəsində əlavə cərimə faizlərinin hesablanması nəticəsində avtomobilə həbs qoyulması iddiaçıya məlum olandan sonra o aidiyyəti üzrə müraciətlər edərək, avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Müraciətlərindən sonra verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 19 dekabr 2022-ci il tarixli, 24908 №-li cavab məktubu ilə bildirilimişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-238/2022 saylı, 3 fevral 2022-ci il tarixli qərarına əsasən T.Xəlilov İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsində başlanılmış icraat zamanı tələb könüllü müddətdə borclu tərəfindən təmin olunmamış, borcluya məxsus tələbin yönəldilə biləcək əmlak və gəlirlər aşkar edilməmiş, icra məmurunun müvafiq qəran əsasında borclu T.Xəlifov barəsində cavabdeh orqana 16 avqust 2022-ci il tarixdə axtarış işi açılmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəf olduğu hər hansı icra sənədinin icraatda olmadığı müəyyən edilmiş və müraciətdə qeyd olunan ona məxsus avtomobilin üzərinə icra məmuru tərəfindən həbsin (məhdudiyyətin) qoyulması haqqında qərar qəbul edilməmişdir. Cavabdeh orqanın cavab məktubu ilə ona bildirilmişdir ki, avtomobilin üzərində olan məhdudiyyətin götürülməsi mümkün olmamışdır (§ 3).

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

9. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

10. İddiaçı məhkəmə iclasında izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

13. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

14. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:

16. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;

17. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

18. 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

19. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

20. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

21. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

22. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

23. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.

26. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir.

27. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, avtomobil iddiaçının mülkiyyətində olsa da, ona aid olmayan cəriməyə görə cavabdeh tərəfindən həbs qoyulduğundan hüquqları pozulmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-238/2022 saylı, 3 fevral 2022-ci il tarixli qərarı ilə onun barsəsində deyil, ayıq sürücü xidməti göstərən T.Xəlilov barəsində çıxarılmış, sonuncu İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Lakin buna baxmayaraq ona məxsus olan avtomobilin üzərinə həbs qoyulmuşdur.

28. İş materialına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 3(060)-238/2022 nömrəli qərarından görünür ki, T.Xəlilov İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək cərimə edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən tərtib edilmiş 17 fevral 2022ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 3(060)-238/2022 nömrəli icra sənədinin icraatı başlanılmışdır.

29. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1 fevral 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, T.Xəlilov barəsində tərtib olunmuş inzibati protokol inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində İXM-in 529.3-cü maddəsinə əsasən 3 may 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunan nəqliyyat vasitəsinin üzərində olan məhdudiyyətin götürülməsi mümkün olmamışdır (§ 3).

30. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 3(060)-238/2022 nömrəli qərarı ilə T.Xəlilov İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək cərimə edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 3(060)- 238/2022 nömrəli icra sənədinin icraatı başlanılmış, inzibati protokol inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində İXM-in 529.3-cü maddəsinə əsasən 3 may 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

31. İXM-in 6.1-ci maddəsinə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

32. Həmin Məcəllənin 6.2-ci maddəsinə inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

33. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: - (61.1.6) inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında vurğulanmışdır ki, “İnzibati icraat haqqında” AR Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

35. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar müəyyən hərəkətlərini mübahisələndirildiyindən, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır.

36. Nəzərə alınmalıdır ki, İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 6) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 8) bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 9) “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə.

37. Qeyd olunmuş qanunvericiliyin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

38. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

39. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “iddiaçıya məxsus “Nissan Bluebird” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin (məhdudiyyətin) götürülməsinin cavabdehə həvalə edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar