Məhkəmə qərarları › İş №2-1(118)-3098/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3098/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3098/2023 23.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X2 adına verilmiş JN-301A, KOD 30222048 olan 12 iyul 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə X2 adına verilmiş JN-131A, KOD 30222048 olan 12 iyul 2004-cü il tarixdə verilmiş tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsinə dair X2 hüquqlarının dövlət reyestrində aparılmış qeydiyyatının silinməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı idda tələbini dəqiqləşdirərək, “üçüncü şəxs X2 adına verilmiş JN- 301A, KOD 30222048 olan 12 iyul 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım olunmuş və onun tələbi aydınlaşdırılmışdır. Məhkəmə tərəfindən iddiaçıya izah edilmişdir ki, inzibati aktın etibarsız sayılması üçün Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş hallar inzibati işdə öz əksini tapmamışdır. Həmçinin iddiaçıya iddia tələbini dəqiqləşdirilib, “X2 adına verilmiş JN-131A, KOD 30222048 olan 12 iyul 2004-cü il tarixdə verilmiş tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini istədiyi halda da eyni cavabdehə qarşı, eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsi iddianın mümkün sayılmamasına səbəb olması izah edilmişdir. İddiaçı iddia tələbinə məhkəməyə təqdim edilmiş qaydada baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd olunmuşdur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Hazırdakı işdə iddiaçının tələbi üçüncü şəxs X2 adına verilmiş JN-301A, KOD 30222048 olan 12 iyul 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsindən ibarətir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 65-ci maddəsinə əssən Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Bundan əlavə inzibati iş materiallarında olan Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2-1(85)-413/2017 saylı qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı, X1, X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı adlarına verilmiş JN-197A saylı, 30222048 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə qismən dəyişiklik edilməklə Xaçmaz rayonu Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ölçüsünün 0.10 ha göstərilməsi, tərəflərin hasarlanmış və faktiki olaraq istifadələrində olan həmin 0.10 ha torpaq sahəsinə onların mülkiyyət hüquqlarının qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair adlarına reyestrdən çıxarış verilməsi, Mansurova Yaqutu atasının adının “Hacımurad”, Rəhilənin soyadının “Mansur” yazılması, 3-cü şəxs X2 adına verilmiş JN-301A, KOD 30222048 olan 12 iyul 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi və sonuncunun adına rəsmiləşdirilmiş 0.04 ha torpaq sahəsinin onların adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iddiası rədd edilmişdir. Həmin qərardan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 2-1(105)-291/2017 saylı, 15 dekabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2-1(85)-413/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardan iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 28 mart 2018-ci il tarixli, 2-1(102)-642/18 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 2- 1(105)-291/2017 saylı, 15 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 prel 2015-ci il tarixli 05 saylı qərarında qedy olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X2 adına verilmiş JN-301A, KOD 30222048 olan 12 iyul 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar