Məhkəmə qərarları › İş №2-1(118)-310/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-310/2020

21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-310/2020 21.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Abşeron rayon şöbəsinə qarşı “İddiaçı əmək xəsarətinə görə aylıq müavinətin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması”-na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı əmək xəsarətinə görə aylıq müavinətin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Abşeron rayon şöbəsinə müraciət etmişdir. Cavabdehin xx xxxxxxx 2019-cu il tarixli, **********5 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 28 saylı Tikinti idarəsində işləyərkən 1989-cu ildə əmək vəzifəsinin icrası zamanı xəsarət alaraq 2-ci qrup əlil olmuşdur. Bununla əlaqədar sağlamlığına vurulan zərərə görə ona 137 manat aylıq ödənc təyin edilmişdir. Sonradan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxxxxx 1998ci il tarixli 1148 saylı Sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş "Sənaye Tikinti" trestinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən aparatının, 17 və 18 saylı tikinti idarələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Səhmdar Cəmiyyət yardılarkən əvvəllər "Sənaye Tikinti" trestində, 17 və 18 saylı tikinti idarələrində çalışarkən əmək xəsarəti almış işçilərə də aylıq ödənclərin verilməsi yeni yaradılmış "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Bu hal mövcud qanunvericiliyin tələblərinə zidd olsa da əvvəllər Səhmdar Cəmiyyətin işləməsi ilə əlaqədar bu məsələ mübahisələndirilməmiş və ona (digərlərinə) aylıq ödənclər ödənilmişdir. Lakin son zamanlar Səhmdar Cəmiyyətin fəaliyyət zəifləmiş və nəhayət xeyli müddət iş yükünün olmamasına görə rəsmi qaydada fəaliyyəti dayandırılmışdır. Hazırda müəssisə fəaliyyət göstərmir və balansında heç bir daşınar və daşınmaz əmlak yoxdur. Qeyd etdiyi kimi müəssisə işləmədiyi və heç bir əmlakı olmadığı üçün aylıq ödənclər verilmir. Həmçinin son zamanlar öyrənmişdir ki, müəssisə özəlləşdirilərkən o, Dövlət Sosial Müdafiə Fondunun hesabına keçirilməliydi. Bütün bunlara görə iddiaçı aylıq müavinətin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi tərəfindən verilməsi üçün həmin şöbəyə məktubla müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin **********5 saylı xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmaması barədə bildirilmişdir. Məktubda heç bir əsas göstərilməmişdir. Aşağıda göstərilənlərə görə bu cavabı qanunsuz hesab edir: " Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixil 804 saylı- Fərmanı ilə təsdiq edilmiş Qaydalarda deyilir: Bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 2.1-ci bəndində deyilir ki, bu Qaydalar dövlət müəssisələrinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin Qaydaların 4.1-ci bəndində göstərilir ki, bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə ayiıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər. Həmin Qaydaların 4.2-ci bəndində deyilir: istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır. Həmin Qaydaların 5.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Həmin Qaydaların 5.3-cü bəndində deyilir ki, bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirilməvə açıq elan edilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi basa çatmamış dövlət müəssisələrinin 2003-cü il 27 sentyabr tarixindən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi basa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin qaydanın 5.1 -ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bununla yanaşı bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarının 1.1-ci maddəsinə uyğun olaraq işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təksirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti hesabına ödənilir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.1ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Buna görə də İddiaçı müavinətin ödənilməsi öhdəliyinin “xxxx” ASC-yə qarşı irəli sürməli idi. Məhz həmin müəssisə əmək xəsarəti almış şəxslərə müəssisələr tərəfindən ödənilən müavinətin məbləğini müəyyən etməli və ödəməlidir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da mahiyyəti baxımından əsaslı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 1ci bəndinə əsasən həmin Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu Qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsiQaydalarının 2-ci bəndinə əsasən həmin Qaydalar aşağıda göstərilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur: 2.1.1. bu Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri; 2.1.2. 2003-cü il 27 sentyabr tarixindən bu Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri; 2.1.3. bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 2ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu Qaydanın 1-ci bəndində göstərilən müəssisələrin siyahısı (2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi göstərilməklə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həmin müəssisələrin təqdim etdiyi məlumatlarda göstərilən işçilərin adlı siyahısını (bu Qayda qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının tənzimlənməsi tədbirləri barədə" 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanının icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş siyahı üzrə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərir. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi yuxarıda adı qeyd olunan Qaydalar həmin qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən həmin Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və həmin Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödənc üzrə borcların ödənilməsini nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının işlədiyi və xəsarət aldığı müəssisə özəlləşdirilmişdir və iddiaçıya əmək xəsarətinə görə aylıq müavinətin verilməsinin həmin müəssisənin öhdəliyi olduğunu müəyyən edən məkəmə qərarıda mövcuddur. Beləliklə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmadığına, inzibati orqanın öhdəliyini müəyyən edən normativ tənzimləmə mövcud olmadığna görə məhkəmə hesab edir ki iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar