Məhkəmə qərarları › İş №2-1(118)-3108/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3108/2025

26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3108/2025 26.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Quba rayon Vladimirovka Bələdiyyəsinə qarşı “onun 19 avqust 2024-cü il tarixli ərizəsinə əsasən Quba rayonu Vladimirova Bələdiyyəsinin 01 oktyabr 2024-cü il tarixli 12 saylı iclas protokulunun 03 saylı qərarından çıxarış ilə 0.006 ha torpaq sahəsinin ona satılması, çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə il bundan əvvəl Quba rayonu, Vladimirova kəndində həyətyanı torpaq sahəsi almış, fərdi yaşayış evi tikmişdir. Daha sonra həyətin içində evə yaxın yerdə qeyri-yaşayış binası tikmişdir. Bir müddət sonra bu tikintinin bələdiyyə torpağına düşdüyü barədə məlumatlandırılmış, həmin torpaq sahəsinin 0.006 ha olduğu məlum olub. Həmin torpaq sahəsini hərrac yolu ilə almaq üçün 19 avqust 2024-cü ildə Quba rayonu, Vladimirova kənd bələdiyyəsinə ərizə ilə müraciət etmiş, Quba rayonu, Vladimirova kənd bələdiyyəsində ərizəsinə baxılmış, 01 oktyabr 2024-cü il tarixli 12 saylı iclasının 03 saylı qərarı qəbul edilib. “Quba rayon Vladimirova kənd bələdiyyəsinin 01 oktyabr 2024-cü ii tarixli 12 saylı iclas protokulunun 03 saylı qərarından çıxarış”ı ilə 0.006 ha torpaq sahəsinin satılması qanuna müvafiq olması barədə qərar qəbul edilib. Quba rayonu, Vladimirova kənd bələdiyyəsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinə “Müayinə-baxış aktının hazırlanması barədə” xx.xx.2024-cü il tarixli, 63 nömrəli məktubla müraciət edib. 5 Saylı Xaçmaz Ərazi İdarəsi bələdiyyəyə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-13352/2024 nömrəli imtina məktubu ilə cavab verib. Quba rayonu, Vladimirova kənd bələdiyyəsinin ona 30 oktyabr 2024-cü il tarixli 71 nömrəli cavab məktubunda 5 Saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubuna əsasən torpaq sahəsinin satılmasına imtina edildiyini bildirib. Hesab edir ki, torpaq sahəsi ona satılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir. Lakin, iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, “Müraciətinizə cavab olaraq bildiririk ki, Quba rayonu Vladimirovka bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsi istifadənizdə olan torpaq sahəsinə bitişik 0.006 ha torpaq sahəsinin müayinə-baxış aktının hazırlanması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuşdur.Bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi elektrik xəttinin mühafizə zonasına düşdüyündən həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən müayinə-baxış aktının hazırlanması mümkün olmamışdır”. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Quba rayon Vladimirovka Bələdiyyəsinin 01 oktyabr 2024-cü il tarixli 12 saylı iclasının 03 saylı qərarının surəti, Quba rayon Vladimirovka Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu, **********97 reyestr nömrəli çıxarışın surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-13352/2024 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, İddiaçı mülkiyyətində **********97 reyestr nömrəli çıxarışa bitişik bələdiyyə mülkiyyətində olan 0.006 ha torpaq sahəsini öz adına rəsmiləşdirmək qərarına gələrək, Vladimirovka Bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mübahisəli torpaq sahəsini üzərində bələdiyyə mülkiyyətinin dövlət qeydiyyatına alınması üçün DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş və məlum olmuşdur ki, torpaq sahəsi elektrik xəttinin mühafizəsi zolağına düşür və TEKUİS-də xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyi məlum olmuşdur. Bu səbəbdən bələdiyyə müvafiq torpaq sahəsinə dair prosedur qaydalarını apara bilməmişdir. Belə olan halda bələdiyyənin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Bundan başqa o da nəzərə alınmalıdır ki, Bələdiyyə inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba rayon Vladimirovka Bələdiyyəsinə qarşı “onun 19 avqust 2024-cü il tarixli ərizəsinə əsasən Quba rayonu Vladimirova Bələdiyyəsinin 01 oktyabr 2024-cü il tarixli 12 saylı iclas protokulunun 03 saylı qərarından çıxarış ilə 0.006 ha torpaq sahəsinin ona satılması, çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar